Suriyadakı müharibə yeni mərhələyə keçib. Dörd il bundan əvvəl aparılan savaşlardan fərqli olaraq, hazırkı döyüşlərdə Bəşər Əsəd və müttəfiqləri xeyli zəifləyib. Bu dörd il ərzində, Bəşər Əsədin siyasi iradə ortaya qoymaması, müxalifətlə və Türkiyə ilə danişiqlardan yayınması, elə, onu belə bir vəziyyətlə üzləşdirməliydi.

Bu dörd il ərzində, Suriyanın belə bir vəziyyətdən çıxması üçün, heç bir siyasi həll yolunun axtarılmaması hamıya məlumdur. Movcud status-kvonun saxlanılması isə, nəinki Əsədi, Moskva və Tehranı da qane edib. Baş verənlərin siyasi həll yolunun axtarılması isə, labüd idi. Bəli, status-kvonun bu vəziyyətdə qalması, birbaşa, Türkiyənin təhlükəsizliyini və regional sülhün əldə edilməsini olduqca çətinləşdirib.

Bəşər Əsəd hakimiyyətinin Yaxın Şərqdə Rusiya və İranın geosiyasi mövqelərinin inkişafına xidmət etməsi, Fələstin dövlətinin yaradılmasını da, ciddi əngəllərlə üz-üzə qoyub. Həmçinin Şimali Suriyada yeni bir PKK-YPG dövlətinin qurulmasına zəmin yaradıb. Təbii ki, Türkiyə belə bir vəziyyətə, yəni, proseslərin öz əleyhinə çevrilməsinə seyrçi qala bilməzdi.

Hazırda, məcburiyyətdən, Türkiyə Suriyada yeni bir siyasi nizam qurur. Bu prosesin qarşısını isə, İran öz istəyinə uyğun ala bilməyəcək. Çünki İran Yaxin Şərqdə kifayət qədər zəifləyib. Rusiya isə, müharibəyə qoşulmaq niyyətində deyil. Artıq, Suriyanın strateji şəhərləri Hələb, Hama müxalifətin nəzarətinə keçib. Homs və Latakiyaya hücumlar fonunda isə, rejim qüvvələri silahlarını qoyub qaçırlar. Göründüyü kimi, Suriya ordusunun şimal istiqamətində ciddi döyüşməməsi səbəbindən, mövqelərdən geri çəkilmələr də, getdikcə adi hala çevrilir.

Bundan sonra isə, Suriyada döyüşən “Azad Suriya Ordusu” və “Heyət Təhrir əş-Şam” (THŞ) silahlı qrupları Dəməşqə doğru irəliləyəcəksə, Əsəd ordusu müqavimət göstərə bilməyəcək. “Heyət Təhrir Əş-Şam” silahlılarının rəhbəri Colani də, idarəetməni əlində saxlaya bilməyəcək. Onun bu yöndə açıqlaması da olub və hər şeyin keçid hökumətinə təhvil veriləcəyini elan edib. Həmçinin, Əsədin devriləcəyi təqdirdə, bu təşkilatın buraxılacağını belə xüsusi olaraq vurğulayıb. İranın təqdim etdiyi kimi, bu təşkilat heç də radikal deyil və idarəetməni əlində tutmayacağını özü elan edib.

Göründüyü kimi, Türkiyə prosesləri çox ciddi şəkildə idarə edir. Belə bir vəziyyətdə Azad Suriya Ordusu və HTŞ Suriyada azad şəkildə fəaliyyət göstərə bilməz. Türkiyə PKK-YPG terror təşkilatını da, şimali-şərqi Suriyadan çıxaracaq. İran və Rusiya Suriyadan çıxarıldıqdan sonra, Hizbullah da, olduqca zəifləyəcək. Bunun nə demək olduğunu, artıq, hamı yaxşı bilir.

Məhəmməd ƏSƏDULLAZADƏ,
Azərbaycan Milli Cəbhə Partiyasının Başqan müavini, siyasi ekspert.

 

araz.az xəbər portalı.