Sumqayıt-70

sahib-5-768x464.jpg

ƏFQANISTAN ODLARINDAN KEÇMİŞ SUMQAYITLI PROFESSOR

Sahib Fərzəliyev: “Aldığım dərslər mənə həyatda mətin, cəsarətli, mərd və sədaqətli olmağı öyrətdi.”

Eyni şəhərdə – Sumqayıtda yaşayaraq 20 ildən çox tanışlığımız olsa da, Sahib müəllimlə daha yaxın münasibətimizin tarixçəsi cəmi bir-neçə ildir. Bizi Sumqayıt “Dostlar klubu” və bu klubun üzvü olan çox dəyərli ziyalılar birləşdirir. Biz tez-tez görüşür, müxtəlif müzakirələr aparır, bir çox həyati, bəşəri məsələlərlə bağlı mülahizələrimizi bölüşürük.  Bütün söhbətlərimizdə, müzakirələrdə Sahib müəllim öz təfəkkürünə, düşüncə tərzinə, dostlarla səmimi münasibət qurmaq bacarığına görə seçilir. Onun söhbətləri, həyata baxışı, müxtəlif məsələlərlə, müəyyən problemlərlə bağlı orijinal fikirləri həmişə maraq doğurur. Bu, bəlkə də bir də ondan irəli gəlir ki, Sahib Fərzəliyev universitet müəllimi, professordur. Hər gün Memarlıq və İnşaat Universitetinin tələbələri qarşısında mühazirə oxuyub, dərs dediyinə və həmişə onları maraqlandıra bilən hər bir sualın cavabına hazır olduğuna görə bizimlə söhbətlərində də pedaqoq təfəkkürü ilə danışır, bizi qeyri-ixtiyari özünün məntiqi fikirlərinə yönəldir. Sahib müəllim bir yol yoldaşı kimi də çox maraqlı, olduqca sadə, səmimi adamdır. Onun yol boyu söylədiyi müdrik kəlamları, maraqlı lətifələri, söhbətlərini, bir qarabağlı kimi hərdən avazla oxuduğu Azərbaycan xalq mahnılarını böyük həvəslə dinləyirik.

sahib-554-728x440.jpgXeyli vaxt idi ki dostum Sahib müəllimi oxuculara daha yaxından tanıtmaq istəyirdim, amma macal tapa bilmirdik. Nəhayət, biz bu imkanı əldə edə bildik.

Çox maraqlı həyat tarixçəsi olan ziyalımız, professor Sahib Fərzəliyevlə oxucuları da tanış etmək istəyirəm.

***

Həyatının mühüm anları:  Sahib Abduləli  oğlu Fərzəliyev 1960-cı il may ayının 23-də Cəbrayıl rayonunun Minbaşılı kəndində anadan olub. 1977-ci ildə elə həmin kənddə orta məktəbi əla qiymətlərlə başa vuraraq, Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna qəbul olunub və oranı “sənaye və mülki tikinti” ixtisası üzrə bitirib.  Əmək fəaliyyətinə  Sumqayıtdakı 3 №-li Evtikmə Kombinatında başlayıb. 1983-1987-ci illərdə həmin kombinatın 103 №-li tikinti idarəsində mühəndis, böyük mühəndis və şöbə müdiri vəzifələrində çalışıb. 1987-ci ildə İnşaat Mühəndisləri İnstitutunun Elmi-Tədqiqat sektoruna baş elmi işçi – bölmə rəhbəri vəzifəsinə keçib. 1988-1992-ci illərdə Moskva şəhərində Ümumittifaq Elmi-Tədqiqat İnstitutunda dissertant olub, namizədlik dissertasiyası müdafiə edərək, alimlik dərəcəsi alıb. 1987-1990-cı illərdə  Azərbaycan İnşaat Mühəndisləri Universitetinin  “Dəmir-beton konstruksiyaları” kafedrasında saat hesabı müəllim, 1990-2011-cı illərdə “Tikintinin təşkili və idarə olunması” kafedrasında assistent, baş müəllim, dosent vəzifələrində  çalışıb. 2011-ci ildən “Tikinti istehsalatının texnologiyası, təşkili və idarə olunması” kafedrasının müdiri vəzifəsində işləyir. İnşaat fakültəsinin və Universitetin Elmi Şuralarının üzvü, Elmi Şura yanında  Elm və təhsil üzrə komissiyanın sədridir.

Sahib müəllim elmi-pedaqoji fəaliyyəti dövründə 150-ə yaxın elmi məqalənin, 17 tədris proqramının, 5 metodiki və 7 dərsliyin və dərs vəsaitinin müəllifidir. Həmçinin respublikamızın bir sıra aparıcı  layihə institutları ilə əməkdaşlıq edir. Respublikamızda aparılan iri miqyaslı tikinti işlərinin layihələndirilməsində, respublikamızın ictimai-siyasi həyatında fəal iştirak edir. O, 1990-cı ildə Bakı şəhər Sovetinin deputatı olub. 1998-ci ildə “Potensial” Sumqayıt Mütəxəssislər Birliyini təsis edib və indiyədək həmin Birliyin sədridir. “Potensial” 21 ildir  ki xeyirxah, humanist bir fəaliyyətlə məşğuldur. Ötən  dövrdə yerli və beynəlxalq təşkilatların – Böyük Britaniyanın “OXFAM”, ABŞ səfirliyinin Demokratiya Komissiyası, Avrasiya Fondu, Norveç  qaçqınlar şurası, BMT QAK, Norveç səfirliyi, ABŞ-ın World Vision, Conterpart, USAİD, ACİ Budapest, AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası və s.-in dəstəyi ilə həyata keçirilən 35-dən çox layihənin rəhbəri olub.

Sahib müəllim uzun illər elmi-pedaqoji sahədə səmərəli fəaliyyət göstərdiyinə görə 2016-cı ildə Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Qabaqçıl təhsil işçisi” döş nişanı ilə təltif olunub. O, bir-çox orden-medallara layiq görülüb, dövlət təltifləri var, “Avrasiya” Memarlar Evinin qızıl medal mükafatçısıdır. Sahib müəllim həm də Əfqanıstan müharibəsi veteranıdır, müxtəlif respublika və şəhər tədbirlərində onun sinəsini əmək orden-medalları ilə yanaşı döyüş medalları da bəzəyir.

Sahib Fərzəliyev Yeni Azərbaycan Partiyasının  üzvüdür. Ailəlilidir. 2 oğlu, 4 nəvəsi var.

***

– Sahib müəllim, maşallah, zəngin tərcümeyi-halınız var. Məlum olduğu kimi, elmi-pedaqoji fəaliyyətinizlə yanaşı respublikamızda aparılan iri miqyaslı tikinti işlərinin layihələndirilməsində də yaxından iştirak edirsiniz. Onlardan bir necəsinin adını çəkə bilərsinizmi?

– İlk öncə istərdim bu tikinti layihələri anlayışına bir balaca aydınlıq gətirim. “Tikinti layihələri” dedikdə çoxları yalnız layihə müəllifi kimi memarları və konstruktiv həllər verən konstruktorları düşünürlər. Ancaq onu deyim ki, layihələndirmə tikinti prosesinin yalnız 10-15 %-ni təşkil edir. Qalan 85-90 % -i onun tikinti istehsalatına aiddir. Mən tikiləcək obyektin “Tikintisinin təşkili layihəsi”ni işləyirəm. Bu layihə çərçivəsində tikinti üçün lazım olan resursların (material, işçi qüvvəsi, maşın-mexanizm,vəsait və s.) müəyən edilməsi və onlar arasındakı qarşılıqlı əlaqələri həll edirəm. O ki qaldı sualın ikinci hissəsinə, mən bu dövrdə yüzlərlə iri tikinti layihələrinin işlənməsində iştirak etmişəm. Onların sırasında hər gün yanından ötüb keçdiyimiz Bakı Beynəlxalq Avtovağzalı, paytaxtın Heydər Əliyev prospekti-102 ünvanında ucaldılan 32 mərtəbəli Biznes mərkəzi, Dövlət Neft Şirkətinin (SOCAR) 43 mərtəbəli yeni inzibati binası, Heydər Əliyev prospektində respublikamızın ən hündür binasi (249 m) olan  52 mərtəbəli “Baku Tower” inzibati binası və s. qeyd edə bilərəm.

sahib-1024x619.jpg– Elmi- pedaqoji fəailiyyət ağır bir işdir. Bəs, bunlarla yanaşı bu layihə işlərinə necə vaxt ayırırsınız?

– Onu deyim ki, əgər istənilən elm adamı öz işlərini istehsalatda tətbiq etmirsə, onun işi mənasız bir fəaliyyət olur. Bu baxımdan layihə işləri mənim üçün çox maraqlıdır. Həm də, gizli deyil ki, əsas qazancımız məhz həmin işlərdəndir. Bəzən bir layihədən bir illik elmi-pedaqoji fəaliyyətə görə aldığımdan çox vəsait qazana bilirəm. Belə olan halda niyə də bu işlərə vaxt ayırmamalıyıq?  Həm də qeyd etdiyim kimi, bir sıra layihə institutları ilə əməkdaşlıq edirəm. Onların sırasında AzMİU-nun Layihə İnstitutu mənim üçün daha önəmlidir.  Mən həm də ekspert kimi fəaliyyət göstərirəm. Bu da pullu bir xidmətdir. Respublikamızın tikinti istehsalatında çoxlu problemlər və mübahisəli məsələlər mövcuddur. Belə işlərdə professional mütəxəssislərə ehtiyac olur.

– Çox yaxşı, Sahib müəllim. Bəs Siz ali təhsil ocağının kafedra müdiri, professoru kimi respublikamızın elm və  təhsil sahəsindəki vəziyyəti barədə nə deyə bilərsiniz?

– Bu, çox geniş bir mövzunun sualıdır. Ancaq fikrimi qısaca bildirə bilərəm. Sovet İttifaqı dağılandan sonra bu sahədə də baş verən dəyişikliklər və onlardan doğan problemlər hələ də özünü göstərir. Məlumdur ki, təhsil hər bir xalqın inkişaf göstəricisidir. Müasir dünya ölkələri, o cümlədən bütün inkişaf etmiş ölkələr təhsili strateji, üstün sahə elan edir və ölkələrinin gələcək inkişafının təhsil sisteminin səviyyəsindən asılı olduğunu gizlətmirlər. Keyfiyyətli təhsil ölkələrin uğurlu və dinamik iqtisadi yüksəlişi, insan kapitalının məqsədyönlü istifadəsi, inkişafı deməkdir. Nə qədər çətin olsa da, biz təhsilimizi hökmən inkişaf etdirməliyik. Bu, bizim yeganə irəliləyiş, çıxış yolumuzdur. Düzünü deyim ki, orta təhsil sistemi ilə bağlı son zamanlar aparılan islahatlar məni sevindirir. Çünki indiyədək orta məktəblərdə çoxlu problemlərimiz  mövcud olub. Ali təhsil üçün baza orta təhsil müəssisələridir. Onun səviyyəsi nə qədər yüksək olsa, o zaman ali təhsilin  də keyfiyyəti artar. Əlbəttə, ali təhsil müəssisələrinin də öz problemləri mövcuddur. Keçid dövrü üçün bu problemlər qaçılmazdır, labuddur.  Dövlətimiz təhsil sistemində çoxlu təqdirəlayiq işlər görür. Bunları danmaq olmaz. Bu baxımdan son illərdə qəbul edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının, Təhsilin inkişafı üzrə Dövlət Strategiyasının, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın və s. önəmli qərarların adını çəkə bilərəm. Təkcə bunu demək kifayətdir ki, sonuncu Dövlət Proqramında Azərbaycan təhsilinin dünya və Avropa təhsil məkanına inteqrasiyası üçün ikili diplom proqramlarının həyata keçirilməsi, xaricdə doktorantura səviyyəsi üzrə təhsilin təşkili, tədris proqramlarının beynəlxalq standarlara uyğunlaşdırılması, əcnəbi tələbə və professor-müəllim heyətininin ölkəmizdə tədrisə cəlb etməsi və s. kimi məsələlər nəzərdə tutulmuşdur. Bu fakt da çox ürək açandır ki, bu ildən etibarən dövlət sifarişli tələbə yerlərinin sayı 12 mindən 20 minə qaldırıldı. Bu isə o deməkdir ki, 66,1 % imkansız ailələrin uşaqları ali təhsil almaq imkanı əldə edəcəkdir.

Amma elm sahəsində işlər heç də ürəkaçan deyil. Belə ki, elmin yaşlı nəslinin nümayəndələri artıq qocalıblar, yeni nəsil isə hələ tam yaranmayıb. Bu, əlbəttə, yaxşı hal deyil. Bu, həm təhsilimizə, həm də elmi potensialımıza öz mənfi təsirini göstərir. Ancaq bununla belə dövlətin qəbul etdiyi son Proqram göstərir ki, dövlət bu sahədə də öz dəstəyini əsirgəmir. Məhz buna görə də biz gənclərimizi xarici ölkələrə göndərib, onların elmi potensialını gücləndirməliyik və ölkəmizdə yeni bir elmi nəslin yetişməsinə hamılıqla dəstək verməliyik.

Sahib müəllim, bilirəm ki, Szi tam iki il Əfqanıstanda hərbi xidmətdə olmusunuz. Müharibə veteranısınız, dəfələrlə odunalovun içindən keçmisiniz. O illəri necə xatırlayırsınız?

– Açiğı, hec xatırlamaq istəmirəm. Həyatımın ən ağır illəri olub o illər. Nə bilim, bəlkə də bu, alın yazım olub. Sizə deyim ki, Əfqanıstan müharibəsi ilə bağlı Sovet dövründə danışmaq bizə yasaq idi. Demək olar ki, biz o dövrün siyasətinin qurbanları olmuşuq. Ancaq indi də danışmasaq, bəs nə vaxt danışarıq? Hə… belə, Ağalar müəllim… Düz 40 il əvvəl Sovet ordusu Əfqanıstana daxil olmuşdu. Tarixən qeyri-sabit olan həmin regiona qoşunların yeridilməsinə o illərdə olduğu kimi, indi də müxtəlif səbəblər gətirilir. Sovet ordusunun oradakı fəaliyyəti beynəlmiləl borc, dostluq köməyi, Aprel inqilabını qorumaq, eyni zamanda silahlı müdaxilə, işğal və s.  kimi qiymətləndirilir. Sovet ordusu Əfqanıstanda olduğu illərdə 620 minə yaxın (Azərbaycandan – 10.000 nəfərə qədər) zabit, gizir, çavuş və əsgər 416 iri miqyaslı əməliyyatlara cəlb edilmişdi. Ordunun 547 min nəfəri döyüş əməliyyatlarında bilavasitə iştirak etmişdir. Sovet ordusunun Əfqanıstan döyüşlərində itkiləri 14 453 (Azərbaycandan – 208) nəfər olub, 417 nəfər əsir və itkin düşüb (Azərbaycandan – 7 nəfər), onlardan 119 nəfəri sonradan əsirlikdən azad olunublar. 86 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb (25 nəfər ölümündən sonra), 200 min nəfər isə müxtəlif orden və medallarla təltif olunublar.

Maraqlı faktlardır. Ancaq necə oldu ki, Sizı o vaxt Əfqanıstana apardılar?

-1979-cu ildə aprelin 21-də bizi Macarıstana hərbi xidmətə yola salmışdılar. Hərbi xidmətimiz ilk günlərdən etibarən çox gərgin, çətin keçirdi. Sonralar o günləri xatırlayanda düşünürdüm ki, yəqin bizim Əfqanıstana göndəriləcəyimizi elə əvvəldən bilirdilər, ona görə də o dərəcədə ciddi hərbi təlimlər keçirilir, planlı surətdə hazırlıq aparılırdı. Hərbi xidmətə sıravi əsgər (pulemyotçu) kimi başlamışdım, lakin  Əfqanıstanda olarkən nümunəvi hərbi xidmətimə görə baş serjant rütbəsinə yüksəlmişdim. Bölüm komandiri olmuşam. Biz Macarıstanda 1980-cı il yanvarın 12-də səfərbər olduq, amma demədilər hara gedirik. Yalnız Özbəkistanın Termez  şəhərində bizi təpədən dırnağa qədər silahlandıranda bildik ki, bizi Əfqanıstana aparırlar. Orada qorxusundan özünü güllələyənlər də oldu. 1980-cı il fevral ayının 2-də gecə yarısı bizi oyatdılar və  “Cəbhəyə gedən polk, düzlən” komandası verildi və elan olundu ki, biz Əfqanıstanda Aprel inqilabının nailiyyətlərini qorumaq üçün şərəfli bir vəzifəni icra etməliyik. Sərhədi keçərək, Əfqanıstana daxil olduq. Həmin gecə bizi Məzari Şərif əyalətinə apardılar. Orada SSRİ-nin 5 respublikasını – Orta Asiya respublikalarını qazla təchiz edən qaz emalı zavodu yerləşirdi. Bizə o zavodun mühafizə olunması tapşırıldı. O zaman bizi təlimatlandırdılar ki, “düşmənlər” çox çalışacaqlar ki, bu zavodu partlatsınlar. O vaxtlar çox ağır günlər idi. Qış ayı idi, zirehli maşında yatırdıq, bu, çox əzablı idi. İsti yemək, içmək də yox idi. Gecələr siqaret yandırmaq belə qadağan idi. Hər işığa, işıltiya güllə atırdılar. Biz hərbi xidmətimizi may ayına qədər orada davam etdirdik.

– İlk hərbi əməliyyatı necə xatırlayırsınız?

– İlk əməliyyat polkumuzun yerləşdiyi Puli-Xumri əyalətində mart ayının 5-dən 7-dək keçirildi. O günü heç vaxt unutmaram. Təkcə ona görə yox ki, ilk dəfə canlı döyüş səhnəsi görürdüm. Başqa qanqaraldıcı səbəb də vardı. Yaxşı yadımdadır ki, polkumuzun komandiri martın 8-də şəxsi heyət qarşısında çıxış etdi, polkun döyüş hazırlığını yüksək qiymətləndirdi. Lakin sonda təəssüf hissi ilə qeyd etdi ki, “müharibənin belə acı reallıqları da var. Bugünkü bayram günündə biz analara 7 əsgərimizin tabutunu göndərəsi olduq…”

Mən ilk dəfə əfqanların “kışlaklarını” (kəndlərini) görəndə təsəvvürüm çox dəyişdi və elə zənn etdim ki, başqa bir planetə düşmüşəm. Onların insanları çox binəva idi. Ümumilikdə, əfqanlar çox qorxurdular, çünki heç vaxt belə dəhşətli zirehli maşınlar, tanklar, toplar, döyüş vertolyotları və s. görməmişdilər. Həmin dövrdə Sovet qoşunları çox amansız idi. Orda bütün son dövrün silahları sınaqdan keçirilirdi.

  Bu müharibədə nə itirdiniz, nə qazandınız, aldığınız dərslər nə oldu?

– Müharibədə ən çox itirdiyim sağlamlığım oldu. 2 ilə yaxın bir dövrdə qurudulmuş çörək və konservləşdirilmiş yemək yeyən adamın sağlamlığı necə olardı? Müharibə mənim həyatımda çox böyük bir sınaq imtahanı oldu. Aldığım dərslər mənə həyatda mətin, cəsarətli, mərd və sədaqətli olmağı öyrətdi. Əfqanıstan müharibəsində iştirak etdiyimə görə məndən çox və əsasən yaxınlarım, dostlarım, qohumlarım və övladlarım qürur hissi keçirirlər. Qohumlarım, yaxınlarım həm də məni ona görə çox istəyirlər ki, mən oddan-alovdan, çətin sınaqlardan keçmiş müharibə veteranıyam.

– Bir də nə vaxtsa Əfqanıstanda olmaq istərdinizmi?

– Heç vaxt istəmərəm. Bilirsiniz, bir alman şirkəti bir vaxt film çəkmək istəyirdi. Orda Əfqanıstan və sovetlər tərəfindən vuruşan döyüşçülərin görüşü nəzərdə tutulmuşdu. Heç kəs üçün o görüş maraq doğurmadı. Mənə də təklif gəlmişdi, mən də həmin təklifdən qəti olaraq imtina etdim. Çünki o anları bir də xatırlamaq istəmirəm… Bizim kənddə bir Bəndiyalı kişi vardı. Muharibə veteranı idi, müharibədən söz düşəndə qaçırdı. Biz də uşaq vaxtı ona gülürdük. Müharibəni görəndən sonra bildim ki, müharibədən söz düşəndə Bəndiyalı kişi niyə qaçırmış…

5258ads.jpg– Qarabağ müharibəsində Əfqan veteranlarından istifadə olunurdumu?

– Əlbəttə. Azərbaycan Milli Ordusunun yaranmasında əsas baza kimi Əfqanıstan veteranlarından istifadə olunub. Bu müharibədə 7 nəfər Əfqanıstan müharibəsi veteranı “Azərbaycanın Milli Qəhrəmanı” adına, 37 nəfər “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb. Elə bu iki fakt çox məqamdan xəbər verir.

– Bu gün doğulub boyabaşa çatdığınız Cəbrayıl rayonu işğal altındadır. Doğma yurdunuz yadınıza düşürmü?

– Heç unuda bilirəm ki? Yurdlarımızın işğalından çəkdiyim əzab Əfqanıstanda çəkdiyim əzablardan qat-qat çoxdur, ağırdır. Bunu hər adam hiss etməz, duymaz. Necə ki, baba olmayan kəs nəvə sevincini yaşaya bilməz.

– Doğma yurdunuzla bağlı daha nələri qeyd etmək istərdiniz?

– Mən “Potensial” Sumqayıt Mütəxəssislər Birliyinin sədriyəm və biz Sumqayıtda çoxlu layihələr icra etmişik. Onların sırasında məcburi köçkünlərlə bağlı da kifayət qədər işlər görmüşük. Bir-neçə il əvvəl Vaqif  Tumaslı adında bir həmyerlimlə tanış olmuşdum – Allah rəhmət eləsin, indi dünyasını dəyişib. O, iki gözdən əlil idi. Ancaq çox gözəl şeirləri vardı. O deyirdi, qızı Çinarə onun şeirlərini yazıya köçürürdü. Sonra mən onun kitabının çap olunmasına da yardımçı oldum. Onun bir şeri yadıma düşdü. Şeiri əzbər bilmirəm, ancaq məzmunu belə idi “gecələr yuxuma gələydi kaş, bir quş olub havasında uçaydım kaş, Füzulidən Cəbrayılacan dizin-dizin sürünəydim kaş, gözü doyunca da baxıb, sonra öləydim kaş” və s. kimi fikirlər vardı. İndi də mən.. nə deyim?..

– Əfqanıstan müharibəsinin iştirakçısı kimi Qarabağ probleminin həlli ilə bağlı nə düşünürsünüz?

– Qarabağ probleminin bir həlli yolu var. O da torpaqlarımızı döyüşlə, kişi kimi vuruşaraq işğaldan azad etmək. Vəssalam. Ermənilər heç vaxt bizə elə-belə torpaq qaytarmayacaq.  Onu da nəzərə almalıyıq ki, bunun üçün hec vaxt indiki qədər şanslı olmamışıq.

 2771.jpg– Siz “Potensial” Sumqayıt Mütəxəssislər Birliyindən danışdınız. Ötən dövr ərzində onun xətti ilə nə işlər görmüsünüz?

– Fəaliyyəti dövründə Birliyimiz çox işlər görüb. Bunu sumqayıtlılar çox yaxşı bilirlər. Çünki ən çox faydalananlar elə onlardır. Birliyimizin yaratdığı “Pulsuz Hüquqi Yardım Mərkəzi”ndən 20 mindən çox soydaşımız bəhrələnib. Bunları pula çevirsək, bu o deməkdir ki, biz 20 ildə şəhərimizə hər il yarım milyon manat investisiya qoymuşuq, bu isə 20 il ərzində 10 milyon manat deməkdir. Respublikamızın 25 rayonunda fəaliyyətimiz olub. Bir-çox ölkə səviyyəli layihələrin iştirakçısı olmuşuq. “Yoxsulluğun azaldılması və iqtisadi inkişaf  üzrə Dövlət Proqramı”nın respublika üzrə monitorinqini keçirmişik. Bu, çox böyük, həcmli işdir. Biz Nazirlər Kabinetinin Katibliyində də təmsil olunmuşuq. Birliyimiz  Respublikada seçilmiş 7  Dəstək QHT-sindən biridir. Yəni, ən inkişaf etmiş, güclü QHT-lərdən biridir. Bir sözlə, bu dövrdə yüksək intellektual potensiallı mütəxəssisləri bir təşkilatda birləşdirərək, оnların intellektual pоtеnsialın­dan istifadə еtməklə hüquqi, dеmоkratik, dünyəvi dövlət quruculuğu yоlunda оlan rеspublikamızın siyasi və iqtisadi müstəqilliyinin möhkəmləndirilmə­sində, dövlət idarəçilik sistеminin təkmilləşdirilməsində və ölkədə vətəndaş cəmiyyətinin fоrmalaşmasında həmişə fəal iştirak еtmişik.

70 yaşını qeyd etməyə hazırlaşdığımız, 40 ildən çox qoynunda yaşadığınız doğma Sumqayt şəhəri haqqında nə demək istərdiniz?

– Mənim aktiv həyatımın 42 ili Sumqayıtla bağlıdır. Övladlarım bu şəhərdə doğulub, onlar sumqayıtlıdır. Mən də özümü artıq sumqayıtlı hesab edirəm. Sumqayıtımız gündən-günə gözəlləşir, inkişaf edir. Təvazökarlıqdan uzaq olsa da, sevinirəm ki, doğma şəhərimiz üçün mən də nəsə edə bilmişəm. Yəqin bunu heç kəs dana bilməz ki, Sumqayıtda son 4 ildə Sovet hökumətinin 70 ildə görə bilmədiyi işlər görülüb, şəhər simasını tamam dəyişib. Hətta çoxları Bakıdan böyük həvəslə Sumqayıt bulvarına gəzməyə gəlirlər. Ümumiyyətlə, Sumqayıtın sürətli inkişafı ilə bağlı çoxlu belə nümunələr göstərmək olar. Ona görə də deyirəm: “Doğma şəhərim Sumqayıt, 70 yaşın mübarək!”.

Ağalar İDRİSOĞLU,

  yazıçı-publisist,

Əməkdar İncəsənət xadimi.

araz.az xəbər portalı.