Məktəb direktorlarının işə qəbulu zamanı namizədlər müsahibə mərhələsindən narazılıq edirlər. Bu narazılıqları aradan qaldırmaq üçün müsahibə mərhələsi ləğv oluna bilərmi?
araz.az bildirir ki, bu barədə təhsil eksperti Elşən Qafarov redaktor.az-a açıqlamasında bildirib ki, məktəb direktorlarının işə qəbulunun istər test, istər müsahibə mərhələsi düzgün aparılmır:
“Məktəb direktorlarının birinci növbədə pedaqoji və psixoloji bilikləri, sonra qanunvericiliyi, daha sonra isə idarəetmə bacarıqları yoxlanmalıdır. Məktəb direktorunu 10-20 testlə yoxlamaq mümkün deyil. Təhsilin idarə edilməsi ilə bağlı hüquqi normativ sənədlər iki hissəyə bölünür: təhsilin idarə edilməsi ilə bağlı hüquqi normativ sənədlər və tədris prosesinin tənzimlənməsi ilə bağlı olan hüquqi normativ sənədlər. Məktəb direktorlarının böyük əksəriyyəti, istər yeni təyin olunanların, istər əvvəlkilərin tədris prosesini tənzimləyən hüquqi normativ sənədlərlə, o cümlədən də təhsil prosesində tətbiq ediləcək hüquqi normativ sənədlərlə tanışlığı vacibdir. Ümumilikdə 50-60 testlə məktəb direktorunu seçmək absurddur. Birinci növbədə, məktəb direktoru müəllimlərin müəllimidir, onun pedaqoji və psixoloji bilikləri yoxlanmalıdır. Məktəb direktoru üçün imtahanın test mərhələsi üç mərhələdən ibarət olmalıdır. Birinci mərhələdə pedaqoji-psixoloji bacarıqlar, ikinci qanunvericilik, sonda onların idarəetmə bacarıqları yoxlanılmalıdır”.
Ekspertin sözlərinə görə, təhsilin idarə edilməsi ilə bağlı istər direktorun, istər müavinin uşaq hüquqları haqqında elementar məlumatları yoxdur:
“İmtahana uşaqların hüquqları haqqında heç nə salınmır. Uşaq hüquqlarından danışırıq, Uşaq Hüquqları Konvensiyasını yaradırıq, hər il təhsil büdcəsinə milyonlarla manat bulinqlə mübarizə üçün sərf edirik və nəticə yoxdur. Halbuki “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu var. “Uşaq hüquqlarının profilaktikası haqqında” Prezidentin sərəncamı, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunu var və s. Məktəb direktoru bütün imtahanlardan keçdikdən sonra artıq müsahibə mərhələsinə getməlidir. Müsahibə mərhələsi də iki mərhələdən ibarət olmalıdır. Birinci mərhələdə əvvəllər təhsil sahəsində şöbə müdiri işləmiş, təhsil sistemində aparıcı məktəb direktoru olmuş şəxslərdən ibarət müsahibə keçirilməlidir ki, bu insanın məktəb idarəetməsinin anlayışı var, yoxsa yox, aydınlaşsın. Daha sonra artıq bizim hüquqi, iqtisadiyyatı və yaxud hansısa başqa sahəni bitirib hazırda təhsilin idarə edilməsində işləyən şəxslər onları müsahibə eləsin”.
E. Qafarov qeyd edib ki, müsahibə mərhələsində təhsil sahəsində bir gün də işləməyən, jurnal əlinə götürməyən şəxsləri məktəbə direktor təyin edirlər:
“Onlar lazım olan kadrları seçə bilmirlər və bu zaman ciddi səhvlərə yol verəcəklər. Məsələnin əsas tərəfi budur. Biz birinci müəyyən eləməliyik ki, kimi seçirik? Vakansiyalar gizlədilməməlidir. Bu gün Bakıda 80-dən çox məktəbdə direktor əvəzi fəaliyyət göstərir. Siyahıda cəmi 7 məktəb çıxarılıb. Bu, suallar yaradır. Hazırda MÜTDA tərəfindən il ərzində ölkədə keçirilən imtahanların sayı 370-ə yaxındır. Orta hesabla hər günə bir imtahan düşür. Bunun izahı yoxdur. Məktəb direktorunu ilin ortasında təyin edirlər. Bu məsələ çox təəssüf olsun ki, şou xarakteri alıb. Mən illərdir bu sahədə kadr hazırlayıram. Təhsil idarəetmə orqanında işləyən yoldaşlar da yaxşı bilirlər ki, vəziyyət necədir. Bu proses kökündən səhv aparılır, çox böyük yanlışlığa yol verilir və nəticə etibarilə məktəblərdə həm idarəetmə sistemi, həm tərbiyə sistemi, həm də pedaqoji mühit dağılır. Ölkənin təhsil cəmiyyətinin üçdə ikisini və təhsil alanların isə orta hesabla beşdə dördünü özündə birləşdirən MÜTDA niyə imtahanlar qurumuna çevrilməlidir? Bu sahədə çox ciddi boşluqlar var”.
araz.az xəbər portalı.