MOSKVADA BAŞ TUTACAQ BU ÖNƏMLİ TƏDBİR AZƏRBAYCANIN MÜSTƏQİLLİK GÜNÜNƏ HƏSR OLUNAN MARAQLI KONSERT PROQRAMI İLƏ YEKUNLAŞACAQ
Xaricdə yaşayan soydaşlarımızın diaspor birliyinin daha bir uğurunu rəsmiləşdirmək məqsədilə, dörd ay əvvəl Rusiyanın paytaxtı Moskva şəhərində öz səs-küylü təsis konfransını keçirən Rusiya Azərbaycanlıları İttifaqı, artıq, özünün İkinci Forumunu keçirəcək. Forum oktyabr ayının 19-da Federasiyanın ən elitar beşulduzlu mehmanxanalarından birində — Kremlin iki addımlığında, Moskva çayının sahilində yerləşən “Prezident-Hotel”-in ən böyük yığıncaq zalında öz işinə başlayacaq. Moskva mənbələrimizdən araz.az xəbər portalına daxil olan məlumatda bildirilir ki, baş tutacaq bu önəmli tədbirin 200 nəfərə yaxın iştirakçısı olacaq. Onlar Federasiyanın bütün regionlarını təmsil edən, Rusiya Azərbaycanlıları İttifaqına daxil olan və RAİ-nin üzvü olmayan müxtəlif diaspor təşkilatlarının rəhbərləri, eləcə də Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin və digər yuxarı dövlət qurumlarının təmsilçiləri, həmçinin Avropa, Yaxın Şərq, Orta Asiya ölkələrinin və Rusiyanın ictimai-siyasi həyatında fəallıqları ilə seçilən, həmin dövlətlərin elmi-mədəni elitalarına daxil olmağı bacaran, müxtəlif subyektlərdə ziyalı,
aydın fikir sahibi, iş adamı, sənət və peşə sahibi, ictimai-siyasi xadim kimi yaxşı tanınan soydaşlarımızdır.
Dövlət himninin səslənməsi ilə start götürəcək iki hissəli bu tarixi tədbirdə Rusiya — Azərbaycan əməkdaşlığı və strateji tərəfdaşlıq, müasir Rusiya və dünyadakı siyası proseslərdə Azərbaycan diasporunun lobbiçiliyi məsələlərinin, dünya azərbaycanlılarının ən ağrılı Qarabağ probleminin həlli yollarının, Azərbaycan diasporunun mövcud durumunun, bu yöndən qarşıda duran vəzifə və hədəflərin müzakirə ediləcəyi təklifləri qəbul edilib və gündəliyə salınıb. Qərara alınıb ki, Forum Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunan maraqlı konsert proqramı ilə yekunlaşsın.
Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun təşkilatçılığı ilə keçiriləcək bu tədbirin, həmçinin ayrı-ayrı regionlardan və ölkələrdən olacaq dəvətlilərin bütün xərclərini də, adıçəkilən Fond öz üzərinə götürüb.
Xatırladaq ki, bu ilin aprel ayının 27-də Moskvada keçirilən Rusiya Azərbaycanlılarının Birinci Forumunun təşkilatçısı və maliyyəçisi də, Dünya Azərbaycanlıları Mədəniyyət Fondu olub. Forum çərçivəsində Rusiya Azərbaycanlıları İttifaqının təsis konfransı da baş tutub. Elə, adını yuxarıda çəkdiyimiz mehmanxanada keçirilən həmin konfransda Federasiyanın 56 regionunu təmsil edən Azərbaycan diaspor qurumlarının təmsilçiləri, eləcə də müxtəlif subyektlərdən ziyalılar, ictimai-siyasi fəallar iştirak ediblər. Dövlət himninin səslənməsi ilə start götürən bu tarixi tədbir başa çatdıqdan sonra, öz işinə başlayan Rusiya Azərbaycanlıları İttifaqının Təsis Konfransında qurumun İdarə Heyəti seçilib. Fizuli Məmmədovun, Tofiq Rzayevin, Mirkazım Seyidovun, Elşən Əliyevin, Akil Mikaylovun, Mais Cəfərovun, Aydın Mehtiyevin, Zahid Qocayevin və Əli Kazımovun namizədlikləri səsvermə yolu ilə qəbul edilib. Qərara alınıb ki, qarşıdakı 3 ay ərzində, Rusiya qanunvericiliyinə uyğun olaraq, hazırlıq işləri keçirilsin, Nizamnamə hazırlansın və qurultayın vaxtı təyin olunsun. Bundan başqa Nizamnamənin bəndlərinin təsisçi təşkilatların hüquqşünasları tərəfdindən onlayn qaydada müzakirə ediləcəyi təklifi də qəbul edilib.
Bundan sonra, Rusiya Azərbaycanlıları İtifaqının prezidentliyinə namizədlər irəli sürülüb. Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun rəhbəri Füzuli Məmmədovun namizədliyi yekdilliklə qəbul edilib və o, səsvermə yolu ilə, Rusiya Azərbaycanlıları İttifaqının da prezidenti seçilib.
Tədbir iştirakçılarına yüksək etimada görə minnətdarlığını çatdıran Füzuli Məmmədov öz çıxışında bildirib ki, Forum Azərbaycan diasporunun güclənməsi, daha təkmil və koordinasion formada fəaliyyət göstərməsi üçün önəmli addımdır. Ayrı-ayrı həmvətənlərimizin az qala öz şəxsi obyektlərinə çevirdiyi diaspor təşkilatlarımızı da birliyə, Rusiyanın ictimai-siyasi həyatında daha fəal olmağa, ölkədə tolerantlıq və yüksək mədəniyyət sahibi olan soydaşlarımızın maraqlarını daha güclü şəkildə qorumağa çağıran natiq onu da deyib ki, bundan sonra, Rusiyadakı Azərbaycan diasporunun birliyi, daha effektiv fəaliyyət göstərməsi ilə bağlı müzakirələr aparılacaq, önəmli qərarlar qəbul ediləcək: “Atacağımız addımlar Azərbaycan diasporunun daha effektiv fəaliyyətini təmin etmək və dövlətimizin diaspor siyasətinə dəstək verməkdir.
Məhz buna görə də, Rusiyada fəaliyyət göstərən bütün diaspor təşkilatlarını Rusiya Azərbaycanlıları İttifaqının ətrafında sıx birləşməyə çağırıram. Bir daha nəzərinizə çatdırıram ki, bu addım dövlətçiliyimizə, Azərbaycanın gələcəyinə, birliyinə, bütövlüyünə və daha da güclənməsinə xidmət edir. Bilirsiniz ki, Rusiyada Azərbaycan diasporunun daxilində olan arzuolunmaz hallara, birliyimizə, milli mənafelərimizə zərbə vuran intriqalara, lazımsız söz-söhbətlərə birdəfəlik son qoyulması vacib şərtdir. Bunun üçün, bir ideya ətrafında birləşməyimiz olduqca önəmlidir və həlledici əhəmiyyət daşıyır. Bu baxımdan, Rusiya Azərbaycanlıları İttifaqı önəmli platformadır. Rusiyada fəaliyyət göstərən hər bir diaspor təşkilatına səslənirəm ki, vahid ideya ətrafında birləşək. Əgər bir olsaq, daha böyük işlər görə bilər, dövlətimizə və Rusiya-Azərbaycan münasibətlərinə daha ciddi töhfələr verə bilərik”
Əli HÜSEYN,
araz.az saytının xüsusi müxbiri.
araz.az xəbər portalı.