TARİXİ KONFRANSDAN TƏƏSSÜRATLARIM
Ermənistan adlanan Qərbi Azərbaycandan zorla qovulan, etnik təmizləmələrə məruz qalan soydaşlarımızın bir qismi 1988-ci ildə qatarla Bakıya gələndə oradaydım. İnsanların üzündə iztirab, göz yaşları, dərin ümidsizlik və dəhşətli qorxu vardı…
Hər şeyini itirənlərin obrazı idi, Qərbi Azərbaycandan zorla çıxarılanlar… Hər şey yenidən və yeni başlayırdı.
Fəlakət fəlakət üstünə gəldi. Onların ardınca Qarabağda yaşayan soydaşlarımızın torpaqları işğal olundu, özləri qaçqın düşdülər. Hər şeyini itirənlərin obrazı bütün Azərbaycana yansıdı.
Və onlar 30 il döyüşdülər. Sovetlərlə, Ermənistan adlı maşa-dövlətlə, ehtiyacla… Siz heç ümidsiz savaşan insanlar görmüsünüzmü?
***
Bunları və çox şeyi bu gün Bakının ən fərah məkanlarından birində keçirilən konfransda xatırladım. Qarabağ uğrunda hər iki Vətən müharibəsində şəhid olan çoxsaylı Qərbi Azərbaycanlılar…
Qatardan enər-enməz qaçqın gənclər milli-azadlıq hərəkatına və torpaqların müdafiəsinə qatılmışdılar.
Gəncədə 1990-cı ilin 12 yanvarında şəhid olan zəngibasarlı Bəxtiyar Əliyevdən başlayaraq, şəhidlik dastanımızın son günlərə qədər davam edən tarixçəsi məni düşündürdü.
Bu gün Qərbi Azərbaycan uğrunda mübarizə elə qurulub ki, Qarabağ zəfəri dövlətimizi elə qüdrətli edib ki, Göyçəyə, Zəngəzura, İrəvana, Dərələyəzə, Ağbabaya, Vedibasara qayıdış üçün artıq kimsənin canını verməsinə gərək qalmaya bilər. Əlbəttə, hər bir qarabağlı, tovuzlu, qubalı… sevə-sevə tarixi torpaqlarımız uğrunda şəhid olmağa hazırdır. Lakin dövlətimizin düşmənləri məcburetmə metodlarının indi daha çox olduğunu anlayırlar.
Xankəndini, Xocalını, Şuşanı, Kəlbəcəri, Ağdamı, Laçını, Zəngilanı, Qubadlını, Cəbrayılı, Füzulini təmizləyən dövlətimiz öz iradəsini və gücünü artıq ortaya qoyub, lazım olan mesajı verib. Buna görə də Bakıda beynəlxalq statuslu bir konfrans keçirdəndə İrəvana qorxu və panika düşür. Bu mesajın nə olduğunu ən yaxşı anlayanlar ermənilər və onların havadarlarıdır.
Hər dəfə bu cür konfranslardan sonra erməni havadarlarının havalı mediasında böhtanlar ayaq tutib, yeriyir. “Azərbaycan Ermənistanı işğal etməyə hazırlaşır”, rədifli başlıqlar yalnız qəzet, sayt, tv xəbərlərini bəzəmir; Borrel, Blinken, Makron kimi dünyaca tanınan siyasilərin də çıxışlarının məzmununu təşkil edir.
5 dekabr 2024-cü ildə Bakıda keçirilən beynəlxalq konfrans da bu cür reaksiyalara səbəb olacaq. Amma nə olsun? Varsın qorxsunlar, həyəcan keçirsinlər, müzakirə aparsınlar… Azərbaycan dövləti beynəlxalq hüquq çərçivəsində qayıdış haqları əsasında öz prosesini davam etdirir və Qərbi Azərbaycanlıları dinc və qansız qayıdışa hazırlayır.
Qarabağ tamamilə azad edildikdən sonra Azərbaycanın yeni milli hədəfi Qərbi Azərbaycana qayıdışdır. Prezident İlham Əliyev bu istiqamətdə yeni bir mərhələ başladıb və hər kəs bu prosesdən ilham alaraq onun bir parçasına çevrilib.
***
Bəli, Ermənistan adlanan Qərbi Azərbaycanımızdan zorla çıxarılan soydaşlarımız təşkilatlanaraq dünyaya mesaj verməkdədirlər. İrəvandan, Sisyandan, Qafandan, Göyçədən, Zəngəzurdan, Zəngibasardan …zorən səfərə çıxan və fəlakətin qucağına atılan soydaşlarımız, onların davamçıları indi güclü dövlətimizə arxalanıb, yeni səfərə başlayıblar. Böyük Qayıdış yolunda ədalətin səfərinə.
5 dekabr 2024-cü ildə ölkənin və informasiya məkanının gündəmi olan və “Qayıdış hüququ – Ermənistandan zorla çıxarılan Azərbaycanlılar üçün ədalətin təşviqi” adlı II Beynəlxalq Konfrans müşahidələrimi də bölüşüm.
***
Həm təşkilatçılıq, həm məzmun, həm də verilən mesajlar möhtəşəm idi, heyranlıq doğururdu. Zalın tərtibatından tutmuş aksessuarların seçimlərinə, tədbirin strukturlaşmasına, təqdimatların sistemləşdirilməsinə qədər hər detal böyük diqqət və incəliklə düşünülmüşdü. Tədbirin idarəetmə dilinin ingiliscə olması, tərcümələrin yüksək səviyyədə təmin edilməsi göstərdi ki, konfrans təkcə yerli deyil, həm də beynəlxalq auditoriyanı hədəfləyir. Bu yanaşma Azərbaycanın öz haqq səsini bütün dünyaya çatdırmaq əzmini göstərirdi.
Tədbirdə iştirak edən 51 ölkədən nümayəndələr (102 nümayəndə), onların içində beynəlxalq hüquq və insan haqları üzrə ekspertlər, ictimai xadimlər və jurnalistlər bu konfransı qlobal əhəmiyyətli bir toplantıya çevirdi. Prezident İlham Əliyevin konfransa göndərdiyi müraciət çıxışçıların fikirlərinə istiqamət verməklə yanaşı, tədbirin siyasi miqyasını da böyütdü. Bu müraciət həm Azərbaycanın haqlı mövqeyini təsdiqlədi, həm də beynəlxalq hüquq normaları çərçivəsində Qərbi Azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtmaq hüququnu müdafiə etdi.
Tədbirin hər detalında hiss olunan sistemli yanaşma və peşəkarlıq, qonaqların seçimi və tədbirin media müşayiətinin yüksək səviyyədə təmin olunması məmnuniyyət yaradırdı.
Media işinin mükəmməl qurulması isə konfransın ən diqqətçəkən tərəflərindən biri idi. Tədbirin əksər məqamları canlı yayımlandı, sosial şəbəkələrdə geniş işıqlandırıldı, çoxsaylı reportajlar hazırlandı və ölkə gündəminə çevrildi. Mövlud Çavuşoğlunun çıxışı, Qərbi Azərbaycan məsələsində beynəlxalq həmrəyliyə çağırışı və digər çıxışçıların məzmunlu təqdimatları konfransın təsirini artıran əsas məqamlar idi. QAİ İdarə Heyətinin sədri Əziz Ələkbərlinin çıxışında vurğulanan “Qərbi Azərbaycana layiqli qayıdış” ideyası isə tədbirin ruhunu əks etdirdi.
Bu konfrans bir daha göstərdi ki, Azərbaycan xalqı Zəngəzur, Göyçə və İrəvanla bağlı xəyallarını reallığa çevirməyə hazırdır. Həm dövlətimizin prinsipiallığı, həm də xalqın birliyi və iradəsi Böyük Qayıdış yolunda əsas güc mənbələridir. Artıq təkcə Azərbaycan deyil, beynəlxalq ictimaiyyət də bu məsələdə Azərbaycanın haqlı mövqeyini görməkdə və qəbul etməkdədir.
Prezident İlham Əliyevin siyasi iradəsi və strateji tapşırıqları, bu mühüm prosesi kurasiya edən PA -nın şöbə müdiri Ədalət Vəliyevin yüksək təşkilatçılığı və Qərbi Azərbaycan İcmasının səmərəli fəaliyyəti bir araya gələndə belə böyük işlər ərsəyə gəlir. Bu tədbir, sadəcə, bir konfrans deyil, həm də Azərbaycanın tarixi ədaləti bərpa etmək istiqamətində atdığı növbəti nəhəng addım idi.
Bir sözlə, Bakıda keçirilən bu beynəlxalq konfrans öz möhtəşəmliyi ilə yadda qalacaq və Qərbi Azərbaycan uğrunda mübarizənin ən parlaq səhifələrindən birini təşkil edəcək. Tarixin bu dönüş nöqtəsində olmaq və bu prosesləri izləmək bir azərbaycanlı üçün qürur mənbəyidir. Hesab edirəm ki, Qərbi Azərbaycana qayıdış artıq başlayıb və xalqımız bu qayıdışın da böyük zəfərlə yekunlaşacağına inanır!
***
Günlərin birində, zamanın bizə nəfəs qədər lap yaxın ilində Bakıdan bir qatar yola düşəcək. Böyük Qayıdışın ilk qatarı. Və onun içərisində mütləq 1988-ci ildə Bakıya qaçmağa məcbur olan soydaşlarımızdan kimlərsə olacaq…
Rauf ARİFOĞLU
araz.az xəbər portalı.