Azərbaycanda əlamətdar günlərdə – əsasən Yeni İldə, Novruz bayramında əfv sərəncamı imzalanır. Yüzlərlə şəxsi azadlığa buraxılır, ya da həbs müddəti azaldılır. Bəs, bu il yeni il qabağı əfv gözlənilirmi?
araz.az bildirir ki, globalinfo.az-a danışan Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü, hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, hazırda məhkəmələri davam edən blogerlər, jurnalistlər, siyasi partiya üzvləri elə məhkəmədən ev dustaqlığına buraxılmalıdır:
“Monitorinq Qrupunun üzvləri olaraq hər zaman bu barədə müraciətlərimizi göndəririk. Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü Azərbaycan dövləti üçün barışıq addımı ola bilər. Avropa strukturlarından ölkəmizə basqı var. Azərbaycanın ərazi bütövlüyümü bərpa etməsini, inkişafımızı gözləri götürməyən xeyli qüvvələr var. Həmrəylik günü və Yeni il münasibəti ilə əfv qərarının verilməsi çox yaxşı olardı. Həmin məhbusları ev dustaqlığına buraxıb, açıq məhkəmələr apara bilərlər.
Çox güman ki bu işlərə baxılır. Bu siyahıya məşhur, qeyri-məşhur fərqi olmadan müəyyən isimlər daxildir. Anar Məmmədlinin səhhəti də yaxşı deyil. O, azadlığa buraxılmalıdır. İnsan Hüquqları Günü bütün səfirliklərin nümayəndələrindən ibarət tədbir keçirilmişdi. Bu zaman məhbuslardan çoxunun adı çəkilsə də xeyli qismin adı hallanmadı. Onların içərisində tanınmış, layiqli insanlar da var idi ki, onların adı çəkilmədi. Biz çox pərt olduq. Avropalılar da özlərinin istədiyi şəxslərin adını çəkirdilər.
Əvəz Zeynallı, Tofiq Yaqublu, eləcə də siyasi partiyaların üzvlərinin azadlığa buraxılmasını istəyərdik. Biz ayrı-seçkilik salmırıq. Hamıya hüquqlarının pozulması kontekstindən baxırıq. Buna görə də bu istiqamətdə addım atılmalıdır”.
araz.az xəbər portalı.