Azərbaycan futbolu ictimaiyyətə məyusluq yaşatmaqda davam edir. Noyabrın 28-də Bakıda keçirilən qarşılaşmada “Qarabağ” Fransanın “Lion” komandasına məğlub oldu. Hər zaman futbolsevərlər “Qarabağ”ın qələbəsindən ilhamlanırdı. Millimizin ardından bu komandanın da məğlubiyyət sindromu yaşaması əsəbləri tarıma çəkib.

Azərbaycan futbolunda nə baş verir?

araz.az bildirir ki, globalinfo-ya danışan idman jurnalisti Natiq Muxtarlı “Qarabağ”ın məğlubiyyətində qeyri-adi nəsə axtarmağa dəyməz deyə, öz sözünü deyib

Onun fikrincə, Azərbaycan çempionatının təmsilçisinin Fransanın adlı-sanlı komandasına qalib gəlməsi anormallıq sayılardı: ““Qarabağ” uzun illər Avropa klublarına qalib gəlməklə bizi bu anormallığı normallıq kimi qavramağa vadar edib. Belə futbol təsərrüfatında, belə infrastrukturda, belə idarəçilərlə Azərbaycan klubu Avrokubokların qrup mərhələsində olmamalıdır. Lakin olub. Özü də 10 il sərasər. Anormallıqdır… Bu 10 ildə təkcə “Qarabağ” olub futbolda. Milyonlar xərclənib, mənimsənilib, amma bir çimdik iş görülməyib”.

Jurnalist deyib ki, “Lion”la oyunda səviyyə fərqi ortada idi:

“Bura Azərbaycan çempionatıdır. Bura o futbolçular gəlir ki, onlar Avropada heç kimə lazım deyilər. Bura yüksək səviyyəli futbolçu gəlməz. Yüksək səviyyəli futbolçu gəlib Tovuzda, Şamaxıda, Mərdəkanda, Bayılda keyfiyyətsiz süni örtüyün üzərində futbol oynamaz. Bu, onlar üçün təhqir sayılar. Və özümüz də bircə futbolçu yetişdirməmişik. “Qarabağ”ı yıxan futbolçu isə qonşumuzdur, gürcüdür. Gürcüstanda Futbol Federasiyasının hər qəsəbədə, kənddə akademiyası var. Gürcüstanda futbol idarəçiliyi peşəkarların əlindədir, diletantların, “istedadlı dələduzlar”ın yox.

Mikautadzenin səviyyəsi ortada idi. Onu heç vaxt Azərbaycana gətirə bilməzsiniz. Çünki səviyyə tam fərqlidir. Bəs hanı Azərbaycanın yetişdirdiyi Mikautadze? Hara xərcləyiblər bu qədər vəsaiti?

AFFA milyonları nəyə sərf edib? Futbolumuzun bəlaları bu sualların cavablarındadır. Amma araşdıran varmı? Yox. Ancaq hamı “Qarabağ”dan qələbə tələb edir. Nə ilə, hansı potensialla qazanılmalıdır bu qələbə? Bu çempionatla, bu infrastrukturla, bu idarəçilərlə?”.

Natiq Muxtarlının sözlərinə görə, artıq futbol təsərrüfatındakı korrupsiya, xaos öz təsirini göstərir:

“Daha “Qarabağ”ı da saxlamaq mümkün olmayacaq. Biz bu gün “Qarabağ”dan “Lion”a qalib gəlməyi tələb edirik, amma gələn mövsüm bu komanda heç avrokubokların qrupunda da olmaya bilər, elə digər komandalarımız kimi ilk mərhələdə mübarizəni dayandırar. Bu, reallıqdır, amma kimsə görmək istəmir. Futbol təsərrüfatı dələduzlarla, korrupsionerlərlə doludur. Burada peşəkara yer yoxdur. Futbol təsərrüfatı çirkli pul yumaq üçün münbit məkandır dələduzlar üçün. Belə bir mühitdə tələb edirik ki, “Qarabağ” “Lion”a qalib gəlməlidir. Hesab edirik ki, “Qarabağ”ın “Lion”a məğlub olması fəlakətdir. Yox, bu hələ yaxşıdır, fəlakət irəlidədir. Bir-iki ildən sonra “Qarabağ” anormallığı” olmayacaq, hər şey normala düşəcək. “Qarabağ” da, dönüb olacaq “Neftçi”, “Sabah”, “Şamaxı”, “Səbail” və s.. Biz deyirik, yazırıq, problemi göstəririk, amma onlar da öz işlərindədir – futbol təsərrüfatını nəzarətə götürənlər də daha çox pul qazanmaq üçün çeşid-çeşid “ideyalar” fikirləşirlər”.

N. Muxtarlı bildirib ki, AFFA-nın yeni rəhbərliyi bahalı şirkət gətirib xaricdən:

“Guya, futbolumuzun strategiyasını yazacaq. Bu strategiyanı yaza bilməyən adamın AFFA rəhbərliyində nə işi var? Niyə gəlib futbol təsərrüfatına? Axı gələndə proqramı, planı, strategiyası olmalı idi o adamın. İndi isə xaricdən bahalı şirkət gətirir. Cəfəngiyatdır. O şirkət vasitəsilə də pul siləcəklər. Belə məsələlərdə çox səlist işləyirlər. Biz isə “Qarabağ”ın “Lion”a məğlubiyyətini fəlakət sayırıq. Azərbaycan futbolunda “Qarabağ” olmamalıdır. Bu, anormallıqdır. Böyük ehtimalla, yaxın bir-iki ildə bu “Qarabağ” dağılacaq və hər şey normala dönəcək”.

araz.az xəbər portalı.