Mirkazım SEYİDOV:
“Soydaşlarımızı, xarici ölkələrdə vaxtilə ən böyük diaspor təşkilatı kimi tanınan Ümumrusiya Azərbaycanlıları Konqresini iyrənc əməlləri ilə çökdürməklə, Ulu Öndərin ruhuna və Rusiyadakı həmvətənlərimizə xəyanət edənlərin yalan vədlərinə uymamağa çağırıram”
Bütün dövrlərdə ən iri milli diasporumuz qonşu Rusiyada olsa da, millətimizin milli kimliyini qoruması və inkişafı naminə vacib milli vəzifəyə çevrilən diaspor işiylə məşğul olmağın bu ölkədə ən problemli sahəyə çevrilməsi daim göz önündə olub. Danılmaz bu problemlərin mənasının nədən ibarət olması isə, daim təəssüf doğurub. Heç kəsə sirr deyil ki, özlərinin xarizmatik xarakterlərindən irəli gələn iddialarını gözə soxanlar, milli diaspor təşkilatlarımızın adından sui-istifadə etməklə, bu problemləri yaradırlar. Belələri diaspor işi ilə professional səviyyədə məşğul olmağı bacaran, bu sahəni dərindən bilən çox təcrübəli mütəxəssislərimizin normal işləməsinə, zaman-zaman milli diasporumuzla bağlı dövri mətbuatda, dəyirmi masalarda, konfranslarda gündəmə gətirilən bu problemlərin aradan qaldırılmasına, dövlət-diaspor əlaqələrinin faydalı əməkdaşlığa çevrilməsi yolunda real addımlar atılmasına imkan da vermirlər. Çox əfsuslar ki, belələri problemlərin araşdırılmasına, nəticə çıxarılmasına və həllinə kömək etmək əvəzinə, özümüzünkülərə qarşı münasibətlərin kəskin şəkildə pisləşməsi üçün çalışırlar. Vaxtilə Azərbaycanın xarici ölkələrdəki ən böyük diaspor qurumu olan
Ümumrusiya Azərbaycanlıları Konqresinə rəhbərlik edən Fazil Qurbanov da belələrindəndir. Ən acınacaqlısı odur ki, siyəzənli bu həmyerlimiz, qurumun rəhbəri olan kimi, başına yalnız özünə sədaqətli adamları toplamağa başlayıb və Federasiyada məskunlaşan hər bir soydaşımızın böyük ümidlər bəslədiyi bu təşkilatı öz şəxsi şirkətinə çevirmək naminə “dəridən-qabıqdan çıxıb”. İstəyinə nail olub da!
Ümumiyyətlə, 18 il öncə böyük ümidlərlə yaradılan və fəaliyyəti millətimizin xoş gələcəkli taleyinə köklənən, üstəlik Rusiyanın 78 bölgəsində məskunlaşan həmyerlilərimizin ümid qapısına çevrilən Ümumrusiya Azərbaycanlıları Konqresinin prezidenti kimi məsul bir posta ictimai xadim, tibb elmləri doktoru, professor kimi tanıdığımız Fazil Qurbanov gətiriləndə Rusiyadakı həmyerlilərimiz çox sevindilər. Аzərbaycanı bir dövlət olaraq Rusiyada lazımi səviyyədə təmsil etmək üçün, belə titullu bir şəxsə böyük ümidlər bəslənir və hamı inanırdı ki, Federasiyanın bütün regionlarındakı azəri təşkilatlarının birləşməsində, diasporumuzun irəli getməsində, imicimizin artırılmasında onun xüsusi rolu olacaq, ustəlik, Fazil Qurbanovun azərbaycanlı zəngin iş adamları ilə əlaqələri, gələcəkdə müəyyən layihələri onlarla birgə həyata keçirməsi Azərbaycan diasporundakı mövcud problemlərin həllinə yaxından dəstək olacaq. Çox əfsuslar ki, Fazil Qurbanov soydaşlarımızın bu ümidlərini doğrultmadı. Qurum daxilində kök salıb, getdikcə saxələnən neqativliklər onların bu inamları üstə qara xətlər çəkdi. Halbuki soydaşlarımızın daha çox məskunlaşdığı bu nəhəng ölkədə təkcə Ümumrusiya Azərbaycanlıları Konqresi adlı bu böyük dəyərə sahib çıxmaq az, onu şaxələndirmək, inkişaf etdirmək, müasir standartlara uyğunlaşdırmaq isə, çox vacib idi. Təşkilat məhz bu məqsədlər üçün yaradılmışdı və qarşısına qoyulan digər vacib məsələlərdən biri ondan ibarət idi ki, burada yaşayan soydaşlarımızın hansısa siyasi güclərin əlində alətə çevrilməsinə imkan verməsin, buradakı hər bir diasporun bu ölkə ilə Vətənimiz arasında körpü rolunu oynamasına lazımi şərait yaratsın. Lakin gözlədiklərimiz olmadı. Bu böyük qurumun məsul vəzifə postlarını tutanlar xoş olmayan nələr törətmədilər?! Hər addımlarında ayrı-seçkiliyin və qərəzli münasibətlərin təzahürləri görünən bu şəxslərin Rusiya azərbaycanlılarının əsas diaspor qurumunun ictimai təşkilat funksiyasını itirməsinə və siyasi proseslərə qarışmasına qəsdən münbit şərait yaratmaları, problemlərin gündən-günə çoxalmasının başlıca səbəbinə çevrildi.
Rəhbərlik tərəfindən təşkilatın fəaliyyət prinsiplərinə bu cür yanaşma, diaspor qurumlarımız arasına ayrı-seçkilik, ədavət “toxumu səpilməsi”, onların rəhbərlərinə qarşı destruktiv mövqe, intriqaların süni şəkildə gücləndirilməsi, ümumi diaspor işinin xeyrinə olacaq birgə fəaliyət imkanlarının bilərəkdən məhdudlaşdırılması, soydaşlarımıza kömək etmək, yol göstərmək əvəzinə, onlara qarşı sayğısız münasibət göstərilməsi səbəbindən, milli diasporumuz gələcək hədəflərinə çata bilmədi, bu xətlə görülən möhtəşəm işlər belə çox vaxt kölgədə qaldı.
Bütün bunların isə, bir şərhi vardı: Azərbaycan həqiqətlərinin təbliği naminə gördükləri hansısa sanballı işləri ortada olmayan Fazil Qurbanov və onun komandasında cəmləşənlər, hər yerdə reallığı əks etdirməyən anlaşılmaz işlər görrməklə, işlərini bitmiş hesab edirdilər. Ən dəhşətlisi odur ki, bu işlərdə Azərbaycan və Rusiya arasında normal münasibətlərin inkişafı ideyası da müdafiə edilmirdi. Bu azmış kimi, öz fikri olan təşkilat rəhbərlərinə, fəal diasporçulara qarşı böhtanlar atır, onları qorxutmaq üçün, təhdidlərdən və müxtəlif təsir vasitələrindən belə yararlanırdılar. Anlaşılmaz münasibətlər fövqündə dayanan belə təqib-təhdidlər, bu iyrənclik mühitində daha geniş vüsət alaraq, diaspor işində təcrübəli mütəxəssis kimi uğurları danılmaz olan soydaşlarımıza təzadlı durumlar yaşatmaqla, onların canlarını boğazlarına yığırdı. Beləcə, özümüzünkülərin özümüzünkülər içində düşməni axtarmaları, mərdi qova-qova namərd etmələri “sapı özümüzdən olan baltalar” kimi pis bir anlamla sonuclanırdı.
Halbuki mövcud bu təşkilat, Rusiyada yaşayan digər çoxsaylı etnik və milli azlıqları birləşdirən təşkilat kimi, bu ölkənin ictimai-siyasi həyatında fəal iştirak edib, Azərbaycan-Rusiya münasibətlərinin şaxələndirilməsində və regionlararası əməkdaşlığın inkişaf etdirilməsində səmərəli rol oynamalı,
millətlərarası münasibətlərin tarazlığına, ölkədə aparılan islahatların konsepsiyasına, mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsinə xidmət etməli, bütün sahələrdə fəaliyyəti Azərbaycan-Rusiya münasibətlərində müsbət əks-səda doğurmalıydı. Təəssüf ki, Azərbaycan-Rusiya dialoqu və çoxşaxəli əməkdaşlığının dinamik inkişafı və dərinləşməsi şəraitində öz üzərinə mühüm öhdəliklər götürən böyük bir təşkilat tərəfindən atılan anlaşılmaz və gözlənilməz addımlar dövlətlərarası münasibətlərə də təhlükəli zərbə ola bilərdi. Halbuki bu öhdəliklər vicdanla yerinə yetirilsəydi, millətlərarası münasibətlərin tənzimlənməsi məsələsində balans qorunub saxlanılar və ədalət prinsipi pozulmazdı. Bunlar olmadı və deyilənlər, münasibətlərin perspektivi baxımından, hər kəsdə məyusluq doğurmağa başladı. Getdikcə şiddətlənən bu cür neqativliklər belə diaspor təşkilatı rəhbərinin vecinə olmadı. Bütün bu xoşagəlməzliklər isə, sonda, acı bir sonluqla nəticələndi.
Rusiya Federasiyası Ədliyyə Nazirliyinin vəsatəti əsasında Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsi barədə 2017-ci ilin may ayında qərar qəbul edildi. Rusiya Prezidentinin etnik icmalar arasında münasibətlərin inkişafına və Rusiyanın ictimai-siyasi həyatında daha yaxından iştirakına yönəlmiş siyasəti fonunda, qeyri-hökumət təşkilatı kimi bu ölkənin qanunları əsasında və bu qanunlara uyğun olaraq yaradılan Ümumrusiya Azərbaycanlıları Konqresinin bu tərzdə ləğvi ciddi təəssüf və təəccüb doğurdu.
Fəal diasporçu kimi tanıdığımız Azərbaycan və Rusiya Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, Rusiyadakı Heydər Əliyev adına Beynəlxalq Azərbaycan Forumunun, Heydər Əliyev Xeyriyyəcilik və Türkdilli Xalqlarla Slavyan Xalqları Arasında «Sodrujestvo» Əməkdaşlıq fondlarının yaradıcısı, hal-hazırda isə, Rusiyanın 30-dan çox regionunu əhatə edən Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Yedinstvo” (“Birlik”) Regionlararası Konqreslər Assosiasiyasının prezidenti Mirkazım Seyidovun bu günlərdə dünya azərbaycanlılarına və qonşu ölkədəki diaspor təşkilatlarının rəhbərlərinə ünvanladığı bir MÜRACİƏT də, FAZİL QURBANOVUN və onun ətrafında birləşənlərin pis əməlləri barədədir. Narahatlıq ifadəsi olan həmin MÜRACİƏTİ araz.az-ın oxucularının da diqqətinə çatdırırıq:
“ƏZİZ DOSTLAR! HÖRMƏTLİ HƏMKARLAR!
RUSİYA AZƏRBAYCANLILARININ DİASPOR FƏALİYYƏTİNDƏ CƏMİ BİR DƏFƏ TARİXİ HADİSƏ YAŞANDI; 2001-Cİ İLDƏ RUSİYA VƏ AZƏRBAYCAN PREZiDENTLƏRİNİN İŞTİRAK VƏ XEYİR-DUALARIYLA ÜMUMRUSİYA AZƏRBAYCANLILARI KONQRESİ FƏALİYYƏTƏ BAŞLADI. BU TARİXİ HADİSƏDƏN DƏRHAL SONRA FEDERASİYANIN ÇOXSAYLI REGİONLARINDA AZƏRBAYCAN MİLLİ-MƏDƏNİ MUXTARİYYATLARI VƏ DİGƏR ADLAR ALTINDA DİASPOR QURUMLARI YARADILMASINA BAXMAYARAQ, BİZ, YENƏ DƏ, LOBBİÇİLİYƏ GEDƏN DÜZGÜN YOLU MÜƏYYƏNLƏŞDİRƏ BİLMƏDİK. TƏƏSSÜFLƏR Kİ, ELƏ, BU ƏSAS SƏBƏBƏ GÖRƏ DƏ, ÇOXDAN YAŞADIĞIMIZ BU DÖVLƏTDƏ VAHİD BİRLİYƏ NAİL OLUB, SİYASİ GÜCƏ ÇEVRİLMƏDİK. BİR SÖZLƏ, ÜMUMRUSİYA AZƏRBAYCANLILARI KONQRESİNƏ RƏHBƏRLİK EDƏNLƏRİN SƏRİŞTƏSİZLİYİ UCBATINDAN, BU TƏŞKİLATIMIZ DA VAHİD BİR MƏRKƏZDƏN İDARƏ OLUNMADI.
NƏCİB BİR MƏQSƏDLƏ YARADILAN KONQRESİN ADINDAN HƏMİN ŞƏXSLƏRİN ÖZ MARAQLARI NAMİNƏ İSTİFADƏ ETMƏLƏRİ, ŞƏXSİ MƏNAFELƏRİNİ MİLLİ VƏ DÖVLƏT MARAQLARIMIZDAN ÜSTÜN TUTMALARI, SONDA, ÜRƏK AĞRILARIMIZA SƏBƏB NƏTİCƏ İLƏ YEKUNLAŞDI; RUSİYA ƏDLİYYƏ NAZİRLİYİNİN TƏLƏBİ VƏ MƏHKƏMƏ QƏRARI İLƏ, ÜMUMRUSİYA AZƏRBAYCANLILARI KONQRESİNİN FƏALİYYƏTİNƏ XİTAM VERİLDİ. HƏMYERLİLƏRİMİZİN BU İYRƏNC ƏMƏLLƏRİ VƏTƏNİMİZİN İMİCİNƏ DƏ BOYÜK BİR ZİYAN VURDU. BUNDAN SONRA, VAXTİLƏ, BELƏ BİR DİASPOR TƏŞKİLATINI GƏLİR MƏNBƏYİNƏ ÇEVİRƏNLƏRİN UZUN ZAMAN FƏAL DİASPORÇULARIMIZI VƏ ONLARIN TƏŞKİLATLARINI TAMAMİLƏ YADDAN ÇIXARMALARI, ƏMƏLİ İŞLƏRİNƏ DƏSTƏK OLMAMALARI DA, ONLARIN DAHA BİR BAĞIŞLANMAZ GÜNAHLARINA ÇEVRİLDİ.
BÜTÜN DEYİLƏNLƏRƏ BAXMAYARAQ, UNUTQAN HƏMİN ŞƏXSLƏR, YENƏ DƏ, ÖZ ÇİRKİN PLANLI İŞLƏRİNİ DAVAM ETDİRMƏK EŞQİNƏ DÜŞÜBLƏR. “DƏRİDƏN-QABIQDAN ÇIXIB”, SƏY GÖSTƏRİRLƏR Kİ, YENİ BİR VACİB TƏŞKİLAT YARATDIQLARI BARƏDƏ MƏLUMATLARI BU NƏHƏNG ÖLKƏNİN DÖRD BİR YANINA SƏPƏLƏNMİŞ SOYDAŞLARIMIZA ÇATDIRA BİLSİNLƏR. ÇOX UCUZ VƏ POPULİST ÇIXIŞLAR EDƏRƏK, YENİDƏN FƏAL DİASPOR TƏŞKİLATLARINI ONLARA DƏSTƏK OLMAĞA ÇAĞIRMAQDAN, ÖZ ƏTRAFLARINA DƏVƏT ETMƏKDƏN ÇƏKİNMİRLƏR. BU ZAMAN, HƏTTA AZƏRBAYCAN DÖVLƏT STRUKTURLARININ, ELƏCƏ DƏ CƏNAB PREZİDENT İLHAM ƏLİYEİN ADLARINDAN SUİ-İSTİFADƏDƏN BELƏ QORXMURLAR.
BU YAXINLARDA SOSİAL ŞƏBƏKƏLƏRDƏ UDMURTİYA VİLAYƏTİNDƏN OLAN YAŞA PAŞAYEV ADLI BİR ŞƏXSİN RUSİYADAKI DİASPOR TƏŞKİLATLARIMIZA GÜLÜNC BİR MÜRACİƏTİ YAYILDI. O, ÖZÜNÜ GÜLÜNC VƏZİYYƏTDƏ QOYMAQLA BƏRABƏR, HƏM DƏ YENİ TƏŞKİLAT AÇMAQ EŞQİNƏ DÜŞƏN FAZİL QURBANOVUN GÜCSÜZLÜYÜNÜ BİR DAHA AÇIQ-AŞKAR NÜMAYİŞ ETDİRDİ. SOYDAŞLARIMIZ NİGARAN QALMASINLAR DEYƏ, YAŞA PAŞAYEVİN SÖYLƏDİKLƏRİNİ OLDUĞU KİMİ QEYD EDİRƏM: “DİASPOR TƏŞKİLATLARI, EŞİDİN VƏ BİLİN, KİM BU GÜN FAZİL QURBANOVUN ƏTRAFINDA YOXDURSA, DEMƏLİ, O, AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ƏLEYHİNƏDİR. BİLİN VƏ AGAH OLUN Kİ, FAZİL QURBANOV PREZİDENTİN YAXIN QOHUMUDUR!”.
MƏNCƏ, ARTIQ ŞƏRHƏ EHTİYAC YOXDUR. FAZİL QURBANOVA İSƏ, BELƏ SUALIM VAR: “PREZİDENTİN ADINDAN MANİPULYASİYA NƏYƏ GƏRƏK?! QOHUMU OLARAQ, PREZİDENTİN DİASPOR SİYASƏTİNƏ HANSI DƏSTƏYİNİZ OLUB VƏ BUNDAN SONRA NƏYİ BACARARSINIZ?! AXI,
PREZİDENTİN QOHUMU OLMAQ BÖYÜK MƏSULİYYƏTDİR. SİZ, ƏGƏR, DOĞURDAN DA, PREZİDENTİN QOHUMUSUNUZSA, HEÇ VAXT İMKAN VERMƏMƏLİYDİNİZ Kİ, ÜMUMRUSİYA AZƏRBAYCANLILARI KONQRESİ KİMİ BİR TƏŞKİLATIN ACI BİR TALE AQİBƏTİ OLSUN. BU TƏŞKİLATIN BAĞLANMASI ULU ÖNDƏRİN RUHUNA HÖRMƏTSİZLİK, AZƏRBAYCAN DÖVLƏTİNİN VƏ ONUN RƏHBƏRİNİN BEYNƏLXALQ İMİCLƏRİNİ AŞAĞI SALMAQ, RUSİYADAKI HƏMVƏTƏNLƏRİMİZİN TALEYİNƏ AĞIR BİR ZƏRBƏ DEYİLDİMİ?!”.
BİR DİASPOR FƏALI KİMİ, MƏN ÖZÜM, ÜMUMRUSİYA AZƏRBAYCANLILARI KONQRESİNİN ACI BİR SONLUQLA BAĞLANMASI PROSESİNİN MÜŞAHİDƏÇİSİ OLMUŞ VƏ BU AĞIR İTKİYƏ GÖRƏ, OLMAZIN NARAHATLIQLARLA DOLU TƏƏSSÜF HİSSLƏRİ KEÇİRMİŞƏM. ELƏ, O VAXTDAN, BU QƏNAƏTƏ GƏLMİŞƏM Kİ, FAZİL QURBANOVUN VƏ ONUN ƏTRAFINDAKILARIN BAĞIŞLANMAZ GÜNAHLARININ NƏTİCƏSİ OLAN
BU AĞIR İTKİ, HƏM RUSİYA AZƏRBAYCANLILARINA, HƏM DƏ DAHA ÇOX ULU ÖNDƏRİN YARATDİĞİ VƏ HƏYATA KEÇİRDİYİ DÖVLƏTİN DİASPOR QURUCULUĞU SİYASƏTİNƏ XƏYANƏTDİR. BUNA GÖRƏ, GƏLƏCƏK NƏSİL DƏ, ONLARIN BU GÜNAHLARINI HEÇ VAXT BAĞIŞLAMAYACAQ.
BU GÜN RUSİYADAKI DİASPOR TƏŞKİLATLARIMIZIN BİR DAHA GÜCLƏNƏRƏK, VAHİD BİRLİYƏ ÇEVRİLMƏSİ ÜÇÜN ÇOX GÖZƏL ŞƏRAİT YARANİB. BU İLİN APREL AYINDA MOSKVA ŞƏHƏRİNDƏ FEDERASİYANIN 56 REGİONUNUN TƏMSİLÇİSİ OLAN DİASPOR QURUMLARIMIZIN NÜMAYƏNDƏLƏRİNİN TƏSİS KONFRANSINI KEÇİRDİYİ RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQI YARANIB. TƏSİS KONFRANSINDA FÜZULİ MƏMMƏDOV QURUMUN PREZİDENTİ SEÇİLİB. BİR LİDER KİMİ, QIŞA MÜDDƏT ƏRZİNDƏ HƏYATA KEÇİRDİYİ İŞLƏR, HƏM DƏ ONUN ÖNCƏDƏN İRƏLİ SÜRDÜYÜ BİRLİK İDEYALARININ TƏŞKİLATIN GƏLƏCƏK FƏALİYYƏTİNİ TAM ƏHATƏ EDƏCƏYİNİ, BU İTTİFAQIN TƏMƏLİNDƏ İSƏ, ULU ÖNDƏRİN ZƏNGİN TÖVSİYYƏLƏRİNİN HƏMİŞƏLİK DAYANACAĞINI İNDİDƏN TƏSDİQLƏYİR.
QURUMUN GƏLƏCƏK UĞURLU FƏALİYYƏTİ İNDİDƏN GÖRÜNDÜYÜNDƏN, BUNU, FAZİL QURBANOVUN VƏ ONUN KİMİLƏRİN GÖZLƏRİ GÖTÜRMÜR. ELƏ, BUNA GÖRƏDİR Kİ, DİASPOR TƏŞKİLATI YARATMAQ ÜÇÜN, “DƏRİDƏN-QABIQDAN ÇIXIR”, BU BARƏDƏ YALANDAN XƏBƏRLƏR YAYMAQLA, RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQININ İŞİNƏ MANE OLMAĞA ÇALIŞIRLAR. SANKİ QƏRƏZİ, XAİNLİYİ, GÖZGÖTÜRMƏZLİYİ HƏYAT MƏNALARINA ÇEVİRƏN BELƏLƏRİ ÜÇÜN, VƏTƏN VƏ MİLLƏT SEVGİSİ ÖNƏM DAŞIMIR.
DİQQƏTİNİZƏ ÇATDIRIM Kİ, BU İLİN OKTYABR AYININ 12-DƏ MOSKVA ŞƏHƏRİNDƏ RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQININ İKİNCİ FORUMU ÖZ İŞİNƏ BAŞLAYACAQ. TƏKCƏ RUSİYADAKI DİASPOR TƏŞKİLATLARIMIZIN DEYİL, BÜTUN DÜNYADAKI AZƏRBAYCAN DİASPOR QURUMLARININ HƏYATLARINDA DA, BU FORUMUN TARİXİ ÖNƏM DAŞIYACAĞINA VƏ ŞANLI HADİSƏYƏ ÇEVRİLƏCƏYİNƏ ŞÜBHƏ ETMİRƏM. ONA GÖRƏ Kİ, 2001-Cİ İLDƏN BU YANA DÜNYANIN HEÇ BİR ÖLKƏSİNDƏ LOBBİÇİLİYƏ GEDƏN YOLUN TƏMƏLİNİ MONOLİTLƏŞDİRMƏYƏ, VAHİD MİLLİ BİRLİK YARATMAĞA MƏSUL OLAN DİASPOR TƏŞKİLATLARIMIZIN FƏALİYYƏTİNİ GÜCLƏNDİRMƏK ÜÇÜN BÜDCƏ AYIRMAĞA TƏSADÜF EDİLMƏYİB. LAKİN RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQI ÜÇÜN 2020-Cİ İLƏ AYIRILACAQ BÜDCƏ BU FORUMDA MÜZAKİRƏYƏ ÇIXARILACAQ. FORUMDA DÖVLƏTİMİZİN VƏ XALQIMIZIN MARAQLARI NAMİNƏ MÜHÜM ƏHƏMİYYƏT KƏSB EDƏN ƏN MÜHÜM MƏSƏLƏLƏRİN DƏRİNDƏN MÜZAKİRƏSİ DƏ PLANLAŞDIRILIB. EYNİ ZAMANDA, RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQININ FƏALİYYƏT PROQRAMINDA HƏDƏFƏ GOTÜRDÜYÜ ƏSAS İSTİQAMƏTLƏRDƏN BİRİ — AZƏRBAYCANDAN KƏNARDAKI GƏNCLƏRİMİZİN YAŞADIQLARI ÖLKƏLƏRİN İCTİMAİ-SİYASİ HƏYATINDA FƏAL İŞTİRAKÇIYA ÇEVRİLMƏSİNƏ DƏSTƏK OLMAĞIN VƏ ONLARIN MƏQSƏDYÖNLÜ ŞƏKİLDƏ MÜXTƏLİF SEÇKİLİ ORQANLARDA, SİYASİ ARENALARDA, DÖVLƏT STRUKTURLARINDA TƏMSİL OLUNMALARINA ASAN ŞƏKİLDƏ KÖMƏK ETMƏYİN YOLLARI MÜZAKİRƏ EDİLƏCƏK. BÜTÜN BUNLARDAN ƏLAVƏ, FORUMDA RAİ ÖZÜNÜN ANALOQU OLMAYACAQ AĞSAQQALLAR ŞURASINI SEÇƏCƏK. MARAQLI ORASIDIR Kİ, FÜZULİ MƏMMƏDOVUN TƏKLİFİ İLƏ, AĞSAQQALAR ŞURASINA BÖYÜK SƏLAHİYYƏTLƏR VERİLƏCƏK. MƏN, DİASPOR İŞİNDƏ BÖYÜK TƏCRÜBƏ SAHİBİ OLAN BİR FƏAL KİMİ, DİASPOR TƏŞKİLATLARIMIZIN RƏHBƏRLƏRİNƏ MÜRACİƏT EDİRƏM: VAHİD BİR QÜVVƏYƏ ÇEVRİLMƏYİMİZ ÜÇÜN, BİZƏ, TANRI TƏRƏFİNDƏN GÖZƏL BİR ŞANS VERİLİB. RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQININ PLATFORMASININ ŞƏFFAFLIĞI VƏ DEMOKRATİKLİYİ, GƏLƏCƏK PROQRAM LAYİHƏLƏRİNİN LOBBİÇİLİYİN MÖHKƏMLƏNMƏSİ, HƏR BİR HƏMVƏTƏNLİMİZİN RİFAH HALININ YAXŞILAŞMASI, MİLLİ MƏNAFE VƏ DÖVLƏT MARAQLARI NAMİNƏ HESABLANMASI MƏNİM BU QƏNAƏTƏ GƏLMƏYİMİN BAŞLICA SƏBƏBLƏRİDİR. GÖRÜLƏCƏK BU ALQIŞALAYİQ İŞLƏRİN KÖKÜNDƏ SONSUZ VƏTƏN VƏ MİLLƏT SEVGİSİ, İNSANA ZÖVQ VERƏN XALQA TƏMƏNNASIZ XİDMƏTİN BARİZ NÜMUNƏLƏRİ DURDUĞUNDAN, HƏR BİR SOYDAŞIMIZI RUSİYA AZƏRBAYCANLILARI İTTİFAQİNIN ƏTRAFINDA SIX BİRLİYƏ ÇAĞIRIRAM!”.
Maraqlı olar deyə, oxucularımızın diqqətinə çatdırırıq ki, xaricdə yaşayan soydaşlarımızın diaspor birliyinin daha bir uğurunu rəsmiləşdirmək məqsədilə, dörd ay əvvəl Rusiyanın paytaxtı Moskva şəhərində öz səs-küylü təsis konfransını keçirən Rusiya Azərbaycanlıları İttifaqı, artıq, özünün İkinci Forumunu keçirəcək. İştirakçılarının qeydiyyatı başlayan bu forum oktyabr ayının 19-da Federasiyanın ən elitar beşulduzlu mehmanxanalarından birində — Kremlin iki addımlığında, Moskva çayının sahilində yerləşən “Prezident-Hotel”-in ən böyük yığıncaq zalında öz işinə başlayacaq. Moskva mənbələrimizdən araz.az xəbər portalına daxil olan məlumatda bildirilir ki, baş tutacaq bu önəmli tədbirin 200 nəfərə yaxın iştirakçısı olacaq. Onlar Federasiyanın bütün regionlarını təmsil edən, Rusiya Azərbaycanlıları İttifaqına daxil olan və RAİ-nin üzvü olmayan müxtəlif diaspor təşkilatlarının rəhbərləri, eləcə də Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin və digər yuxarı dövlət qurumlarının rəsmiləri, həmçinin Avropa, Yaxın Şərq, Orta Asiya ölkələrinin və Rusiyanın ictimai-siyasi həyatında fəallıqları ilə seçilən, həmin dövlətlərin elmi-mədəni elitalarına daxil olmağı bacaran, müxtəlif subyektlərdə ziyalı, aydın fikir sahibi, iş adamı, sənət və peşə sahibi, ictimai-siyasi xadim kimi yaxşı tanınan soydaşlarımızdır.
Dövlət himninin səslənməsi ilə start götürəcək və əsas məqsədi ümummilli birliyi qorumaq və dəstəkləmək naminə əsas dəyərlər ətrafında Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının səylərini birləşdirmək və Federasiyanın bütün regionlarındakı Azərbaycan diasporunun inkişaf strategiyasının hazırlanmasında vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək olan bu forumun gündəliyinə maraqlı məsələlər salınıb. “Azərbaycan diasporu qloballaşan dünyada: mövcud vəziyyət və inkişafın perspektivləri” adlı iki hissəli bu tarixi tədbirdə “Azərbaycan diasporu: müasir çağırışlar və sistemli fəaliyyətin təşkili”, “Rusiyadakı Azərbaycan diasporu və Rusiya — Azərbaycan əlaqələri”, “Azərbaycan diasporu dövlətlərarası münasibətlərdə amil kimi”, “Azərbaycan diasporunun Azərbaycan dövlətilə əməkdaşlığı”. “Rusiyadakı Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə ekspert rəyi”, “KİV-in və sosial medianın azərbaycan diasporunun müasir əlaqə mühitindəki rolu”, “Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycan diasporunun diqqət mərkəzində”, eləcə də “Lobbizm və diaspora”, RAİ-nin 2020- ci il üçün iş planı kimi məsələlər müzakirə ediləcək.
Qərara alınıb ki, Forum Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunan maraqlı konsert proqramı ilə yekunlaşsın.
Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun təşkilatçılığı ilə keçiriləcək bu tədbirin, həmçinin ayrı-ayrı regionlardan və ölkələrdən olacaq dəvətlilərin bütün xərclərini də, adıçəkilən Fond öz üzərinə götürüb.
Sonda onu da qeyd etmək istərdik ki, Rusiyada məskunlaşan bütün həmyerlilərimizin təşkilatlandırılmasında, Federasiyanın ucsuz-bucaqsız regionlarına səpələnmiş soydaşlarımız arasında əlaqələr qurub, onu daha da genişləndirmək, bu yöndə birgə tədbirlər həyata keçirmək, onların təşkilatlanması yolunda yeni yaradılan bütün qurumların birlikdə fəaliyəti göstərmələri üçün, konkret fəaliyyət konsepsiyasının tələbələrindən irəli gələn xeyirli mühüm işlər həyata keçirmək mümkün olur. Təəssüf ki, qərəzi, xainliyi, gözgötürməzliyi… fəaliyyətlərinin əsas mahiyyətinə çevirən Fazil Qurbanov kimiləri, diasporumuzun işini üstün yüksək səviyyəyə gətirmək üçün əzmlə çalışan belə diaspor fəallarının da normal işləmələrinə imkan vermir, onları çətinliklərlə üz-üzə qoyur, ortada heç nədən konfliktlər yaradırlar. Onları neytrallaşdırmaq üçün, regional təşkilatlarda universal, ağıllı və cəsarətli insanlar çalışsalar da, bu tip insanların törətdiklərindən, soydaşlarımız arasında yaratdıqları konfliktlərdən uzaq düşmək olmur. Təəssüb vətənsevərləri münaqişə meydanlarına ona görə çəkir ki, onların törətdiklərinin böyüməsinin vaxtında qarşısını ala bilsinlər. Soydaşlarımızın taleyi ilə aktiv şəkildə məşğul olan belələri, məhz, xalqımızın mənafeyindən çıxış etməyi qarşılarına yeganə məqsəd qoyanlardır. Ümumiyyətlə, müasirliyin sosial-ictimai mənzərəsi yeni anlayışlarla zənginləşdiyi, Rusiya və Azərbaycan prezidentlərinin birgə səyləri nəticəsində ölkələrimiz arasında münasibətlərin yeni məzmun aldığını və bunun gələcəkdə daha da inkişaf edəcəyinə əmin olduqlarını vurğuladıqları bir vaxtda, vaxtilə böyük bir diaspor qurumumuza rəhbərlik etmiş həmyerlimizin belə cılız işlərlə məşğul olmasına heç cür haqq qazandırmaq olmur.
Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.