Qərbin Gürcüstanda keçirilən seçkilərin nəticələri ilə barışmayacağı bəlli idi. 29-30 noyabr tarixlərində Tiflisdə keçirilən etiraz aksiyaları da bunu sübut edir. Düzdür, aksiyaların səbəbi daha çox Gürcüstan Baş naziri İrakli Kobaxidzenin ölkəsinin Avropa İttifaqına (Aİ) üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırması və qrantlardan imtina etməsi göstərilsə də proseslərin Qərbdən idarə edildiyi bəllidir.

Təəssüf ki, baş verən aksiyalar xalqın iradəsi kimi təqdim edilir. Etirazçıların əllərində tutduğu Aİ bayraqları prosesin iç üzünü açıb göstərir. Gürcüstanda parlament seçkilərinin nəticələrinə etiraz edərək Tbilisidə müddətsiz etiraza çıxanların əksəriyyəti Qərbdən pul alaraq yaşamağı həyat tərzinə çevirmiş, tapşırıqları icra edən QHT, media nümayəndələridir.

Hazırda Gürcüstanda baş verən aksiyalar prinsip etibarilə 2004 və 2014-cü illərdə də Ukraynada baş verən olayları xatırladır. Hansı ki, həmin illərdə də Qərbdən təlimat alan qüvvələr ölkənin milli maraqlarını bir kənara qoyub hakimiyyət dəyişikliyinə nail oldular. Təbii ki, bunun fəsadları Ukrayna üçün çox ağır oldu.

Baş verən hadisələr əslində Gürcüstan hakimiyyətinin Qərblə arasında məsafə qoymasının doğru seçim olduğunu bir daha göstərir. Prinsip etibarilə, Tbilisi 2008-ci ildən bəri Qərbdən istədiyini ala bilmir. Söhbət Abxaziya və Cənubi Osetiya münaqişələrinin həlli və Gürcüstanın Aİ-yə üzvlüyündən gedir. Qərb bunun ikisini də edə bilmədi. Reallıq ondan ibarətdir ki, Abxaziya və Cənubi Osetiya münaqişələrinin həll edilməməsi Aİ maraqlarına uyğun idi. Çünki bu münaqişələr qaldığı təqdirdə Tbilisinin Aİ-yə üzvlüyü mümkün deyil.

Gürcüstan birmənalı Qərbdən üzünü çevirməyib. Belə ki, Gürcüstan Baş naziri İrakli Kobaxidze ölkəsinin Aİ-yə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırıb. Yəni proses 2028-ci ildən sonra yenidən başlaya bilər. Bu isə Qərbin tutumundan asılıdır.

Tbilisi yaxşı başa düşür ki, Rusiya ilə gərginlik, Qərb ilə radikal yaxınlaşma Abxaziya və Cənubi Osetiya münaqişələrinin həllini mümkünsüz edir. Başqa cür desək, Gürcüstan Azərbaycanın “balans siyasəti” bənzəri bir siyasi xətt tutaraq münaqişələri həll etmək istəyir. Qərbə inteqrasiya gələcəkdə olsa belə Tbilisi bunun kiminsə patronajlığında deyil, öz azad iradəsi ilə etmək istəyir. Buna görə də qrantlardan imtina edir.

Prinsip etibarilə Azərbaycan bunu 10 il öncə edib. Belə ki, rəsmi Bakı çox ağıllı siyasət yürüdərək Qərb QHT-lərinin əl-ayağını, onların qanunsuz maliyyə mənbələrini kəsdi. Əslində proses bu gün də davam edir. Feministlər, LGBT-çilər, novarçılar, Qərbdən maliyyələşən qeyri-legitim media və digər təsir qruplarının imkanları sıradan çıxarılır.

Cənubi Qafqazda dəyişməz bir qayda var. Müstəqil xarici siyasət yeritməyin tək yolu balans siyasətidir. Balans siyasətinin pozulması bir tərəfi qarşısına almaq deməkdir. Bunun fəsadları isə ağır ola bilər. Gürcüstan bu fəsadı 2008-ci il və sonrasında ağır şəkildə yaşadı. Buna görə bu gün eyni şeylərin baş verilməməsinə çalışılır.

Turan RZAYEV,                                      politoloq, globalinfo.az-ın siyasət yazarı.

 

araz.az xəbər portalı.