Zeynab Kazımova
Bütün müəllim uşaqları kimi, mən də evimizdə qab-qacaq, bər-bəzəkdən daha çox kitab, jurnal, dərgi, kataloq, qəzet gördüm. Hərfləri tanıyandan “yuxarıkı ev” dediyimiz evimizin ikinci mərtəbəsindəki aynabəndin baş tərəfində qoyulmuş nəhəng kitab şkafının bizim evdə ən dəyərli, ən qiymətli guşə olduğunu kiçik yaşlarımdan anladım, ailəmiz üçün ən vacib və böyük dəyərin məhz həmin o şkafda olduğunu hələ uşaqkən sezdim.
Artıq məktəb illəri dövründə günümün çox hissəsi həmin şkafın önündə keçdi. Saatlarla o şkafın qapısı önündə oturub əlimə keçən kitab, qəzet, jurnalları oxuyurdum. Həyatımda qazandığım ən böyük uğurlarımın bir hissəsini də məhz o mütaliələrə də borcluyam desəm, bəlkə də, yanılmaram! Həmin şkafdakılar həm də anama 8 mart günü və digər bayramlarda şagirdləri tərəfindən verilən açıqca və kitablarla dolu idi.
Bir də o şkafdakı xüsusi bir “göz”də anamın qəzet və jurnalları vardı: “Azərbaycan”, “Qobustan”, “Ədəbiyyat”, Elm və həyat”, “Ulduz”, “Gənclik” və s. jurnallar, gündəlik dövri nəşrlər, nələr…nələr…
O qəzetlərin içərisində bir qəzet və bir jurnal bu günədək mənim üçün o qədər doğma, o qədər əzizidir, o qədər müqəddəsdir ki, sözlə ifadə etməkdə belə çətinlik çəkirəm. Bunlar “Azərbaycan müəllmi” qəzeti və “Azərbaycan qadını” jurnalı idi.
Poçtalyon Məmməd kişi də qışın qarında, yayın istisində, digər qəzetlərlə birgə, məhz bu iki mətbu nəşri xüsusi təqdim edirdi: “Fəridə müəllimənin qəzeti də (və yaxud jurnalı da) gəlib” – deyirdi.
Hər iki mətbu nəşr mənə Anam qədər doğmadır. “Azərbaycan qadını” jurnalını bəlkə də yüz dəfə vərəqləyirdim, hər yazını 5 dəfə oxuyurdum, ordakı imzalara heyranlıqla baxır, yadımda saxlamağa çalışırdım.
“Azərbaycan müəllmi” qəzetindəki yazıları birnəfəsə oxuyub bitirirdim, bəzən hansısa elmi-pedaqoji mövzuda yazını da axiradək oxuyurdum…
2006-cı ildən təhsil sahəsində çalışdığımdan, mənə Anamın yadigarı olan “Azərbaycan müəllimi” qəzeti daha da döğma və yaxın oldu. Bu qəzeti hər dəfə əlimə alıb vərəqləyəndə yenə Məmməd kişinin səsi gəlir qulağıma, gözümün önündən kino lenti kimi bir səhnə keçir. Bu kiçik epizodda yaşlı poçtalyon əlındəki qəzet və jurnal bükümünü uclarına kəpənəkli bant bağlanmış qoşa hörüklü, arıq, qaragöz bir qıza tərəf uzadaraq məhz belə deyir: “Fəridə müəllimənin qəzeti də gəlib”…
85 yaşın mübarək, “Azərbaycan müəllimi”!
/modern.az/
araz.az xəbər portalı.