Rəhbər heyət: “Büdcədə pul yoxdur, artım olmayacaq!” — deməklə, elm adamlarını olduqca narahat edirlər
İndi əmək haqqlarında, pensiya və digər sosial təminatlarda artımla bağlı eninə-uzununa, aşağıdan-yuxarıya müzakirələr gündəmi zəbt edib. Çoxları deyir ki, deyilənlər barədə, ortada ölkə başçısının verdiyi sərəncam və fərmanlar, nazirlər kabinetinin qəbul etdiyi qərarlar olsa da, artım çox sahələrdə reallaşmayıb. Bu neqativliklərlə bağlı ölkə mətbuatında belə xeyli məqalə dərc edilib, mübahisə dolu müzakirələr televiziya ekranlarının “bəzəyinə” çevrilib.
Azərbaycan Milli Elmlər Akademiyasından araz.az saytına daxil olan bir neçə məlumat da, yuxarıda göstərilənlərə bənzər narahatlıqların ifadəsidir. Məlumata görə, akademiyanın elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışanlarının vəzifə maaşlarına, elmi dərəcələrə və elmi adlara görə əlavələrin olacağı barədə deyilənlərə, — dərəcəsi olan heyət sentyabr ayının 15 gününü ötürmək üzrə olsa da, — hələ də dəqiq cavab ala bilməyiblər. Maliyyə məsələlərinə baxan vəzifə sahiblərinin büdcədə pul olmadığı və artımın hələ baş tutmayacağı barədə dedikləri, onların arasında bu narahatlığı daha da artıran başlıca səbəbdir. Halbuki bu barədə dövlət rəhbərinin sərəncamı və Nazirlər Kabinetinin qərarı olub: Elmi və elmi-pedaqoji fəaliyyət sahəsində çalışan, elmi dərəcəsi və elmi adı olan həmin şəxslərin vəzifə maaşlarına elmi dərəcələrə və elmi adlara görə ödəniləcək əlavələrin məbləği də müəyyən edilib.
Konkret desək, dövlət büdcəsindən maliyyələşdirilən bir sıra idarə və təşkilatlarda bilavasitə ixtisası üzrə çalışan işçilərə həmin sərəncam və qərarda göstərilən vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 100 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 60 manat, digər əlavələrdə göstərilən vəzifə maaşlarına elmlər doktoru elmi dərəcəsi üzrə 80 manat, fəlsəfə doktoru elmi dərəcəsi üzrə 40 manat məbləğində əlavələr edilməlidir.
Bir sözlə, sentyabrın 1-dən Azərbaycan Milli Elmlər Akademiyasında, habelə
dövlət büdcəsindən maliyyələşdirilən digər müəssisə və təşkilatların elmi, elmi-tədqiqat müəssisə və təşkilatlarında bilavasitə ixtisasları üzrə çalışan elmlər doktoru elmi dərəcəsi olan şəxslər 200 manat, fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsi olan və bilavasitə ixtisası üzrə çalışanlar isə, 120 manat almalıdırlar. Yəni, elmi dərəcəyə və elmi adlara görə müəyyən edilən əlavələr, işçi tam ştat üzrə işlədikdə 100 faiz, yarımştat üzrə işlədikdə isə, nəzərdə tutulan məbləğin 50 faizi həcmində ödəniləcək. Özünümaliyyələşdirmə formasında fəaliyyət göstərən müəssisə və təşkilatlarda isə, bu əlavələrin həcmi və ödənilmə qaydası kollektiv müqavilələrin şərtləri ilə müəyyən olunmalıdır.
2019-cu il sentyabrın 1-dən qüvvəyə minməli olan bu Qərar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 avqust tarixli 348 nömrəli Qərarı ilə təsdiq edilib. Bütün bunlara baxmayaraq, hələ də maaş kartlarına artımlar yüklənməyib. Bu məlumatın əks-effekti isə, artıq, özünü göstərməyə başlayıb, yəni, hər yerdə “narahatlıq məclisləri” düzənlənir. Alimə verməyə pul tapa bilməyən rəhbərlik ciddi tənqid atəşinə tutulur, yaxşı təfəkkürdə olmayan rəhbər kadrlar haqqında deyilənlər isə, yaddaşlara silinməyəcək pis tərzdə həkk olunur.
Məcburiyyətdən, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin və Aparatının, AMEA-nın Gəncə bölməsinin aparatının işçilərinin aylıq vəzifə maaşlarının cədvəlinə baxmaq qərarına gəldik. Yeni cədvələ əsasən, AMEA-nın prezidentinin aylıq vəzifə maaşı 2570 manat, 1-ci vitse-prezidentin maaşı 1780 manat, vitse-prezidentin, akademik katibin maaşları 1645 manat, Rəyasət Heyətinin üzvlərinin, elmi bölmələrin akademik katiblərinin, müşavirlərin, Gəncə bölməsinin akademik – katibinin maaşları 1230 manat, idarə rəisinin maaşı 1190 manat, Rəyasət Heyətinin elmi katibinin, AMEA-nın və AMEA-nın Gəncə bölməsinin aparatında əsas şöbənin rəisinin, işlər müdirinin, idarə rəisinin müavininin maaşları 1150 manat, idarənin tərkibindəki şöbənin rəisinin, baş mühasibin və əsas şöbənin rəis müavininin, elmi bölmənin katibinin, AMEA-nın Gəncə bölməsinin elmi katibinin, AMEA-nın prezidenti köməkçisinin maaşları 980 manat, qeyri-əsas şöbənin rəisinin maaşı 715 manat, qeyri-əsas şöbənin rəis müavininin, AMEA-nın vitse-prezidenti köməkçisinin maaşları 675 manat, baş mütəxəssisin, mülki müdafiə qərargahının rəisinin, qaraj müdirinin maaşları 630 manat, aparıcı mütəxəssisin maaşı 570 manat, mütəxəssisin maaşı 520 manat, arxiv müdirinin, təsərrüfat müdirinin maaşları 385 manat, avtomobil sürücüsünün maaşı 320 manat, böyük arxivçinin, böyük inspektorun maaşları 310 manat, arxivçi, makinaçı, katibə-makinaçı, stenoqrafçı, kargüzar, xəzinədar və kadrlar üzrə inspektorun maaşları 295 manat, texnik, komendant və laborantın maaşları 270 manat, bağban, gözətçi, dülgər, rəngsaz, təmirçi-çilingər, qarderobçu, ocaqçı, yardımçı fəhlə, xidməti otaqları yığışdıran, kuryer və fəhlə kateqoriyasına aid edilən digər xidmətedici heyətin maaşları 260 manat müəyyən olunub.
Görünür, maaşa istənilən istiqamətdə artım həsrətində olanlar yalnız aşağı miqdarda əmək haqqı alanlardı. Professor-muəllim heyətindən fərqli olaraq, rəhbər heyətin bu artıma, deyəsən, elə də ehtiyacları yoxdur. Onlarda, elmi dərəcəsi və elmi adı olan heyətlə dəqiqləşdirilməyən məlumatlarla motivasiya yaratmağın səbəbinin bu olduğu da, şəksizdir.
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.