Suriyada yenidən başlayan silahlı toqquşmalar vətəndaş müharibəsi deyil. Bu, həqiqətdə belədir — regionda güclər arasında başlayan nüfuz uğrunda həlledici  müharibədir. Rusiyanın Suriyadan əsas hərbi qüvvələrini çıxarması, Hizbullahın zəiflədilməsi, İranın regional siyasətindəki ciddi problemlər… də, elə, buna görədir.

Bir sözlə, baş verənlər Suriyada Türkiyəyə qarşı yeni planların həyata keçirildiyinə dəlalət edir. Xüsusi olaraq onu qeyd etmək istərdim ki, PKK-YPG terror birliyinin nəzarət etdiyi ərazilərdə kürd dövlətinin  qurulması belə, qabaqcadan düşünülən strateji planda olub. Əsas odur ki, İsrailin  Suriyaya hücum edib, PKK-YPG-yə ciddi hərbi və siyasi dəstək verməsi ilə, burada Türkiyəyə qarşı problemlərin yaradılması gözlənilirdi. Amma, demək olar ki, Türkiyə bu planlar əsasında baş verə biləcək prosesləri qabaqlamış oldu. Elə, bir-neçə dəfə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Bəşər Ədədlə ona görə görüş təklifləri edilirdi ki, ortaq bir hərəkətlə, həm Suriyada təhlükəsizlik təmin edilsin, həm də PKK-YPG terroruna son qoyulsun. Amma Bəşər Əsəd görüş təkliflərini qəbul etmədi.

Türkiyənin sabiq müdafiə naziri, TBMM üzvü Hulusi  Akarın “Bəşər Əsəd Türkiyə prezidenti ilə vaxtında görüşüb, danışmaq şərtini qəbul etmədiyi üçün, hazırkı durumla üzləşdi” qeydləri də, siyasi vəziyyətin Ankara üçün strateji məsələ olduğunu ortaya qoymuş oldu.

Son nəticə kimi, onu da qeyd etmək vacibdir ki, İran da, Suriyada baş verənlərə seyrçi qalmaq istəmir. Dəstəklədiyi “Haşdi Şabi” və “Kətaib Hizbullah” milis dəstələrini İraqdan Suriyaya döyüşmək üçün göndərib. Suriyada Türkiyə və İrana bağlı güclər qarşı-qarşıya gəlir. Türkiyənin isə, burada tam olaraq taktiki və strateji qələbə əldə edəcəyi mümkün görünür. ABŞ da proseslərdən kənardadı. Ankara bununla bağlı Vaşinqtona çoxdan xəbərdarlıq edib. Durumun bu səviyyəyə qalxması da, elə, bunlara görədir.

Məhəmməd ƏSƏDULLAZADƏ,                  MCP-nin Başqan müavini, siyasi ekspert.

araz.az xəbər portalı.