Milli Məclisin deputatı Fatma Yıldırım parlamentin dünən keçirilən plenar iclasında maraqlı çıxışı olub. Millət vəkilinin həmin çıxışını araz.az da öz oxucularına təqdim edir:
Hörmətli həmkarlar!
Ölkəmiz Möhtərəm Cənab Prezidentimiz İlham Əliyevin müdrik rəhbərliyi ilə uğurla inkişaf edir. Tarixi Zəfərimizdən sonra Azərbaycanın həyatında yeni mərhələ başlayıb, ölkəmizin inkişafı daha böyük vüsət alıb, beynəlxalq müstəvidə rolu əhəmiyyətli dərəcədə güclənib. Bugünlərdə Azərbaycanın dünyanın ən böyük tədbirinə – COP29-a uğurla evsahibliyi etməsi də bu reallığı təsdiqləyir.

Eyni zamanda, həyata keçirilən yeni regional layihələrin, beynəlxalq nəqliyyat koridorlarının, Orta və Şimal-Cənub dəhlizlərinin əsas nöqtəsi Azərbaycan hesab olunur. Ölkəmiz Avropanın enerji təhlükəsizliyində öz rolunu artırır, etibarlı tərəfdaş kimi üzərinə düşən məsuliyyəti layiqincə yerinə yetirir. Hazırda dünyada gərginliklər davam edir, bir çox ölkələrin inkişafı zəifləyir, büdcələrində problem nəzərə çarpır. Dünyada baş verən bu mənfi hallara baxmayaraq, Azərbaycan inkişaf yolunda inamla irəli gedir.

Hörmətli həmkarlar!

2025-ci ilin dövlət büdcəsi olduqca tarixi bir sənəd də hesab oluna bilər. Yeni büdcə layihəsinin xərcləri 41 milyard manat proqnozlaşdırılıb və bu müstəqillik dövrümüzün ən böyük büdcə zərfidir.
Büdcəmizi Zəfər büdcəsi də adlandırmaq olar. Çünki büdcədə ən vacib hədəflərimizdən biri olan müdafiə məsələlərinə və azad edilmiş ərazilərimizin yenidən qurulmasına xüsusi yer verilib və hər iki sahəyə əhəmiyyətli dərəcədə vəsait ayrılması nəzərdə tutulub. Büdcədə ölkəmizin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsinə əlavə təminatın yaradılması Azərbaycan Ordusunun hərbi gücünü daha da möhkəmləndirəcək.

Eləcə də, Böyük Qayıdışın sürətli icrası növbəti ildə büdcəmizin imkanları hesabına təmin ediləcək. Qarabağa və Şərqi Zəngəzura öz doğma yurdlarına köçən insanların sayı bir qədər də artacaq. Digər tərəfdən, Dövlətimizin başçısının xüsusi diqqətində olan ən mühüm məsələ vətəndaşlarımızın sosial rifahıdır. Gələn il büdcədə bununla bağlı böyük vəsait nəzərdə tutulub və 2025-ci ildə xalqımızın sosial rifahının daha da yüksəlməsi üçün əhəmiyyətli addımlar atılacaq.

Hörmətli həmkarlar!

Ötən illər ərzində regionların sosial-iqtisadi inkişafı istiqamətində də mühüm işlər görülüb. Dövlətimizin başçısının rəhbərliyi ilə bu inkişaf təmsil etdiyim Bərdə rayonunda da özünü göstərir. deyə bilərəm ki, 99 saylı Bərdə Seçki Dairəsinə daxil olan Bərdə şəhərində və 57 kənddə yüksək müasir standartlara cavab verən internet şəbəkəsi qurulub. Bu işlərin həyata keçirilməsində göstərdiyi diqqətə, çevikliyə görə Rəqəmsal inkişaf və nəqliyyat naziri cənab Rəşad Nəbiyevə öz adımdan və seçicilərim adından təşəkkür edirəm.
Lakin bununla belə, rayonda bir sıra sahələrdə həllini gözləyən problemlər də var ki, fürsətdən istifadə edərək onları hökumət üzvlərinin diqqətinə çatdırmaq istəyirəm.

Görülən işlərlə bərabər təmsil etdiyim 99 saylı Bərdə Seçki Dairəsinə daxil olan bir sıra ərazilərdə içməli və suvarma suyu ilə bağlı problemlər hələ də yaşanmaqdadır. Belə ki, Bərdə rayonunun Alaçadırlı, İkinci Nazırlı, Mirzalıbəyli, Vəliuşaqlı, Həsənqaya, Güloğlular, Samux, Cicimli kəndlərinin içməli və suvarma su təminatının yaxşılaşdırılması seçicilərim tərəfindən ən çox müraciət edilən məsələlərdən biridir.
Parlament seçkiləri öncəsi seçicilərimlə görüşlər zamanı ən çox qaldırılan məsələlərdən biri elektrik enerjisi infrastrukturunun yenidən qurulması ilə bağlıdır. XXI əsrdə rayonumuzda bu problem çox ciddi şəkildə özünü göstərməkdədir. Vətəndaşlar transformatorların və elektrik dirəklərinin qəzalı vəziyyətdə olmasından, elektrik naqillərinin istismar vaxtının çoxdan qurtardığından, eyni zamanda üstü açıq, qəzalı transformatorların əksər hissəsinin mühafizə səddinin olmadığından, hava şəraitindən asılı olmayaraq hər gün demək olar ki, 1-2 saat elektrik kəsintisi baş verməsindən şikayətlənirlər. 99 saylı Bərdə Seçki Dairəsinə daxil olan 58 yaşayış məntəqəsindən cəmi 15 yaşayış məntəqəsində kabelləşmə aparılıb ki, bu da 25 faiz göstəricidir. Xahiş edirəm aidiyyatı qurumdan, növbəti ildə bu istiqamətdə işlərin sürətləndirilməsini təmin etsinlər.
Seçicilərim tərəfindən qaldırılan digər məsələ isə təhsil müəssələrinin yenidən qurulması ilə əlaqədardır. Yeni Daşkənd, Saatlı, Yeni Əyricə kənd tam orta məktəblərinin yenidən qurulmasına ehtiyac var, qəzalı vəziyyətdədirlər. Bu məktəblərdə Elm və Təhsil Nazirliyi tərəfindən monitorinq aparılıb və qəzalı olması təsdiqlənib.

Seçicilərimlə görüşlərdə qaldırılan bir digər məsələ isə yol infrastrukturunun yaxşılaşdırılması ilə bağlıdır. Qeyd etmək istəyirəm ki, bu sahədə xeyli işlər görülmüşdür. Bununla yanaşı bir sıra həllini gözləyən məsələlər də var. Bərdə şəhərinin bir sıra daxili küçələrinin, rayonun Qarabağ qəsəbəsinin, Həsənqaya, Cumalar, Hacıəhmədli, Türkmən, Qayalı, Çəmənli, Birinci Qazaxlar kəndlərinin sakinləri tərəfindən yol infrastrukturunun yaxşılaşdırılması ilə bağlı müraciətlər bizə daxil olmuşdur. Hökümətdən növbəti ilin büdcəsində seçicilərimin qaldırdıqları bu vacib problemlərin həllinin nəzərə alınmasını xahiş edirəm.

Ümumilikdə, hesab edirəm ki, ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi, maliyyə siyasəti dövlət büdcəsi xərclərinin maliyyə təminatına əsaslı imkanlar yaradır. Eyni zamanda Hesablama Palatasının gələn ilin dövlət büdcəsi ilə bağlı rəyini və müvafiq təkliflərini də müsbət qiymətləndirirəm. 2025-ci ilin dövlət büdcəsinin müttərəqqi olduğunu qeyd etmək istəyirəm, sənədin hazırlanmasında əməyi keçən hər kəsə təşəkkür edirəm. Mən qanun layihəsinin lehinə səs verəcəm və həmkarlarımı da səs verməyə çağırıram.

Diqqətinizə görə təşəkkür edirəm!

 

araz.az xəbər portalı.