27 avqust 2019-cu il tarixində Qafqaz Udin-Alban Xristiyan icmasının rəhbərliyi ilə bir qrup icma üzvü ataları tərəfindən yaradılan, Türkiyənin Van şəhərində yerləşən Akdamar kilsəsinə ziyarət edib və burada dini ayin keçiriblər. Kilsəni ziyarət edən udin həmvətənlərimiz ermənilər tərəfindən özünküləşdirilən kilsənin Qafqaz albanları və udinlərinə məxsus olduğunu bildiriblər.
“Akdamar kilsə”si barədə
Akdamar kilsəsinin həm tarixi, həm də memarlıq dizaynı bizə onu deməyə əsas verir ki, bu məbədin ermənilərlə heç bir əlaqəsi yoxdur. Lakin təəssüflər olsun ki, qardaş Türkiyə Respublikasında belə, bu kilsə “erməni kilsəsi” olaraq tanınır.
Akdamar kiləsi Vanın Akdamar adasında yerləşən nadir mədəniyyət abidələrindən biridir. Erməni mənbələri bu kilsənin 915-921-ci illərdə I Qaqikin əmrilə memar Manuel tərəfindən inşa edildiyini bildirir. Lakin bu sadəcə ermənilərin iddiasıdır və tarixi əsası olmayan bir fərziyyədir. Kilsənin girişindəki dəhlizdə müxtəlif flora və fauna nümunələrinin rəsmləri, eyni zamanda “Müqəddəs İncil”dən bəzi ayələrin rəsm şəklində ifadə edildiyi görülür.
Qeyd edək ki, hətta erməni tarixçiləri bu rəsmlərin erməni mədəniyyəti üçün “nadir” sənət nümunəsi hesab edir və buna bənzər rəsmlərin digər erməni kilsələrində görülmədiyini qeyd edirlər.
Kilsənin girişində yerləşən qabartma üzərində bir rəsm var. Bu rəsmdə birisi at üzərində 180 dərəcə dönərək ox atır. Bütün tarixçilər qəbul edirlər ki, bu tipli qayaüstü rəsmlər türk xalqlarına məxsusdur. Həmçinin abidədəki at rəsmlərinin birində atın ayağında hilal olduğu aydın görülür. Hilal, islamiyyətdən əvvəl türklüyün simvollarından biri kimi qəbul edilir. Buna görə də bu abidə qurulması tarixinə də diqqət yetirsək tamamilə xristian – türk abidəsidir və xristian albanlara və ya peçeneqlərə məxsus olma ehtimalı yüksəkdir.
Bu kilsə Osmanlı dönəmində də muhafizə edilib və bu dövrdə onun ətrafında icma evi, sonralar isə zəng qülləsi inşa edilib. 1951-ci ildə Türkiyədə Adnan Menderes hökuməti kilsənin dağıdılması ilə bağlı əmr verib. Lakin o dövrlərdə gənc bir jurnalist olan, sonradan məşhur türk yazıçısına çevrilən Yaşar Kamal bu kilsənin sökülməsini ifşa edib və yazılarında bu addımı atan hökuməti sərt tənqid edib. Sonradan türk hökuməti abidənin tarixi əsər olduğunu nəzərə alaraq sökülməsini dayandırıb.
“Kilsə restovrasiya adı altında erməniləşdirilib”
Kilsə 10 illər boyu baxımsız bir vəziyyətdə qalıb. Lakin 2007-ci ildə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi hökumətin “Türkiyə və Ermənistan erməniləri ilə əlaqələri yaxşılaşdırmaq” siyasətinə uyğun olaraq 1,5 milyon dollar ayırıb və kilsəni təmir etdirib. 29 mart 2007-ci il tarixində kilsə Ermənistan mədəniyyət nazirinin də iştirak etdiyi bir mərasimdə yenidən açılıb.
Diqqət etdiyiniz kimi, kilsə Ermənistan mədəniyyət nazirinin iştirakı ilə yenidən açılıb. Bəs, alban kilsəsinin açılışında erməni nazirin nə işi var? Yəqin ki, o dövr baş nazir olan, Türkiyənin hazırki prezidenti Rəcəb Tayyib Ərdoğanın bu kilsənin Azərbayan udin və albanlarına məxsusluğundan xəbəri yox idi. Bəs bizim Mədəniyyət Nazirliyimizin necə?
Qeyd edək ki, tarixçi alim Kərəm Məmmədov bu kilsəyə dəfələrlə səfər edib və haqqında elmi araşdırmalar aparıb. Eurasia Diary-ə açıqlama verən K.Məmmədov bildirib ki, restovrasiyadan sonra kilsə bilərəkədən erməniləşdirilib:
“Mən dəfələrlə o kilsədə olmuşam. O kilsə ilə bağlı müxtəlif elmi məqalələr yazmışam. Kilsə həm memarlıq üslübü, həm də üzərindəki təsviri dekorativ rəsmlərinə görə tam alban məbədləri üslübundadır. Bu kilsəni Qaxda, Şəkidə və digər regionlarımızda yerləşən qədim alban abidələrindən fərqləndirmək çox çətindir. Bundan savayı kilsənin ətrafındakı abidədə Yusif Sacoğlunun rəsmləri var. Abidə tam şəkildə alban-türk kilsəsidir. Lakin mən abidə restovrasiya olunduqdan sonra buradakı rəsmlərin əksəriyyətin silindiyi, yeni dekorativ naxışların əlavə olunduğunu gördüm. Hətta bunun rəsmlərini də çəkmişdim. Sanki qəsdən abidənin üzərində işləyiblər ki, onu erməniləşdirsinlər”.
Tarixçi alim xristianlığın Azərbaycan xalqının keçmişi olduğunu və bu dövrün abidələrinə sahib çıxmağın zəruri olduğunu da qeyd edib:
“Biz islamı qəbul etdikdən sonra xristian dövrünə aid olan abidələrimizin üzərindən əlimizi çəkdik. Sonradan bu abidələrə Qafqazdakı digər qonşularımız yiyələndilər. Daha sonralar 1836-cı ildə qəbul edilən, Çarın alban katalikosluğuna daxil olan kilsələrin erməni “Qriqoryan kilsəsi” tabeliyinə verilməsi barədə fərmanından sonra isə gürcü və ermənilər regionda harada xaç görsələr “bizimdir” deməyə başladılar. Doğrusu, bu yanaşma ilə barışmaq olmaz. Xristianlıq bu xalqın keçmişidir və keçmişimizlə bağlı kifayət qədər “Akdamar kilsəsi” kimi kilsə və mədəni abidələr qalıb. Bu abidələrə sahib çıxmaq və onları gələcək nəsillərə ötürmək boynumuzun borcudur. Mədəniyyət və Turizm nazirimiz şəxsən bu məsələ ilə məşğul olmalıdır. Qardaş Türkiyədəki bu abidənin ermənilər tərəfindən özünküləşdirilməsinə imkan vermək olmaz”, – deyə K.Məmmədov bildirib.
“Bu kilsə bizim atalarımızındır”
Akdamar kilsəsinin qədim alban kilsəsi olduğunu sadəcə tarixçilər deyil, alban-udinlər də qeyd edirlər. Akdamar kilsəsinə ötən həftə səfər etmiş Qafqaz Udin-Alban Xristian icmasının sədr muavini Rafik Danaqari də bunu təsdiqləyir:
“Bu kilsə bizim atalarımızın, Qafqaz albanlarının və udinlərin inşa etdikləri kilsədir. Bunu kilsənin dekorasiyasına və tikilmə tarixinə diqqət yetirdikdə anlamaq mümkündür. Ermənilər bu abidəni özünküləşdirməyə çalışırlar. Buna imkan vermək olmaz və erməni vandalizminə son qoymağın vaxtı gəlib çatıb. 1836-cı ildə rus çarı bir fərman imzaladı və bizim kilsələri ermənilərin tabeçiliynə verdi. Biz o zamandan kilsəsiz qaldıq, etiraz etdik və evlərimizi kilsələrə çevirdik. O zamandan bəri ermənilər Naxçıvanda, Anadoluda, Qafqazda, harda xaç görsələr “bizimdir” deyillər, lakin bu abidələr alban və udin xalqlarınındır”.
Bəli, təəssüflər olsun ki, işğala məruz qalan sadəcə torpaqlarımız deyil, həm də mədəniyyətimizdir. Lakin işğaldan xilas olmaq mümkündür və bunun sadəcə bir yolu var: Vətənə, dövlətə, mədəniyyətə və tarixə SAHİB ÇIXMAQ!!!
Politoloq və tədqiqatçı jurnalist: Nicat İsmayılov
araz.az xəbər portalı.