qaraxan-_1_kl.jpgBu gün Azərbaycan diasporu dünya səviyyəsində böyük işlər görməyə başlayıb. Belə ki, xaricdə yaşayan həmvətənlərimiz Azərbaycanın diaspora və lobbiçilik sahəsində maraqlı işlər görməklə Vətənimizin daha yaxşı tanınmasında, hüquqlarının qorunmasında öz səylərini əsirgəmirlər.

Bildiyimiz kimi XXI əsr informasiya müharibəsi əsridir. Bəzən informasiya silahdan daha çox təsir gücünə malik olur. Hansı ölkənin informasiyası və silahları güclüdürsə həmin ölkələr də dünyaya ağalıq edirlər. Biz də millət olaraq silahlarımız güclü olmasa da heç olmasa informasiya sahəsində böyük işlər görməliyik ki, bu müharibədə öncüllərdən biri olaq. Axı bizim çoxlu savadlı insanlarımız var. Onlar təkcə Azərbaycanda yox, xarici ölklərdə də öz ağıllarının, savadlarının, təşkilatçılıqlarının sayəsində çox böyük işlər görüblər və görürlər. Azərbayacan Respublikası Diasporla iş üzrə Dövlət Komitəsi də bu insanlarla sıx əlaqə saxlayıb, onların savadını, ağlını, təşkilatçılığını bir məcraya, informasiya işinə yönəltməlidir. İnformasiya müharibəsinə ölkələr var ki, milyardlar xərcləyirlər. Bizim pullu, imkanlı həmvətənlərimiz də millətimizin öz sözünü dünyada layiqincə deməsi üçün bu müqəddəs yolda var-dövlətini əsirgəməməlidirlər. Axı bizim Qarabağ kimi böyük dərdimiz, problemimiz var. Bu problemi də bu gün təkcə müharibə ilə həll etmək mümkün deyil. Çünki düşmənlərimiz olan ermənilərə kömək edən güclü ölkələr çoxdur. Əgər müharibə olsa həmin ölkələr bizə yox ermənilərə kömək edəcəklər. Ermənilər də həmin ölkələrin etimadını, inamını dünyada apardıqları informasiya müharibəsilə, həmin ölkələrin ideoloqlarını böyük pullarla satın almaqla əldə ediblər. Onlar çoxlu yalanları həqiqət kim dünya xalqlarına sırımağı bacarırlar. Bu işdə də varlı ermənilər lazım olan kimi pullar xərcləyirlər…

Yuxarıda yazdığım fikirlər, xalqımıza bir eloğlumuzu yaxından tanıtmaq üçün mövzunun başlanğıcına giriş idi. Həmin eloğlumuzla məni sevimli şairimiz, dövrümüzün klassiki, çox böyük ziyalı, Azərbaycan dövlətinin və dövlətçiliyinin ən böyük təbliğatçılarından biri, Xalq şairi Nəriman Həsənzadə tanış edib. Bu eloğlumuz Avstriya Respublikasında yaşayan Qaraxan Əkbər oğlu Yaqubovdur. O, çox böyük bir tarixi hadisə olan iş görüb. Dünya Şair və Yazıçılarının İttifaqını yaradıb. Özü də necə deyərlər Avropanın göbəyi olan Avstriya Respublikasında. Beləliklə, Qaraxan Əkbəroğlunun böyük təşkilatçılığı ilə Dünya Şair və Yazıçılar İttifaqı ilk dəfə 10 fevral 2018- ci il tarixində Avstriyada keçirilən ilk qurultayında təsis olunub, 02 mart 2018-ci ildə həmin ölkədə rəsmi qeydiyyatdan keçib və 07 mart 2018-ci il tarixindən rəsmi fəaliyyətə başlayıb. Amma ən təəssüf hissi doğuran odur ki, Azərbaycanda bu təşkilatın yaranmasından demək olar ki, kimsənin xəbəri yoxdur. Çünki bizim Kütləvi İnformasiya Vasitələri bu haqda demək olar ki, heç nə yazmayıblar. Bəli, biz bir-birimiz haqqında dedi-qoduları, bir-birimiz haqqında təhqirləri, qarayaxmaları daha tez-tez yayırıq, lakin millətimizin böyük alim oğlu Avropanın mərkəzində düna səviyyəli belə bir böyük Beynəlxalq təşkilat yaradır, amma millətimizin bundan xəbəri yoxdur… Acınacalıdır, elə deyilmi?

Yaranan bu təşkilatın ilk təsis qurultayında Dünya Şair və Yazıçılar İttifaqının sədri Əczaçılıq elmləri doktoru, şair Qaraxan Əkbəroğlu Yaqubov seçilib. Dünya Şair və Yazıçılar İttafına 147 ölkədən olan məşhur şairlər, yazıçılar, incəsənət xadimləri üzv olublar. Deməli, bu təşkilat çox böyük bir təşkilatdır və onun sədri də bizim həmyerlimizdir. Çox böyük ziyalı olan, Azərbaycanı öz qanı və canı ilə ürəkdən sevən, millətimizin elmini, mədəniyyətini, ədəbiyyatını, incəsənətini, idmanını dünya səviyyəsində yüksək peşəkarlıqla təbliğ edən belə bir eloğlumuzla çoxminli oxucularımızı daha yaxından tanış etmək istəyirəm.

Qısa arayış: Şair Qaraxan Əkbər oğlu Yaqubov 1961-ci ilin dekabr ayının 1-də Qərbi Azərbaycanın (indiki Ermənistanın) Hamamlı rayonunun Qursalı kəndində dünyaya gəlib. Orada da 1979-cu ildə orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra təhsilini Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsində davam etdirib. Tələbəlik illərində dörd yeni ixtira edərək, Avstriyada Vyana Universitetində təhsilini davam etdirib. Əczaçılıq elmləri doktoru Qaraxan Əkbəroğlu 2004-cü ildə bir beyin əməliyyati zamanı klinik ölüm keçirdikdən sonra müxtəlif janrlarda şeirlər yazmağa başlayıb. Onun 65 janrda seçilmiş şeirlər kitabı Nobel Sülh Mükafatına təqdim edilib. Şair Qaraxan Əkbəroğlu bu günə kim 145 janrda 9 şeir kitabı və bir sanballı roman yazıb. O, şeiriyyata və gündəmə şifahi xalq ədəbiyyatında və müasir dünya ədəbiyyatında olmayan 71 yeni janrda şeirləri ilə gəlib.

Qaraxan Əkbəroğlu həm də 6 dildə sərbəst danışır və bu dillərə yaxın olan dilləri də aydınca başa düşür. Elə bu titullarına, ağlına, savadına, yüksək təşkilatçılığına, çoxlu dillər bilməsinə görə dünyanın tanınmış şairləri, yazıçıları, incəsənət xadimləri birinci qurultayda Qaraxan Əkbəroğlunu Dünya Şair və Yazıçılar İttifaqına yekdilliklə sədr seçiblər. Xalqımızın belə vətənpərvər oğlu Qaraxan Əkbəroğlu ilə internet vasitəsilə əlaqə saxladım və ona bir neçə sualla müraciət etdim.

– Qaraxan müəllim, yaratdığınız bu təşkilatın əsas məramnaməsi necədir?

– Dünya Şair və Yazıçılar İttifaqı Beynəlxalq təşkilat olmaqla bütün dünyada yaşayan xalqların şairlərinin, yazıçılarının və bütün yaradıcı adamlarının birliyi olaraq, Beynəlxalq səviyyəli bir təşkilatdır. İttifaqın əsas məqsədi bütün millətlər arasında dostluq yaradaraq, dünyada sülhün bərqərar olunması üçün bütün dünya ziyalılarını bir araya gətirməkdir. İttifaqa şair və yazıçılarla birgə bütün elm sahələrinin yaradıcı alimləri, həkimləri, müəllimləri, mədəniyyət xadimləri, musiqiçiləri, bəstəkarları, bir sözlə xalqların bütün seçilmiş ziyalıları və yaradıcı insanları üzv ola bilərlər.

-Bəs niyə bu təşkilatı məhz Avstriyada yaradıbsınız?

-İttifaqın Avstriyada yaradılmasının əsas səbəblərindən biri də Demokratik dəyərlərə qiymət verərək insanların sərbəst və azad fikir ifadə edə bilməsi və fəaliyyət göstərməsidir. Çünki Avstriya dünyada ən demokratik və hüquqi dövlətlərdən biridir.

-Bu İttifaqa üzvlər bəs necə qəbul olur?

-İttifaqin üzvləri ştatlı, ştatdan kənar və fəxri üzvlər olaraq üc cür üzvlərə bölünür. İttifaqln ştatlı üzvləri dedikdə təşkilatın işində tam olaraq iştirak edən şəxslər başa düşülür. Ştatdankənar üzvlər dedikdə yalnız yüksək üzvlük haqqı ödəməklə təşkilatın fəaliyyətinə dəstək olan şəxslər başa düşülür. Fəxri üzvlər dedikdə İttifaq qarşısında xüsusi xidmətləri olan şəxslər başa düşülür.

İttifaqın nizamnaməsi təşkilatın www.worldpoet. at rəsmi saytında vardır. İttifaqa üzv olmaq istəyənlər təşkilatin worldpoet @ eclipso.eu elektron ünvanına müraciət edə bilərlər. İttifaqın rəsmi saytında təşkilatın bank rikvizitlərindən tutmuş lazım olan bütün məlumatlar vardır.

-Mən sizin məramnamə və nizamnamənizlə tanış olanda gördüm ki, hətta siz fəxri adlar da təsis edibsiniz?

-Bəli. İttifaq dünya ədəbiyyatı və mədəniyyətinə göstərdiyi xüsusi xidmətlərə görə öz üzvlərini və digər səxsləri aşağıdakı adlarla təltif etmək hüququna malikdir.

Fəxri professorlar;

Xalq şairi;

Xalqlar şairi;

Xalq artisti;

Xalq musiqiçisi;

İlin yazıçısı;

Fəxri fərmanlar;

Qeyd olunan mükafatların nişan və diplom formasında tərtibatı.

İttifaqın World adında jurnalının gələcəkdə hər ayda bir dəfə nəşr olunması nəzərdə tutulub. Jurnalın üzlüyü ingiliscə olsa da və içində bütün dünya xalqlarının dillərində yeniliklər, o cümlədən elmi məqalələr, şeirlər, mədəniyyət xadimləri haqda məlumatlar yazılır və reklamlar da yerləsdirilir. Hər bir İttifaq üzvü öz maraqlı yazılarını və şəkillərini təskilatın elektron ünvanına göndərərək jurnalda yerləşdirərək nəşr etdirə bilərlər.

-Bu jurnalın hər nömrəsi nə qədər tirajla çap olunacaq?

-Jurnalın gələcəkdə çapı 100000 tirajla nəzərdə tutulub. Çünki bu jurnal dünyanın bütün ölkələrinə yayımlanacaq. Hətta jurnal çapından əlavə biz, dünyada xalqları arasındakı dostluğu möhkəmləndirmək və mədəniyətlərini bir- birinə tanıtmaq üçün təskilata üzv olan musiqi xadimlərinin baçqa xarici ölkələrdə konsertlərini və görüşlərini də təşkil etmək fikrindəyik. Həm də bu konsertlər və görüşlər İttifaqın jurnalında və gələcəkdə açılması nəzərdə tutulan öz televiziya kanalında da yayımlanacaq.

Dünyanın bu ağır günündə tək siyasətçilər sülhü qoruya bilməzlər və ona görə də gəlin sülh naminə, dostluq naminə bu təskilatda birləşək ki, gələcəyimizi xobəxt qura bilək və uşaqlarımızı xoşbəxt görək. Xalqların sabahı ziyalıların əlindədir. Məhz buna görə də onlara birlik və uğurlar arzulayırıq. Birlik olan yerdə də güc, qüvvət olur.

Xalqımızın vətənpərvər oğlu Qaraxan Əkbəroğlunun gördüyü bu xeyirxah və böyük iş doğrudan da təqdirəlayiqdir. Biz də mətbuat orqanı olaraq belə xeyirxah işdə Qaraxan Əkbəroğluna layiqincə dəsk olacağıq. Çünki bu gün hər bir ziyalı

Azərbaycan üçün bir xeyirxah iş görürsə, ona dəstək olmaq hər birimizin müqəddəs borcu olmalıdur. Atalarmız da deyib ki, “görülən xeyirxah işə təmənnasız kömək edənə Böyük Yaradan da kömək edir”.

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

araz.az xəbər portalı.