Ədliyyə Nazirliyinin Azadlıq Partiyasının ləğv edilməsi üzrə müraciəti əsasında, Bakı Şəhər Apellyasiya Məhkəməsində məhkəmə prosesi keçirilib. araz.az bildirir ki, dekabrın 5-də hakim Ceyhun Məmmədovun sədrliyi ilə keçirilən prosesdə müraciət təmin olunub. Partiyanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
Qeyd edək ki, bununla bağlı partiya məlumat yayıb. Məlumata əsasən, 2005-ci ildə dövlət qeydiyyatına alınan bu partiyanın sədri Əhməd Oruca Bakı Şəhər Apellyasiya Məhkəməsindən zəng edilib. Dekabrın 5-də Ədliyyə Nazirliyinin iddiası üzrə məhkəmə iclası olacağı barədə məlumat verilib. Dekabrın 5-də isə, məhkəmədə partiyanın ləğvi ilə bağlı Qərar çıxarılıb.
Məlumatda qeyd edilir ki, Azadlıq Partiyası qeydiyyat üçün sənədlərini 2023-cü ilin avqust ayının 21-də təqdim edib. Ötən 1 il 4 ay ərzində partiyaya rəsmi cavab verilməsə də, Ədliyyə Nazirliyindən zəng edilərək, qeydiyyat üçün problem olmadığı bildirilib. Onu da deyiblər ki, qurultay keçirilməlidir. Hətta Nizamnamədə dəyişiklərin olmasının vacibliyi də bildirilib.
Sonra isə, Ədliyyə Nazirliyinin rəsmiləri Prezident Aparatı ilə partiyanın problemi olduğunu bildiriblər. Hakimiyyət tərəfindən partiyanın özünü buraxması üçün müxtəlif təkliflər, təzyiqlər və digər cəhdlər olub. Məhkəmə partiyaya iddia ərizəsi ilə və partiyanın ləğvinə səbəb olan faktlarla tanış olmağa imkan verməyib.
Məlumata görə, Azadlıq Partiyasının fəaliyyətinin məhkəmə vasitəsi ilə dayandırılması hakimiyyətin sifarişi əsasında olub və partiyanın siyasi mövqeyi ilə bağlıdır. Bu məsələ barədə, yaxın zamanda partiyanın əlavə açıqlaması olacaq.
araz.az xəbər portalı.