İsrail “Hizbullah”la atəşkəs razılaşmasını təsdiqləyib. Razılaşmaya görə, İsrail ordusu Livan ərazisindən 60 gün müddətində çıxmalı, sərhəddəki 33 posta təxminən 5000 əsgər yerləşdirilməlidir. Bundan başqa, “Hizbullah” da Cənubi Livanı tərk etməli, buradakı hərbi infrastrukturu dağıdılmalıdır. Atəşkəsin pozulacağı təqdirdə İsrailin buna cavab vermək hüququ da tanınıb. Atəşkəs razılaşması bu gün qüvvəyə minib.
İsrailin “Hizbullah”la atəşkəs razılaşmasının nisbi olduğu və gec-tez pozulacağı bəllidir. Məsələ ondadır ki, bu müqavilə İsrailin maraqlarına uyğun deyil. Çünki Baş nazir Benyamin Netanyahu öz xoşu ilə heç vaxt belə bir saziş imzalamaz. İsrailin əsas hədəfi ölkənin ətrafında təhlükəsizlik çənbəri yaratmaqdır. Bunun üçün isə İran dəstəkli HƏMAS və “Hizbullah” birdəfəlik məğlub edilməlidir. Lakin bu razılaşma İsraili hədəfindən uzaqlaşdırır.
Digər məqam isə razılaşmanın ABŞ və Fransanın vasitəçiliyi ilə əldə olunmasıdır. ABŞ Prezidenti Co Bayden bir müddətdir ki, Netanyahuya ciddi təzyiq göstərirdi. Fransa da öz növbəsində Avropada anti-İsrail mövqeyi ilə seçilir. Görünür, Netanyahu Baydenin təzyiqlərinə tab gətirə bilməyib. Lakin Baydenin cəmi iki ay vaxtı var. Yəni iki ay sonra Tramp hakimiyyətə gələcək. Mümkündür ki, onun Ağ Evə gəlişindən sonra proseslər yenidən qızışsın.
Sazişdə atəşkəsin pozulacağı təqdirdə İsrailin buna cavab vermək hüququnun yer alması təsadüfi deyil. İsrail ordusu iki ay, ya da bir qədər çox vaxt ərzində yenidən toparlanaraq “Hizbulah”a qarşı daha effektiv əməliyyat keçirə bilər.
İsrail İranla birbaşa toqquşmadan əvvəl onun proksilərini sıradan çıxarmaqda qərarlıdır. Bu məqsədlə İraqdakı qruplaşmaların, hətta husilərin vurulması istisna deyil. İsrail İran proksilərini sıradan çıxara bilsə, bu, İran üçün həyəcan təbilinin çalması deməkdir.
Turan RZAYEV, politoloq, globalinfo.az-ın siyasət yazarı.
araz.az xəbər portalı.