00E9D4D1 2128 4229 B3F6 DB44BCB5526F

“Olduqca gərgin bir dönəmdə, çox mürəkkəb tarixi bir şəraitdə Türkiyə Cümhuriyyətinin müstəqil Azərbaycana hərbi köməyi Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun timsalında həyata keçirilib. Elə, Nuru Paşanın şəxsində həm göstərilən qardaş köməyinə görə Azərbaycan xalqının bütün Türkiyəyə minnətdarlıq duyğuları öz əksini tapıb, həm də məzarı belə olmayan bu əfsanəvi xilaskara hörmət və ehtiram duyğuları cəmləşib. Nuru Paşaya bəslədiyi sonsuz hörmət və ehtiramı ilə, xalqımız, dərdini öz dərdi bilən bütün türk xalqına həmişə dərin minnətdarlıq hisslərini ifadə edib”. “Bakı-Dirçəliş” İctimai Birliyi Bakının işğaldan azad edilməsinin 101-ci ilinin tamam olması ilə bağlı verdiyi açıqlamasını bu sözlərlə başlayıb. Mövzusunun əsas məğzi elə bu yöndən olan həmin açıqlamasında təşkilat qeyd edib ki, 1918-ci ilin may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan ediləndə Bakı Stepan Şaumyanın başçısı olduğu şəhər Xalq Komissarları Sovetinin bolşevik-erməni silahlı qüvvələrinin işğalı altında idi. Bu səbəbdən, milli hökumət də müvəqqəti olaraq Gəncədə yerləşirdi. Bakısız müstəqil Azərbaycan Cümhuriyyəti isə, başsız bədənə bənzəyirdi: “Onda, Xalq Cümhuriyyəti hökumətinin başlıca vəzifəsi Bakını işğaldan azad etməkdən ibarət idi. Milli hökumətin ixtiyarındakı 600 nəfərlik qüvvə ilə Bakı Sovetinin 18 minlik qoşununa qarşı hərbi əməliyyatlar keçirməsi isə, mümkünsüz görünürdü.
1918-ci ilin iyun ayının 4-də müstəqil Azərbaycan hökuməti ilə, Osmanlı dövləti arasında «Qarşılıqlı yardım və dostluq haqqında” imzalanan müqaviləyə əsasən, Osmanlı hökuməti Azərbaycana hərbi yardım göstərməyi öhdəsinə götürdü. Lakin Bakı Sovetinin bolşevik-daşnak ordusu Milli Azərbaycan hökumətinin fəaliyyətinə birdəfəlik son qoymaq üçün, 1918-ci ilin iyun ayının 10-da Gəncə istiqamətində hücuma keçdi.

Nuru pasaHərbi əməliyyatların aparıldığı ərazilərdə müsəlman əhali talanlarla üzləşir, soyqırımına məruz qalırdı. Məcburiyyətdən, iyunun 23-də Azərbaycan hökuməti ölkədə hərbi vəziyyət elan etməyi qərara aldı. 27 iyun — 1 iyul tarixində isə, Nuru paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusu Göyçay ətrafındakı döyüşlərdə müharibənin taleyini həll etdi. Öncə, Bakı Sovetinin qoşunlarının Gəncəyə yürüşünün qarşısı alındı və Qafqaz İslam Ordusu Bakı istiqamətində əks hücuma başladı. Beləcə, darmadağın edilən daşnak-bolşevik qoşunu geri çəkilməyə məcbur oldu. Bir-birinin ardınca Göyçay, Kürdəmir, Ağsu və Şamaxı daşnak-bolşevik işğalından azad edildi. Artıq, növbə Bakıya çatırdı”.
Açıqlamanın bu yerində bildirilir ki, Bakı Xalq Komissarları Sovetinin həyata keçirdiyi antiazərbaycan siyasəti bolşeviklərin tamamilə nüfuzdan düşməsinə səbəb oldu və 1918-ci il iyulun 31-də onların istefasına gətirib çıxartdı. Bundan istifadə edən eser-menşeviklər və daşnaklar avqustun 1-də Bakıda oyuncaq Sentrokaspi Diktaturası adlanan idarəetmə orqanı yaratdılar. Bakı şəhərinin işğaldan azad edilməsi üçün ilk cəhd 1918-ci il avqustun 5-də göstərildi. Həmin gün Qafqaz İslam Ordusu, Əlahiddə Azərbaycan Korpusu ilə birgə, Qurd Qapısı istiqamətindən Bakı üzərinə hücuma keçdi. Lakin ilk hücum uğursuz alındı: “Avqustun 17-də Britaniya ordusunun generalı Lionel Denstervilin Bakıya qoşun çıxarmasını Erməni Milli Şurası böyük sevinclə qarşıladı. Denstervilin Bakıdakı hərbçilərinin sayı təqribən 1000 əsgər və zabitdən ibarət idi. Onda, Denstervilə Bakı neftinə sahib olmaq və Qafqaz İslam Ordusunu şəhərə buraxmamaq tapşırığı verilmişdi.
WhatsApp Image 2017 12 18 at 23.08.26Qafqaz İslam Ordusu sentyabrın 14-nə keçən gecə Bakı üzərinə başlatdığı növbəti hücumla qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdi. Elə, həmin günün axşamı Denstervilin qoşunu gəmilərlə Bakını tərk edərək, Ənzəliyə qayıtdı. Sentyabrın 15-də isə, döyüşlər o qədər də uzun sürmədi. Həmin gün Sentrokaspi Diktaturası məğlub oldu. Bakının azad olunması üçün türk-Azərbaycan qüvvələrinin apardıqları iki günlük əməliyyat parlaq qələbə ilə başa çatdırıldı”.
Müəllifləri açıqlamanın bu yerində fəxarətlə onu da vurğulayırlar ki, sentyabr ayının 16-da parlaq qələbə münasibətilə, Bakıda, Türk-Azərbaycan hərbi hissələrinin birgə böyük paradları keçirildi. Açıqlamada göstərilənlərdən məlum olur ki, həmin paradda Nuru Paşa, Xəlil Paşa, general Əlağa Şıxlinski, polkovnik Həbib bəy Səlimov, Azərbaycan parlamenti və hökumətinin üzvləri, eləcə də Bakı və Bakıətrafı kəndlərin sakinləri iştirak edirdilər: “Paraddan sonra isə, adları çəkilən komandanlar və hökumət rəsmiləri, qoşun bölmələrinin müşayiəti ilə, şəhərə daxil oldular. Bu möhtəşəm tarixi qələbədən sonra — sentyabrın 17-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı Gəncədən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi”.
“Bakı-Dirçəliş’-in bu açıqlamasında Azərbaycan tarixinin təəssüf hissləri ilə xatırlanan məqamlarına da toxunulub: “Sovetlər dönəmində tariximizə sahib çıxmağı bacarmamışıq. Bizi çox şeydən uzaq salıblar. Lakin o məqamlarda ki, bizə dəstək veriblər, gəlib burada şəhid olublar, onları unutmaq olmazdı. Çünki Bakıdakı Türk Şəhidliyinin inkarolunmaz faktları da sübut edir ki, xilaskar Türk ordusu təkcə Bakının azad olunması üçün həyata keçirilən hərbi əməliyyatlar zamanı 1130, ümumiyyətlə isə, Azərbaycan uğrunda 5 minə yaxın əsgər və zabitini şəhid verib. Türk ordusunun hərbi əməliyyatlar keçirdiyi Azərbaycan bölgələrində 10-larla şəhidliyinin mövcud olması da, deyilənlərin daha bir sübutudur.
1919-cu ilin sentyabrında indiki Şəhidlər Xiyabanında türk şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün möhtəşəm bir abidənin özülü qoyulsa da, 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu abidənin inşasının başa çatmasına imkan vermədi. Lakin Azərbaycan xalqı Türk ordusunun Bakının işğaldan azad edilməsi üçün göstərdiyi qəhrəmanlıqları, verdiyi qurbanları həmişə böyük bir ehtiramla yad edib. Azərbaycan öz dövlət müstəqilliyini yenidən bərpa edəndən sonra isə, Qafqaz İslam Ordusunun şərəfinə, 1999-cu ildə Şəhidlər Xiyabanında möhtəşəm bir abidə ucaldıldı. Beləcə, 1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsi əbədi olaraq Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı tarixinə yazılan şanlı səhifəyə çevrildi”.
İctimai Birlik öz açıqlamasında Bakının qurtuluşunun memarına heykəl qoyulmasının vacibliyini də önə çəkirlər. Bildirirlər ki, bu, tarixi tələbdir və məzarı belə olmayan bu əfsanəvi xilaskar hər addımda böyüklü-kiçikli hamı tərəfindən xatırlanmalı, hər an ruhuna dualar oxunmalıdır: “Bu tarixi günlə əlaqədar, hər il olduğu kimi, bu il də Nuru Paşa ilə bağlı bir məsələ — onun adının əbədiləşdirməsi məsələsi aktuallaşıb. Nuru Paşa ilə bağlı parlamentdə çıxışlar edilərkən, ona biganəlikdən dəfələrlə şikayətlər olub, bu biganəliyi təcili aradan qaldırmaq üçün təkliflər irəli sürülüb. Doğrudan da, bu məsələdə bir laqeydliyin olduğu daim özünü göstərib. Amma insanlar bu cür hadisələri unutmamalıdırlar. Çünki indiki dövrdə elə bir durum var ki, cəmiyyət həyatında Nuru Paşanın rolunun anlaşılması Azərbaycanın Qarabağ müharibəsində mübarizəsi üçün də çox önəmlidir. Bu mübarizədə hətta Nuru Paşa obrazı bir simvol kimi ortaya çıxa bilər. Çünki məhz onun səyi nəticəsində Azərbaycan torpaqları işğaldan azad olub. Bakının azad olunması ilə, müstəqil bir dövlətimizi də qura bilmişik”.

Rüfət RƏHMANOĞLU,
araz.az xəbər portalının müxbiri.

araz.az xəbər portalı.