Shivket-mirzyayev.jpgÖzbəkistan türksoylu dövlətlərin birləşdiyi Türk Konseyinə (Türk Şurası) qoşulmaq haqda qərar çıxardı.

Araz.az xəbər verir ki, bu tarixi qərarı bir neçə saat əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu elan etdi: “Yaxşı bir xəbərim var. Özbəkistan da Türk Konseyinə qatılmaq qərarına gəldi. Türk Konseyinin katibliyinə rəsmi olaraq müraciət etdi”.

Çavuşoğlu daha bir müjdə də verdi: “İlk dəfə olaraq Türkmənistandan da müsbət siqnal aldıq. Türkmənistan rəhbərliyi Konseydə müşahidəçi üzv olaraq qatılmaq istədiyini bəyan edib. Bunun üçün Türk Konseyinin Baş katibi Bağdad Amreyev və müavini Türkmənistana gedəcək”.

Çavuşoğlu Macarıstanın keçən il İssik Göldə keçirilən sammitdə quruma müşahidəçi üzvü olduğunu və Türk Şurasının digər üzv ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə 19 sentyabrda Macarıstanın paytaxtında Türk Şurasının Avropa qərargahını açacağını xatırlatdı.

Qeyd edək ki, Özbəkistanın mərhum prezidenti İslam Kərimovun dövründə Özbəkistan qardaş Türk ölkələri ilə yaxınlaşma, inteqrasiya prosesindən uzaq saxlanılıb. Onun ölümündən sonra hakimiyyətə gələn Prezident Şövkət Mirziyayev Özbəkistanın Türk Birliyinə qovuşması üçün siyasi iradə ortaya qoyub. Özbəkistanın Türk Konseyinə qoşulması haqda tarixi qərar da məhz cənab Mirziyayevin qərarıdır.

araz.az xəbər portalı.