Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təşviqi” adlı II Beynəlxalq Konfrans öz işinə başlayıb.

araz.az bildirir ki, Qərbi Azərbaycan İcmasının bu mövzuda təşkil etdiyi tədbir iki gün davam edəcək.

Konfransda Türkiyə, ABŞ, Böyük Britaniya, Rusiya, Almaniya, İndoneziya, İtaliya, Özbəkistan, Pakistan, Belçika, Gürcüstan, Kanada, İspaniya, İsveçrə, Qazaxıstan, Qırğızıstan, Malta, Yaponiya, Albaniya, Banqladeş, Belarus, Bolqarıstan, Çexiya və Çindən, ümumilikdə, 51 ölkədən qonaqlar iştirak edirlər.

Bundan başqa, Danimarka, Efiopiya, Estoniya, Əlcəzair, Fransa, Xorvatiya, İordaniya, İraq, Koreya, Litva, Macarıstan, Malayziya, Mərakeş, Misir, Monteneqro, Nepal, Niderland, Norveç, Polşa, Rumıniya, Səudiyyə Ərəbistanı, Şimali Kipr Türk Cümhuriyyəti, Şimali Makedoniya, Tailand, Ukrayna və Yeni Zelandiyadan da olmaqla,  ümumilikdə, 101 xarici qonaq tədbir iştirakçısıdır.

Qonaqlar arasında 7 ölkədən 11 parlament üzvü, 1 ölkə prezidentinin müşaviri, 1 ölkə vitse-prezidentinin müşaviri, 1 sabiq nazir, 2 keçmiş səfir, 17 ölkənin 23 məşhur universitetinin 24 professoru, 17 ölkədən 20 araşdırma mərkəzi və akademiya təsisçisi, rəhbər şəxsi yer alır. Bundan başqa,  tədbirdə, Azərbaycanda akkreditə olunmuş 25-dən artıq diplomatik nümayəndəliyin əməkdaşları təmsil olunurlar.

11 ölkədən 12 beynəlxalq araşdırma institutunun rəhbəri, eksperti, 3 hökumət şurası üzvü, 8 ölkədən 8 hüquqşünas və hüquq müdafiəçisi, 1 hərəkat lideri, müxtəlif ölkə parlamentləri aparatlarının məsul əməkdaşları, jurnalistlər və iş adamları da, tədbir iştirakçıları arasındadır.

Konfransda 10 ölkəni təmsil edən 16 nəfər şəxs Qərbi Azərbaycan İcmasının fəxri üzvlüyünə qəbul olunub.

İctimai-siyasi və elmi dairələrdən iştirak edən nüfuzlu yerli qonaqlar nəzərə alınmaqla, konfrans iştirakçılarının sayı ümumilikdə 210 nəfərdir.

Qeyd edək ki, dekabrın 5-i Qərbi Azərbaycanlıların 1987-1991-ci il deportasiyasının anım günüdür. Sözügedən günlə bağlı, ötən il də, analoji beynəlxalq konfrans keçirilib. “Ermənistandan didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək: Qlobal kontekst və ədalətli həll” mövzusunda olan beynəlxalq konfransda 44 ölkədən 100-dən çox nümayəndə tədbirdə iştirak edirdi.

Tahir HÜSEYNOV,

araz.az xəbər portalı.