Bu gün “Veysəloğlu” Şirkətlər Qrupunun ofisində “Gələcəyini Qur!” layihəsinin builki iştirakçıları, o cümlədən, şirkətin dəstəyi ilə təhsil təqaüdünü qazanmış 10 və 11-ci sinif şagirdlərinin iştirakı ilə önəmli görüş keçirilib.

Qurumun mətbuat xidmətinin bu barədə məlumatına əsasən araz.az xəbər verir ki, 2024 — 2025-ci tədris ilindən etibarən Şirkətlər Qrupu təhsilə dəstək ehtiyacı olan əməkdaşlarının övladlarının təhsil və inkişafına töhfə vermək məqsədi ilə, onların “Gələcəyini Qur!” layihəsində iştirakına dəstək verir. Layihə çərçivəsində abituriyentlər bir il ərzində seçdikləri ixtisas qrupları üzrə ali məktəblərə qəbul olmaq üçün əlavə dərslərdə iştirak edir, inkişafetdirici tədbirlərdən və psixoloq dəstəyindən faydalanır.

Tədbirin əsas məqsədi abituriyentləri Şirkətlər Qrupunun fəaliyyəti ilə tanış etmək, onlara universitetə hazırlıq yolunda həvəs və motivasiya vermək olub. “Veysəloğlu” Şirkətlər Qrupunun baş ofisinin tanışlığı ilə start götürən tədbirdə Qrupun İnsan Resursları direktoru Ziya Rəcəbov abituriyentlərə Qrupun fəaliyyəti və keçdiyi yolun xronologiyası haqqında məlumat verib. Ardınca Veysəloğlu Distribusiya Təlim və İnkişaf şöbəsinin müdiri Ağamməd Günəşov və “Araz” Supermarketlər şəbəkəsinin İstedadların İdarə edilməsi və inkişafı şöbəsinin müdiri Zaur Məmmədli motivasiya yönümlü təlim proqramları ilə çıxış ediblər.

Tədbirin ikinci hissəsi “Gələcəyini Qur!” layihəsinin həmtəsisçisi Bəhruz Hidayətzadənin çıxışı ilə başlayıb. O, məktəblilərə layihənin məsuliyyət, elm, yaradıcı düşüncə və digər dəyərlərindən bəhs edib. Tədbirin davamında psixoloq və pedaqoq Hüseyn Həsənov “Məsuliyyətli olmaq” və “Gələcəyini Qur!” layihəsinin məzunu, Samir Qulamzadə isə, “Hədəflərin təyin olunması” mövzusunda təqdimatlarla çıxış ediblər.

Tədbir zamanı abituriyentlər interaktiv fəaliyyətdə iştirak edərək, komandada işləmək, tənqidi düşüncə, kommunikasiya, problemlərin həll olunması kimi yumşaq bacarıqlarını inkişaf etdirmək üçün  bir daha fürsət əldə ediblər.

Tədbirin sonunda xatirə şəkli çəkilib və interaktiv fəaliyyətdə aktivlik göstərib, seçilən layihə iştirakçıları şirkət tərəfindən kiçik hədiyyələrlə təltif olunublar.

 

araz.az xəbər portalı.