Məhəmməd ƏSƏDULLAZADƏ,
MCP-nin Başqan müavini, siyasi ekspert.  ******************************************

Suriyada Bəşər Əsəd hakimiyyətini devirmək üçün ordu da hərəkətə keçib. Ordu ilə prezident qvardiyasi arasında şiddətli döyüşlər gedir. Dəməşqdə çevriliş baş tutarsa, müxalifətin hakimiyyətə gəlişi Rusiya və İranı pat vəziyyətində qoyacaq. Üstəlik, bu ölkədə PKK-YPG terror birliyinin fəaliyyətinə belə son qoyulacaq.

Ən əsası odur ki, Suriyada siyasi hədəflərinə çatmasi, xoşagəlməz planlar üzərində qurulmuş Rusiya — İran “dostluğu” və ABŞ-ın siyasi maraqları üzərində Türkiyənin həlledici qələbəsi olacaq. Baxmayaraq ki, deyilən bu üç ölkə Suriyada Türkiyə Cümhuriyyəti üçün mürəkkəb keçən bir vəziyyət yaratmışdı.

Bu yerdə onu da qeyd etmək yerinə düşər ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki ay bundan öncə, Suriya Prezidenti Bəşər Ədədlə görüşməyə razılıq vermişdi. Günahkar ölkə başçısı isə, Türkiyənin öz qoşunlarını Suriya ərazisindən çıxarması şərti ilə, baş tuta biləcək görüşə razılıq verəcəyini bəyan etmişdi. Göründüyü kimi, Bəşər Əsədin regionun əsas söz sahibi olan Türkiyə dövləti ilə sərt dildə danışmağa üstünlük verməsi, ona çox baha başa gəlir.

Xatırlatmaq istərdim ki, bir-neçə gün bundan əvvəl baş tutan Ərəb Ölkələrinin Konfransında Bəşər Əsəd danışarkən, Rəcəb Tayyib Ərdoğan onun dediklərinə etiraz əlaməti olaraq, iclas zalını tərk etmişdi. Bu, Suriya Prezidentinin dediklərinə və açıq-aydın müşahidə olunan hərəkətlərinə qarşı, onun tərəfindən verilən tutarlı, tutarlı olduğu qədər də, olduqca sərt bir mesaj idi.

Əsas odur ki, Türkiyə Suriyanın şimalındakı PKK-YPG terror təşkilatının varlığını, öz təhlükəsizliyi üçün də, təhdid hesab edir. Bəşər Əsədin hakimiyyətdə olması isə, açıq-aşkar Suriyadakı PKK-YPG varlığını qoruyur. Bu arzuolunmaz birliyin bağışlanmaz günahı ucbatındandır ki, bu ölkədən qaçqın axını uzun müddətdir Türkiyə üçün, humanitar olmaqla bərabər, həm də qlobal xarakterli çözülməz və bəlalı bir problemə  çevrilib.

Ümumiyyətlə götürdükdə, indiyədək Suriyada sabitlik əldə edilməmişdi, sadəcə, hərbi rejimin fəaliyyəti dondurulmuşdu. Demək olar ki, geosiyasi durumun bu dərcədə gərgin olaraq dəyişməsi, Ankaranın sərt tədbirlərə əl atmasını şərtləndirən başlıca səbəb oldu.

Sonda onu da qeyd edim ki, Bəşər Əsəd hakimiyyətinin devrilməsi Ankara üçün strateji əhəmiyyət kəsb edir. Suriyaya qarşı yürütdüyü siyasət də, Türkiyənin Yaxın Şərqdə şəriksiz lider ölkə olduğunu ortaya qoyur. Əgər Əsəd rejimi tam olaraq devrilərsə, Türkiyə Fələstin dövlətinin yaradılması istiqamətində də, İsrailə qarşı ciddi təzyiqlər nümayiş etdirəcək. Deyilənlər həqiqəti özündə ehtiva edir və bunun son nəticəsi isə, tezliklə bütün dünyaya məlum olacaq.

 

araz.az xəbər portalı.