“İndiyədək bələdiyyələr alverçi qurum, icra hakimiyyətlərinin əlaltısı kimi tanınıb” — HAFİZ HACIYEV 

Xəbər verildiyi kimi, 2025-ci ilin yanvar ayının 29-da Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Siyasi partiyaların da bu seçkilərdə aktiv olacağı gözlənilir.

araz.az bildirir ki, bələdiyyə seçkiləri ilə bağlı fikirlərini versus.Az-a açıqlayan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bildirib ki, partiyanın rəhbərliyində seçkilərdən gözləntilər yüksəkdir və yüksək fikirlər var.

Partiya sədri bununla yanaşı bələdiyyələrin nüfuzunun artmasını çox istədiklərini vurğulayıb. Qeyd edib ki, bələdiyyələrin iş prinsipləri genişləndirilsə, çox yaxşı olardı:

“Məsələn, bu gün görürük ki, bir çox rayon icra hakimiyyətlərində ölkə başçısının tapşırıqları yerinə yetirilməkdənsə, “kabinet padşahlığı” höküm sürür, burada eyiş-işarətlə məşğuldular, qapı açıb-bağlamaq satışıyla məşğuldular. Beləcə, xalqı dövlətdən narazı salırlar. Bütün bunlar günümüzün acı reallıqlarındandır. Təəssüflər olsun ki, bu reallıqları diqqətə çatdıranda adama düşmən kimi baxırlar. Buna baxmayaraq, mən və rəhbəri olduğum partiya hər zaman dövlət üçün canını verənlərdən olmuşuq. Vəziyyətə baxanda əminliklə deyə bilərəm ki, dövlətimizi, onun rəhbəri cənab İlham Əliyevi bundan sonra da müdafiə edən yeganə şəxs Hafiz Hacıyev və MMP olacaq. Bu, mənim ölkə başçısına olan böyük hörmət və məhəbbətimdən irəli gəlir”.

İcra hakimiyyətlərinin bələdiyyələri önəmsizləşdirdiyini qeyd edən H.Hacıyevin sözlərinə görə, bələdiyyələr bu gün heç bir səlahiyyəti olmayan qurum təsirini bağışlayır:

“İstərdim ki, icra hakimiyyətləri ümumiyyətlə ləğv edilsin. Axı nə ilə məşğuldular? Sovxozu yox, kolxozu yox, məhsul istehsalıyla məşğul olmurlar. Yəni normal fəaliyyətləri yoxdur. İşləri-peşələri sakinləri narazı salmaq, dövlətlə münasibətdə xalqı prezidentin üzərinə qaldırmaqdır. Bələdiyyələrin səlahiyyətləri genişləndirilməlidir ki, icra hakimiyyətlərindəki özbaşınalıqların, xalqı narazı salan halların qarşısı alınsın. Bu baxımdan bələdiyyə seçkilərindən gözləntilərim çoxdur. Çox istiyərdim ki, bu seçkilər Azərbaycanda sosial problemlərin həlli, xalqın problemlərini həll edən bir dönüş nöqtəsi olsun. Bilirsiz, bu gün danışsaq da, bəzən nəyisə bilib deməsək də, fakt budur ki, xalqın incidilməsinə yönəldilmiş qüvvələr var. Məsələn, istər nazirliklər, istər başqa qurumlar olsun, vətəndaşların məktublarına cavab verilmir, get-gələ salınır, incidilir. Dövlət başçısı həmişə deyir ki, məmurlar xalqın xidmətçisidir, amma bunlar heç vaxt xalqın xidmətçisi rolunda çıxış etmirlər. Bunlar ancaq öz ciblərini doldururlar, qohum-əqrəbalarını işlə təmin edirlər. Bütün bunlar xalqın göz qarşısında olan məsələdir və insanlar arasındakı dövlətə inamsızlıq da bunlardan yaranır”.

H. Hacıyev MMP olaraq gələn il yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcəklərini bildirib. O, bu seçkilərdən sonra bələdiyyələrə münasibətlərin yaxşı mənada dəyişəcəyinə ümid etdiyini qeyd edib:

“Bu günə qədər bələdiyyələri bir alverçi qurum, icra hakimiyyətlərinin əlaltısı kimi tanıyıblar. Heç olmasa bu seçkilərdən sonra münasibətlərin yaxşı mənada dəyişməsini istərdim. Çox istərdim ki, gələn il Azərbaycanda keçiriləcək bələdiyyə seçkiləri Türkiyə modelinə çevrilsin. Türkiyədə böyük şəhər bələdiyyələri dövlət başçısının işini yüngülləşdirirlər. Yəni xırda sosial məsələlərin həlli bələdiyyələr tərəfindən həll edilməlidir. Amma bizim bələdiyyələrin səlahiyyətləri yoxdur, icra hakimiyyətlərinin pul yığanları olublar. Bu gün əgər bələdiyyənin özünün müstəqil qərar vermək ixtiyarı yoxdursa, bu, heç də yaxşılığa doğru deyil”.

Bələdiyyələr haqqında yeni qanun layihəsinin qəbul ediləcəyinin gözlənildiyini vurğulayan MMP sədrinin fikrincə, yanvarda keçirilən bələdiyyə seçkilərindən sonra bunun bəhrəsi görünəcək.

MMP-nin bələdiyyə seçkilərinə qatılıb-qatılmayacağı məsələsinə gəlincə, H.Hacıyev bildirib ki, partiya seçkilərlə bağlı ilk iclasını keçirib və İdarə Heyəti artıq qərar qəbul edib:

“Müasir Müsavat Partiyasının yerli strukturları seçkilərdə iştirak haqqında və namizədlərin irəli sürülməsi haqqında müzakirələr aparıb. Yerli strukturlarımız namizədlərin müəyyənləşdirilməsi barədə siyasi qərarlar verməkdə sərbəstdirlər. İnanıram ki, bu dəfə ədalətli seçkiyə şahidlik edəcəyik və partiyamızdan bələdiyyə üzvülərinin olması mümkündür. Müasir Müsavat Partiyası bütün seçkilərdə böyük səs çoxluğu toplayan, dövlətçiliyi müdafiə edən bir partiya olduğu və bu gün dövlət qulluğunda yer tutan üzvləri olduğu üçün şansımız böyükdür. Düzdür, bunu qəbul etməyən Azərbaycan siyasi arientasiyasında müəyyən partiyalar da var. Nə edək ki, onlar hakimiyyətdə olan başqa qollara, qurumlara işləyir, çalışırlar ölkədə qarışıqlıq yaratsınlar ki, ölkə başçısının başı qarışsın. Amma biz Müasir Müsavat Partiyası olaraq buna imkan vermiyəcəyik. Həmişə ölkə başçısının siyasi kursunu dəstəkləmişik, dövlətimiz, xalqımız üçün gördüyü işlərdə yanında olmuşuq.

Düşünürəm ki, yanvarda keçiriləcək bələdiyyə seçkiləri uğurlu olacaq. Bütün siyasi partiyaları bu seçkilərdə iştiraka dəvət edirəm. Düzdür, bəzi qüvvələr seçkiyə olan inamı qırıblar, amma ümidvarıq ki, bu dəfə demokratik əsaslarla seçki aparılacaq. Seçkilərə qədər partiyamızın müəyyən iclasları keçiriləcək, namizədliyini irəli sürmüş üzvlərimizlə görüşlərmiz olacaq, seçkilərlə bağlı təlimatlandırılmalar aparılacaq. Bu seçkilərdə partiyamızdan böyük sayda namizədlər olacağına əminəm. Hər kəsə uğurlar arzulayıram”.

 

araz.az xəbər portalı.