photo_388244.jpgTanınmış pakistanlı aparıcı, siyasi analitik Malik Ayyub Sumbalın təşəbbüsü ilə “Azərbaycanın Dostları” (FOA) adlı sosial şəbəkə istifadəyə verilib.
Həmfikir insanların sosial şəbəkəsi olan “Azərbaycanın Dostları” müxtəlif sosial, mədəni və innovativ tədbirlər və fəaliyyətlər vasitəsilə bütün dünyada Azərbaycanın müsbət imicini və diplomatiyasını əks etdirən layihələr başladıb.
Azərbaycanın həqiqi dostlarından ibarət olan belə bir mütərəqqi və aktiv sosial şəbəkənin yaradılması ideyası, il yarım Bakıda yaşamış dünya şöhrətli geosiyasi analitik və mükafat qazanan jurnalist Malik Ayyub Sumbal tərəfindən irəli sürülüb.

O, Bakıda olduğu zaman Azərbaycan xalqını, mədəniyyətini və ölkəsini çox yaxından izləmək şansı qazanıb. O, qaldığı müddətdə ölkənin ucqar ərazilərini gəzib və Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən infrastrukturun inkişaf etdirilməsinə heyran olub.
O, həmçinin Prezident İlham Əliyevin baxışlarına əsaslanan, Şərqlə Qərb arasında balanslaşdırılmış xarici siyasət doktrinası üzərində işləyən ölkə rəhbərliyinə də heyran qalıb.
Malik Ayyub Sumbal bildirib ki, Azərbaycanın Dostları (FOA) dünyanın müxtəlif ölkələrində yerli bölmələr yaratmağı planlaşdırır. Sumbal deyib: “Azərbaycanın bütün dostlarını bir çətir altında birləşdirməyə çalışırıq. Azərbaycan möhtəşəm insanların diyarı olan böyük bir ölkədir. Azərbaycan saf cəmiyyətin və səmimi insanların ölkəsidir. Buna görə də bu şəbəkəni işə salmaqla Azərbaycanın mənə verdiyi sevgi, qayğı və hörmətin qarşılığını verməyə çalışıram.”
“Azərbaycanla münasibətlərim yalnız səmimiyyətə əsaslanır. Buraya 2016-cı ildə qısa müddətə gəldim, amma Azərbaycan xalqının sevgisi, məhəbbəti və hörməti bu gözəl odlar diyarındakı səfərimi il yarım daha uzatdı”.
Malik Ayyub Sumbal, “Mən 2015-ci ildə Myanmarın Yanqon şəhərində görüşdüyüm Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti cənab Umud Mirzəyev tərəfindən Azərbaycana dəvət edildim. O gündən etibarən Azərbaycanla münasibətlər daha da möhkəmləndi. Bakıda olanda özümü evimdəki kimi hiss edirəm”, – deyib.
O, bildirib ki, Azərbaycanın Dostları (FOA) bütün dünyada Azərbaycan üçün dost səsi olacaq.
Qeyd edək ki, dünya şöhrətli geosiyasi analitik və teleaparıcı Malik Əyyub Sumbal 15 ildən artıq peşəkar təcrübəyə malikdir. O, 2012-ci ildə “Syracuse University Mirror” mükafatına layiq görülüb.
Tanınmış aparıcı, siyasi analitik Malik Ayyub Sumbal 15 illik jurnalistika təcrübəsinə malikdir. O, Sirakuz Universitetinin “Güzgü” beynəlxalq media mükafatının və bir çox müsabiqələrin qalibidir. “Eurasia Diary” və “Caspian Times” media qurumlarını özündə birləşdirən “Avrasiya Media Şəbəkəsi”nin baş redaktoru vəzifəsində çalışmış Malik Ayyub Sumbal Əl-Cəzirə, CGTN, Asia Times, Gulf News, The Diplomat, CNN, Daily Sabah v.s aparıcı media qurumlarının şərhçisidir.

 Araz.az

araz.az xəbər portalı.