Turan RZAYEV,                                      politoloq, globalinfo.az-ın siyasət yazarı.         ————————————————————–

Suriya lideri Bəşər Əsədin hakimiyyəti təhdid altındadır. Belə ki, rejim Heyət Təhrir əş-Şam (HTŞ) qruplaşması və Suriya Milli Ordusuna (SMO) mənsub sünni qrupların hücumlarını dayandıra bilmir. İranın xarici işlər naziri Abbas Araqçının öncə Suriyaya, sonra Türkiyəyə səfəri də bunu deməyə əsas verir.

Əsədin indiki məqamda yardım istəyə biləcəyi iki ölkə var:

1. Rusiya;
2. İran.

Kreml hələlik vəziyyəti izləyir, dəyərləndirmə aparır. Bu təmkinli yanaşmanın digər səbəbi Ukrayna müharibəsidir. İran isə diplomatik sferada aktivdir. Bununla belə, Suriya hökumətinin terror hücumlarından qorunmaq üçün İrana rəsmi şəkildə müraciət etdiyi bildirilir. Hətta ötən gecədən etibarən İranın İraqdakı proksi qüvvəsi “Həşdi Şabi” və SEPAH-a bağlı qüvvələrin Əsədə dəstək məqsədi ilə Suriyaya gəldiyi iddia olunur.

İran maksimum dərəcədə çalışacaq ki, prosesləri diplomatik yolla tənzimləsin. Əsəd rejiminin devrilməsi Tehranın “şiə hilalı” layihəsinin fiaskosu deməkdir. Buna görə də rəsmi olmasa da, proksi qüvvələri ilə Əsədə dəstək verəcək.

“Həşdi Şabi” və digər başqa İranyönlü silahlı qrupların Əsədə yardıma getməsi regionda fərqli proseslərə gətirib çıxara bilər. Xüsusilə bu, Təl-Əvivin proseslərə müdaxilə etməsi ilə nəticələnə bilər.

İsrail İran proksiləri olan HƏMAS və “Hizbullah”a onsuz da ciddi zərər vurub. Əsəd rejiminin devrilməsi və bu istiqamətdə ona dəstək verəcək başqa qrupların da sıradan çıxması Təl-Əvivin maraqlarına uyğundur. Vəziyyətdən asılı olaraq Ankara və Təl-Əviv ortaq hərəkət edə bilər. Söhbət konkret çiyin-çiyinə döyüşməkdən getmir. Aydın məsələdir ki, Türkiyənin hazırkı proseslərdə öz maraqları var. Amma bəzən ortaq maraqlar düşmənləri belə əməkdaşlığa sövq edə bilir. Əsəd həm Təl-Əvivin, həm də Ankaranın ortaq rəqibidir. Hər iki ölkənin Suriyada marağı var. Əsədə dəstək verən istənilən qüvvə bu ikilinin rəqibi halına gəlir.

Mümkündür ki, Ankara və Təl-Əviv kəşfiyyat, ya da aviasiya hücumları kimi ortaq əməliyyatlar reallaşdırsın. Lakin bu, genişmiqyaslı yox, məhəlli əməkdaşlıq ola bilər.

 

araz.az xəbər portalı.