Rusiya Azərbaycanlıları Liqası adıyla təhlükəli oyunlar; Yaşa Paşayev kimiləri önə çıxarmaqla, “akademik” diasporumuzun imicinə böyük zərbələr hazırlayır
Tarixi təcrübə dəfələrlə sübut edib ki, istənilən xalqın davamlı inkişafı üçün genetik faktor olduqca önəmlidir. Zamanın tələbinə uyğun yenilənməyi və davamlı inkişafı təmin etməyi yalnız gəncliyin potensialına güvənən xalqlar bacarır. Gənc, istedadlı kadrları önə çəkən, onların bilik və bacarıqlarından səmərəli istifadə etmək üçün imkanlar yaradan ölkələr bu gün dünyanın lider dövlətləri sırasındadırlar. İqtisadiyyatın, elmi-texniki fəaliyyətin bütün sahələrini qoca bürokratların zəbt etdiyi ölkələr isə sivilizasiyanın dibinə yuvarlanıblar.
Gənc nəsil sadəcə sağlam və daha enerjili olmalarına görə seçilmir. Dünya yaranandan tarixin təkərini müsbətə doğru məhz cavan alimlər, gənc düşüncə sahibləri çevirə biliblər. Biz dünyaca ünlü alimlərin həyatına baxsaq, görəcəyik ki, onlar əsas elmi kəşflərini 30-40 yaşlarında ediblər. Alimlərin yalnız kiçik bir hissəsi isə, onlara dünya şöhrəti qazandıran kəşflərini 60 yaşdan sonra edib. Bu səbəbdən, yaşlı idarəçilərin və köhnə düşüncəli, korrupsiyalaşmış bürokratların sərt idarəetməsi altında olan xalqlar inkişafdan geri qalır və tarixin uçurumuna yuvarlanırlar. Bir zamanlar dünyanın ən qüdrətli dövlətlərindən olan Misirin dağılma səbəbi də yüksəlişin pik nöqtəsində gənc kadrların dövlətin və iqtisadiyyatın idarəedilməsindən uzaqlaşdırılması olub. Gənclərə meydan vermək yerinə Misir hakimləri – fironlar dövlət və xalq üzərində əbədi hakimiyyət üçün gənclik eliksiri axtarıblar.
Ancaq indiyə qədər heç kim cavanlıq eliksirini tapa bilməyib, qüdrətli Misir sivilizasiyası isə qoca, əldən düşmüş, ancaq ölümlərindən sonra da öz ölkələrini idarə etmək iddiasında olan hakimlərin ağuşunda can verib. Sonucda qoca və xəstə təfəkkürlü fironlar o biri dünyaya zaman içərisində ən inkişaf etmiş dövlətlərdən biri olan Misirin gələcəyini də aparıblar. Görünür, “akademik” Fazil Qurbanov və onun ətrafında toplanan 80 yaşlı “ahıllar ordusu” qoca, əldən düşmüş Misir fironlarından təsirlənərək, Rusiyadakı Azərbaycan diasporunu o dünyaya aparmaq istəyirlər. Əks halda, onlar diaspor hərəkatından əl çəkər, birdəfəlik tarixə gömülmüş Ümumrusiya Azərbaycanlıları Konqresini (ÜAK) Rusiya Azərbaycanlıları Liqası (RAL) adı altında xortlatmaq iddiasına düşməzdilər. Nəyə görəsə, Fazil Qurbanov özünün ahıl pensionerlər komandası ilə bərabər, israrla anlamaq istəmir ki, üzvlərinin çoxu Azərbaycanı bir parça çörək üçün tərk edib Rusiyaya gələn Azərbaycanın əməkçi miqrantlarını Bakıdan idarə edilən, üstəlik gerilikçi və yaşlı şəxslərin rəhbərlik etdiyi diaspor qurumunda birləşdirmək mümkün olan iş deyil.
Bu gün dünyanın bir çox ölkələrindəki, o sıradan Rusiyadakı Azərbaycan diasporunun demokratik düşüncəli, proqressiv ideyalı gənclərin, enerjili insanların yaratdığı qurumlara ehtiyacı var. İnkişaf etməkdə olan bütün cəmiyyətlər bu düsturla hərəkət edir, gənc kadrların potensialından yararlanmaqla 7 mərtəbəli addımlarla irəliyə gedir. Bizim diasporumuzun da ötən əsrin 80-90-cı illərinə dönüb, postsovet məkanında yeni-yeni diaspor qurumları yaranan dönəmə qayıtmağa yox, irəliyə getməyə ehtiyacı var. Biz bunu bacarmasaq, inkişaf etmiş dünya sivilizasiyasından kənarda qala, gerilikçilik və cəhalət dəryasında boğula bilərik. Fazil Qurbanovun addımları göstərir ki, o, diasporu məhz 90-cı illərə qaytarmaq istəyir. Maraqlısı həm də odur ki, bu gün onun Rusiya Azərbaycanlıları Liqasını yaratmaq istəyən “ahıllar komandası”nın üzvləri ötən əsrin 90-cı illərində Rusiyada yeni yaranan diaspor qurumlarına ağsaqqal olaraq dəvətlər alırdılar. Məntiqlə 35-40 il öncənin ağsaqqalları bu gün evlərində oturub, kötücələri ilə vaxt keçirməli, ya da heç kimə gərək olmayan memuarlar yazmalıydılar. Ancaq bu gün onlar Azərbaycan diasporuna rəhbərlik etmək və onun gələcəyini məhv etmək iddiasına düşüblər. Dəhşətlisi odur ki, həmin ağsaqqallar heç bir perspektivləri olmadığını, əksinə, hər şeyi bərbad edəcəklərini bilə-bilə Rusiya azərbaycanlılarını, ən əsası da, onların biznesini öz nəzarətləri altında almaq üçün dirəniş göstərməkdə davam edirlər. Bu gün məhz Fazil Qurbanov və qoca dəstəsinin fəaliyyətinə görə minlərlə azərbaycanlı diaspor hərəkatına yaxın gəlmir. Bir sözlə, onlar Azərbaycan və Rusiya hakimiyyətlərində özlərinə yaxın şəxslərin vasitəsilə Azərbaycan diasporunun gənc üzvləri üçün maneələr yaradır, onların güclü, sağlam diaspor qurumu yaratmalarının qarşısını alır.
Əslində, onlar, fərqində də deyillər ki, bu hərəkətləri ilə Azərbaycan diasporunu Azərbaycanın dayağı, millətin qanadları adlandıran ümummilli lider Heydər Əliyevin iradəsinin əksinə gedirlər. Özünü hər yerdə Prezident İlham Əliyevin qohumu və yaxını kimi təqdim edən “akademik” Qurbanov faktiki olaraq, millətin qanadlarını kəsməklə, Rusiya azərbaycanlılarının diaspor qurumlarını dağıtmaqla məşğuldur. Bu addımları ilə Fazil Qurbanov Prezidentin adından sui-istifadə edərək, Azərbaycan dövlətinin imicini zədələməklə məşğuldur.
Fazil Qurbanovun və onun “ahıllar komandası”nın addımlarını dəqiq analiz edib, obyektiv qiymət versək, o zaman ortaya çıxacaq ki, bu şəxslər millətimizin milli və dini maraqlarına, ənənələrinə, prinsiplərinə qarşı hərəkət edirlər.
Birincisi, müqəddəs kitabımız olan “Qurani-Kərim”də yazılıb ki, 80 yaş insanın fiziki imkanlarının sərhəddindən kənardadır. Bu isə o deməkdir ki, bu yaşda insan dinclikdə, ailəsinin, yaxınlarının əhatəsində yaşamalı, vacib dövlət işlərinə qarışmamalıdır. “Quran” məntiqinə əsaslanıb demək olar ki, Fazil Qurbanov və ortalama 80 yaşlı komandasının diaspor hərəkatına verə biləcəyi heç nə yoxdur. 80 yaşından sonra insanların yaddaşı zəiflədiyi üçün, onlar, hətta diaspor qurumlarına ağsaqqal qismində də yaramırlar.
İkincisi, həm türk, həm İslam aləmində cəmiyyət və dövlət işləri əsasən gənc nəslə tapşırılır və yaşlılara isə ağsaqqallıq etmək, gənclərə mane olmaq deyil, öz məsləhətləri ilə onlara yol göstərmək görəvi verilir.
Biz hamımız Bozqurdun türk dünyasının rəmzi olduğunu bilirik. Əfsanəyə görə, türk qövmünü dişi Qurd öz südü ilə bəsləyib, bu səbəbdən, türklər Bozqurd kimi qüvvətli, cəsur və çevik olublar. Kimlərsə bunu mif kimi qəbul edə bilər, ancaq Bozqrudların özlərinə məxsus qoruma instinktləri var. Qədim türklər kimi, çağdaş türklər də bu instinktin daşıyıcılarıdırlar. Bu, gənclərin öz qövmlərinin qorunması üçün məsul olmalarıdır. Yaşlılar isə, qövlərini qorumaq üçün, hətta, özlərini qurban da verirlər. Əgər aclıq başlayarsa və sürü aclıq təhlükəsində ölümlə üz-üzə qalarsa, yaşlı qurd sürünün ortasına gəlir və gənclərə ölməmək üçün, onu yemələri işarəsini verir. Nəslin davam etməsini qarantiləmək üçün yaşlı Qurdun əti öncə sürünün gənc üzvlərinə verilir. Sürü böyük olanda ikinci yaşlı Qurd da özünü nəslinin gələcəyinə qurban verir. Bu hal Bozqurdlar yem tapıb, aclıq təhlükəsini dəf edənə qədər bu cür davam edir.
Minillər boyu Bozqurdlar öz nəsillərinin varoluşunu bu instinktlə qoruya biliblər. Özü də, bu, mif yox, dünyanın aparıcı telekompaniyalarının, o sıradan, BBC-nin hazırladığı elmi-populyar proqramların hazırladığı filmlərdə yer alan faktlardır.
Ancaq Fazil Qurbanov öz yaşlı kampanyonları ilə bunun tam əksini etməkdədir. O və çevrəsindəkilər Rusiyadakı Azərbaycan diasporunu öz maraqlarına qurban verməyə hazırdırlar. Bu halda hansı milli maraqlardan danışmaq olar? Fazil Qurbanov və komandasındakı yaşlı və xəstə insanlar son güclərini toplayaraq, diaspor qurumlarındakı kürsülərdən yapışıblar və heç bir halda gənclərə meydan vermək istəmirlər. Bu şəxslərin əməlləri Rusiyadakı iki milyonluq Azərbaycan diasporunu məhvə aparır. Bu, bizim millərtimiz üçün əsl fəlakətdir.
Misir fironları da bir zamanlar onlar kimi əbədi hakimiyyətə can atırdılar. Cavanlıq eliksiri axtarır, o dünyada da hakimiyyətlərinin qalacağı kimi sərsəm düşüncə ilə piramidalar tikir, vəfat edəndə sərvətləri ilə dəfn olunmağı əmr edirdilər. Onların bu ağılsız addımları, son nəticədə, dövlət büdcəsinin boşalmasına, Misir xalqının səfalət içində sürünməsinə, gənclərin qul, kölə olmasına gətirib çıxardı. Ancaq hər iki dünyada hakim olmaq eşqi uzun illər fironlar üçün millətin səfil həyatını görünməz edirdi. Onların hakimiyyət hərisliyi öz xalqlarına çox bəlalar gətirdi – qüdrətli Misir dövləti süqut etdi, fironların mumiyalanmış cəsədləri isə, zamanla muzey eksponatına döndü.
Fazil Qurbanovun və onun əldən düşmüş qocalar komandasına baxanda, aydın olur ki, onlar da bir zamanlar Misir fironları öz iddiaları ilə ölkələrini dağıtdığı kimi, sərsəm düşüncələri ilə, Azərbaycan diasporunu dağıtmaq istəyirlər. Ancaq unudurlar ki, artıq 21-ci yüzillikdəyik. Artıq sərbəst düşüncənin, azad sözün, demokratiyanın zamanıdır və xalqı öz sərt hakimiyyəti altına almaq, onu mağara həyatına məhkum etmək mümkün deyil.
Diasporu sərt nəzarət altına almaq daha çətindir. Ona görə də, yaşam şərtlərini yaxşılaşdırmaq üçün, mühacirət etməyi gözə alan insanlarla daha həlim, ya da mülayim tonda danışmaq lazımdır. Onlara hədə-qorxu gəlmək, təhdid etmək heç bir nəticə verməz. Təəssüf ki, Fazil Qurbanovlar öz millətlərinin nümayəndələrinə sayğı ilə yanaşmağa, onların maraqlarını nəzərə almağa öyrəşməyiblər. Onlar, sadəcə, opponentlərin arqumentlərini dinləmədən kobud diktatlığı bacarırlar.
Baş verənlər həm də onu göstərir ki, Fazil Qurbanovu Rusiya Azərbaycanlıları Liqasını yaratmaq istədiyi komanda yoldaşlarının imici, ümumiyyətlə, maraqlandırmır. Onun vecinə də deyil ki, diaspor qurumunu yaratmaq istəyən şəxsin çevrəsindəki insanlara həmin diasporun üzvləri nifrət, yoxsa hörmət edirlər. Məsələn, Udmurtiyadan olan Yaşa Paşayev! Fazil Qurbanov onu özünə səlahiyyətli nüməyəndə, əsas təbliğatçı, qısacası, “sağ əl” seçəndə ağlının ucundan da keçməyib ki, insanların ona münasibətini nəzərə alsın. Bunu aydınlaşdırmaq üçün, sosial şəbəkələrə 15 dəqiqə zaman ayırmaq yetərlidir.
Yüzlərlə insan Yaşa Paşayevin tərbiyədən yoxsul, intellekti yerlərdə sürünən biri kimi qəbul edir. Onu açıq söyüşlə təhqir edənlərin sayı-hesabı yoxdur. Bu mənasız adamı çoxları tarla müqəvvası ilə müqayisə edir. Soydaşlarımız yazır ki, tarla müqəvvası ilə Yaşa Paşayevin bir fərqi var. Birincini məhsula daraşan quşları qorxutmaq üçün, Yaşanı isə, azərbaycanlıları diaspor hərəkatından uzaqlaşdırmaq üçün istifadə edirlər. Ona görə də, federal miqyasda diaspor qurumu yaratmaq istəyən Fazil Qurbanovun öz təbliğatını bu cür aşağı keyfiyyətli insana tapşırması son dərəcə anlaşılmazdır. Axı, Yaşa Paşayevin danışığı və davranış manerası insanlarda yalnız və yalnız ikrah doğurur. Belə bir şəxsin rəhbərliyi ilə Votsap qrupu yaratmaq, yaranmaqda olan Rusiya Azərbaycanlıları Liqasının təbliğatını aparmaq, Rusiyadakı bütün azərbaycanlıları bu qurumun ətrafında birləşməyə çağırmaq körpəni diri-diri basdırmağa bənzəyir.
Əgər Fazil Qurbanov gerçəkdən də Rusiya Azərbaycanlıları Liqasının təsis qurultayını normal şəkildə keçirib, qurumu RF Ədliyyə Nazirliyində qeydiyyata aldırmaq istəyirsə, çevrəsindəki prosesə müsbət heç nə qata bilməyəcək 80 yaşlı ahıllardan və Yaşa Paşayevdən qurtulmalıdır. Əks halda, özünə sayğı duyan heç bir azərbaycanlı RAL-a dəstək verməyəcək, qurum dar bir çərçivəni əhatə edən qoca intellektuallar klubuna çevriləcək.
Fazil Qurbanovu yaxından tanıyanlar deyirlər ki, “akademik” onu öz yanında RAL-a və özünə real rəqabət yaranan zaman rəqiblərin üzərinə tuşlamaq üçün saxlayır. Qurbanova sadəcə iradəsiz, sahibinin göstərişlərinə sözsüz əməl edən buyruq qulu lazımdır. Ancaq intellektual səviyyəsi aşağı olan hər insan belə bu nökərçiliyi özünə rəva görməz. Belə şəxsləri önə çıxarmaqla, “akademik” Azərbaycan diasporunun imicinə böyük zərbələr vurur. Rusiya Azərbaycanlıları Liqasının rəhbərliyinə yalnız yaşlıların və Yaşa Paşayev kimi mədəniyyət yoxsullarının yerləşdirilməsi Azərbaycan diasporunu diri-diri dəfn etmək deməkdir, deyilmi?!
Mirsahib ƏSGƏROV,
xüsusi olaraq, araz.az xəbər portalı üçün.
araz.az xəbər portalı.