z11515532707.jpg


 Araz.az Azərbaycan Cümhuriyyətinin yüzillik yubileyi münasibətilə silsilə yazılarını davam etdirir. Artıq bir neçə aydır ki, bu layihəni – AXC-100-davam etdiririk. Lakin az nəzərə aldığımız bir detal var ki, silsilə yazılarda ona da diqqət etməyi lazım bildik. Söhbət Cümhuriyyət barəsində araşdırmalar aparan, bütün ömrünü, fəaliyyətini bu şanlı tarixə həsr edən araşdırmaçıların uzun illər bundan əvvəl çıxan ən maraqlı yazılarını təqdim etməkdən gedir.

Başlayaq, mərhum Zakir Sadatlıdan. O, elmi dərəcəsi olan alim olmayıb. Lakin yazıçılıq və jurnalistika ilə yanaşı, Cümhuriyyət dövrü ilə bağlı çox ciddi araşdırmalar aparıb. Bu araşdırmalar o zaman həm dövlət radiosunda, həm də o vaxtın mətbuat orqanlarında yayımlanırdı.

Qeyd edək ki, Zakir müəllim Cümhuriyyətlə bağlı araşdırmalar aparan zaman bu işlə çox az adam məşğul olurdu. Elə isə başladıq Zakir Sadatlı “İz – Cümhuriyyətdən Cümhuriyyətə” silsilə yazılarında ADR barəsində çox maraqlı essevari fikirlər səsləndirib:

İz haqqında yaddaşımdakı izlər

 

“…Başımız oynamağa qarışardı. Bir də o vaxt xəbər tutardıq ki, quzular yoxdu…

Ətraf qalın meşə, kol-kos və hava da qır duman… Evdə döyülmək qorxusu… Tap itiyini, görüm necə tapırsan…

Dərhal başlayırdıq əl ağacını qarışlamağa:

Əl ağacı…

Bel ağacı…

Mal itirib –

Mal tapan!

Əl ağacını qarışlaya-qarışlaya ölçüb, bu ibtidai nəğmələri təkrarlaya-təkrarlaya dodaqaltı vird eləyərdik. Bu “inanc nəğməsi”nin şərti beləydi ki, axırıncı misranı deyəndə “qarış” ağacın son ucuna çatırdısa, deməli, narahat olmağa dəyməzdi. Hər şey yaxşı qurtarmalıydı – itiyimiz tapılmalıydı…

Biz o vaxtlar çox uşaq idik. Bütün inamların sehriylə yaşayırdıq. Ürəyimizə, ruhumuza şübhələr, tərəddüdlər yol açmamışdı, cığır salıb iz qoymamışdı.

…Bir-iki saat ora-bura vurnuxardıq. Quzular tapılmayanda narahatlıq hissiylə o “mahnı” da, onun sehri də cəfəng söhbət kimi duyğularımızda küt bir iz qoyub qeybə çəkilirdi…

Uşaq hisslərini qamarlayan bu inam öz zəhmli görkəmindəki ciddiliyi “uzun müddət qoruyub” saxlaya bilməzdi.

   Şərəfli tariximizin Bir il on bir ayı!

Tarixin tabutu üstündə ağı

Fərqi yoxdu. Bu müddəti aylara bölüb iyirmi üç ay da demək olar. Lap bu ayları günlərə, günləri saatlara, dəqiqələrə, saniyələrə bölüb yuvarlaq bir rəqəm də almaq mümkündür. Lakin bu “riyazi əməliyyatlarla” zamanın konkret ölçüsünə, olub keçmiş vaxtın məna tutumuna heç nəyi əlavə edə bilmərik. Bu tarixə hansı səmtdən yanaşsaq da, duya biləcəyimiz qürur və şərəf hissi artıb-azalmayacaq.

Bu, bizim Tariximizdir!

Bu Tarix bizimdir!

Bu bizim alın yazımız, tale payımızdır!

Yerlərdən, göylərdən şəfa diləyəndə, dünyadan möcüzə istəyəndə, inancımıza and yeri axtaranda o İyirmi Üç Ayın mübarək dərgahına üz qoymalı olacağıq. Axı insan dünyanın bütün müqəddəsliyinə inanır. Tarix də vaxtın keçmişdə qalan bütöv və müqəddəs bir parçasıdır. O daim bu gün və gələcək üzərində öz hakimi-mütləqliyini saxlayır.

Tarix üçün “köks ötürmək qədər” qısa bir vaxt olan Müstəqil Azərbaycan Dövlətinin 23 aylıq mövcudluğu xalqımızın son yüzilliyindəki həyatında əsl siyasi intibah dövrüdür. Bütün Yaxın Şərqdə, habelə müsəlman dünyasında ilk demokratik respublikanın təsisi, milli dövlət quruculuğu xalqımızın azadlıqsevər, milli-bəşəri keyfiyyətlərinin təcəssümüdür.

Rəhmətlik Zakir müəllim çox peşəkar yazıçı idi. Dilinin rəvanlığı və səlisliyi publisistikası və ADR-lə bağlı araşdırmalarında özünü göstərir. Qarşımızdakı qəzet səhifəsini vərəqləyirik…. Zakir müəllim Cümhuriyyət tarixinə, onun fədailərinin ağrılı taleyinə necə gözəl işıq salır…

Tiflis qəbirstanlığına  ezamiyyət

…Sənədləri sahmanlayıb asudə nəfəs almaq istəyirdim ki, kinooperatorumuz hövlank özünü yetirdi.

Deyəsən, harasa tələsirdi.

– Qədeş, Tiflisə nə vaxt çıxırıq?

– Sabah axşam… qatarla.

– Orada nəyi çəkməliyik?

Düşünürəm: “Buna noolub, niyə narahatdı? Deyəsən, at almamış axur hazırlamaq istəyir”…

“Yox, zarafatsız ötüşmək mümkün deyil”.

– Fətəli xan Xoyskidən müsahibə almalıyıq – deyirəm.

– Hə…ə… (üzündəki ciddi təsdiq işarəsi ilə demək istəyir ki, guya hər şeyi kamali-ədəblə başa düşdü).

Duzsuz və yarılaqeyid zarafatımla heyrətamiz bir “kələfin ucunu ələ keçirmişəm” deyəsən. Hər halda, şübhələrimi tam dağıtmaq marağı ilə dilimi dinc qoymuram:

– Fətəli xan Xoyskini tanıyırsan da?

– Əlbəttə, qədeş!

– Görəsən, heç onu televiziyaya çəkən olubmu?

– Vallah, deyəsən “Xəbərlərin” uşaqları keçən il ondan müsahibə almışdılar. İndi mən öyrənib deyərəm sənə…

Operator dostum getdi “faktı” dəqiqləşdirməyə…

Mən isə başımı tutdum… getdim o illərə…

 

İz haqqında yaddaşımdakı 2-ci iz

 

… Sonralar özlüyümüzdə itik axtarışının guya bir az “sivil”, bir az da “ağlabatan” formasını tapmışdıq: İki çöp götürüb onlara gizlincə ad qoyardıq – “Əli püşkü”…

Və çöpləri, belə “adqoyma məşvərəti”ndən xəbərsiz olan üçüncü yoldaşımıza verərdik. O da “ad”ını bilmədiyi çöplərin hərəsini bir səmtə tullayardı. “Qanun beləydi ki, biz mütləq “Əli püşkü…” tuşlanan tərəfə getməliydik. İtiyimiz səmtdən tapılmalıydı.

Belə “axtarışlar”ın da təcrübəmdə gah uğurlu, gah da uğursuz nəticəsini görmüşəm. Amma insafla deyəndə  noolar, “birinciyə” baxanda “ikinci” inacımızın üstün tərəfləri olurdu. “Birinci” inancımızı sırf arxayınçılıq müşayiət edirdisə, “ikinci”də hərəkət, istiqamət və axtarış varıydı. Modern.az

araz.az xəbər portalı.