İranın xarici işlər naziri Abbas Araqçı Suriyadan Türkiyəyə gəlib. O, Dəməşqdə Suriya Prezidenti Bəşər Əsədlə görüşdə son günlər baş verənləri müzakirə edib. Nazir rəsmi Tehranın Əsədi bütün istiqamətlərdə müdafiə edəcəyi barədə ismarışını çatdırıb. İranlı nazirin dekabrın 2-də Ankarada Türkiyənin yüksək vəzifəliləri ilə görüşü planlaşdırılır.
Suriyada 4 ildir dondurulmuş münaqişənin yenidən alovlanması Yaxın Şərqdə kartların yenidən paylanmasına, balansın dəyişməsinə gətirib çıxardı. İslamçı Heyət Təhrir əş-Şam (HTŞ) qruplaşması və Suriya Milli Ordusuna (SMO) mənsub sünni qrupların Bəşər Əsəd rejiminə qarşı ani hücuma başlaması, qısa zamanda İdlib, Hələbi ələ keçiriməsi, Həmaya hücum etməsi və Ankaranın bu qüvvələrə dəstək verməsi Əsədi küncə sıxışdırdı.
Türkiyə dəstəkli müxalif qrupların Suriyada aktivləşməsi gözlənilsə də, Əsədin buna hazırlıqsız olduğu aydın sezilir. Xüsusilə onun ani və gizli şəkildə Rusiyaya getməsi (rəsmi məlumat yoxdur – red.), İranın xarici işlər naziri Abbas Araqçının öncə Suriyaya, sonra Türkiyəyə səfər etməsi vəziyyətin kritik olmasından xəbər verir.
Ankaranın seçdiyi vaxt olduqca əlverişlidir. Belə ki, Rusiyanın başı Ukrayna ilə müharibəyə qarışıb, İran-İsrail gərginliyi davam edir, ABŞ-da isə Donald Trampın vəzifəyə başlamasına hazırlıq gedir. Türkiyə bundan istifadə edərək Suriyada vəziyyəti xeyrinə dəyişmək istəyir.
Abbas Araqçının Türkiyəyə səfəri isə Əsədin ata biləcəyi ən yaxşı diplomatik addım idi. Suriya hökumətinin terror hücumlarından qorunmaq üçün İrana müraciət etdiyi bildirilir. Bu o deməkdir ki, tərəflər birgə hərəkət etmək barədə razılığa gəlib, hazırda formal prosedur məsələləri həll olunur. Mümkündür ki, bu məsələ Suriya Prezidenti Bəşər Əsədlə Dəməşqdə İran XİN başçısı Abbas Araqçı arasında görüşdə müzakirə edilib.
Araqçı Suriyadan Türkiyəyə səfər edərək yarıtəhdid, yarıxahiş ritorikası ilə Ankara və Dəməşq arasında vasitəçilik etməyə çalışır. Onu da deyim ki, Suriya Prezidenti Bəşər Əsəd İraqdan Türkiyə ilə danışıqlarda vasitəçilik etməsini istəyib, lakin Bağdad buna cavab verməyib.
Əsəd hazırda düşdüyü vəziyyəti özü yaradıb. Çünki Türkiyə Prezidenti Ərdoğan dəfələrlə Suriya ilə birbaşa danışıqlara hazır olduqlarını bildirsə də, müsbət cavab almamışdı.
Araqçı Əsədin son şansıdır. İran Türkiyə ilə dialoqa nail olmasa, Əsəd rejiminin devrilməsi istisna deyil.
Turan RZAYEV, politoloq, globalinfo.az-ın siyasət yazarı.
araz.az xəbər portalı.