Xəbər verdiyimiz kimi, Rusiya ötən həftə Ukraynaya qarşı ağır ballistik raketlərdən istifadə etməyə başlayıb. Bununla da ABŞ Moskvanın xaricdən əsas gəlirini təşkil edən “Qazprom” təbii qaz şirkətinə məxsus “Qazprombank”ı sanksiya siyahısına salıb.
araz.az xəbər verir ki, iqtisadi ekspertlərin fikrincə, ABŞ Maliyyə Nazirliyinin bu addımı “Oreşnik” raketindən daha “dağıdıcı” təsirə malik olacaq. Bankın istifadə edilə bilməz hala gəlməsi ilə Türkiyə, Macarıstan, Yunanıstan, Slovakiya, Serbiya, Bolqarıstan, İtaliya və Avstriya Rusiyadan ixrac etdiyi təbii qazın ödənişini həyata keçirə bilməyəcək. Kreml alternativ ödəniş üsullarını araşdırmağa başlasa da, böhranın ən ciddi şəkildə yanvar ayında hiss olunacağı təxmin edilir.
ABŞ reaksiya vermir
Sanksiya qərarı Türkiyənin xarici işlər naziri Hakan Fidanın ötən həftə parlamentdə büdcə müzakirələri zamanı etdiyi çıxışda da gündəmə gətirilib. Nazir Türkiyənin qaz idxalının 40 faizinin “Qazprom” vasitəsilə həyata keçirildiyini vurğulayaraq, bu vəziyyətin “ABŞ-ın vecinə olmadığını” bildirib. Fidan Türkiyənin bütün maliyyə infrastrukturunu Qərbə, müdafiəsini isə NATO-ya bağladığına diqqət çəkib.
“Union Pay” bağlandı
Vaşinqton administrasiyası eyni bankın bütün dünyaya yayılmış 6 müəssisəsini də sanksiyalara əlavə edib. Bununla da Çin, İtaliya, Türkiyə, Macarıstan, Misir, Almaniya, İngiltərə, İndoneziya, Yunanıstan, Argentina, Meksika, Tayland və Uruqvayda “Union Pay” kartı ilə əməliyyatlar qeyri-mümkün olub. Hazırda Türkiyə də daxil olmaqla xaricdəki yüz minlərlə Rusiya vətəndaşı hesablarından pul çıxara bilmir.
araz.az xəbər portalı.