Azərbaycanın tanınmış müğənnisi Üzeyir Mehdizadə Rusiyadakı Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Yedinstvo” (“Birlik”) Regionlararası Konqreslər Assosiasiyasının təşkilatçılığı ilə, bu gün, Novosibirsk şəhərində keçirilən “Bilik — Gücdür” adlı tədbirə dəvətli olub. Novosibirsk vilayətinin Dəmiryolu İdarəsinin mədəniyyət sarayının böyük konsert zalında keçirilən bu tədbirin ikinci hissəsində klassik mahnılar ifaçısının baş tutan qala-konserti möhtəşəm alınıb. Klassik musiqi alətlərinin çoxluq təşkil etdiyi ansamblın müşayiəti ilə çıxış edən müğənni adıçəkilən tədbirə həsr olunan qala-konsertində populyar mahnılarını səsləndirib.
Qeyd edək ki, “Yedinstvo”nun təşkil etdiyi bu tədbir Rusiyada hər il təmtəraqla keçirilən 1 sentyabr — Bilik gününə həsr olunub. Diaspor qurumunun bu şəhəri seçməsi də təsadüfi deyil. Çünki Novosibirsk Federasiyanın nəhəng Sibir regionunun elmi paytaxtı hesab olunur və bu sahədə nailiyyətlər qazanılmasında vilayətin elmi müəssisələrinin xidmətləri danılmazdır.
Bu möhtəşəm tədbirin birinci hissəsi də, elə, “Elm –Gücdür” mövzusu üzərində qurulub. Tədbirə dəvətli yerli tanınmış soydaşlarımızın, rəsmi şəxslərin, eləcə də Rusiyanın ayrı-ayrı regionlarından olan diaspor rəhbərlərinin, ictimai-siyasi xadimlərin, alim və ziyalıların, Azərbaycanlı qonaqların elmi yüksəlişə gedən çətin yol haqqında maraqlı nitqləri ətrafında müzakirələr böyük marağa səbəb olub. Tədbir iştirakçıları birinci sinfə gedəcək uşaqları da xüsusi tərzdə salamlayıb, onlara təhsildə uğurlar arzulayıblar. Qeyd edilib ki, elmi yüksəliş zirvəsinə gedən çətin yol orta ümumtəhsil məktəblərinin ilk sinfindən başlayır. Məhz buna görə də, elm dahilərinin gələcək davamçıları olan bu uşaqlar daim diqqət mərkəzində saxlanılmalıdır.
Tədbir çərçivəsində, Bilik günü münasibətilə Rusiyanın müəllim, şagird və tələbələrinə Azərbaycandan ünvanlanan salamlar da çatdırılıb, onlara təhsildə uğurlar arzulanıb.
Malik MİRZƏ,
araz.az saytının xüsusi müxbiri.
araz.az xəbər portalı.