Binəqədi Rayon Prokurorluğunda I qrup Qarabağ əlili Faiq Quliyevi daş karxanasında vəhşicəsinə döyüb, qabırğalarını qıranlara deyil, onun özünə cinayət işi açılması, cəmiyyətdə böyük rezonans və hiddət doğurub. Artıq hər kəs, haqlı olaraq, vicdan çərçivəsinə sığmayan bu “cinayət işinin” qurama və sifarişli olduğunu düşünür və birbaşa, haqlı olaraq, rayon prokuroru Nazim İmanovu qınayırlar. Sən demə, günahsıza belə cinayət işi açmaq bu prokurorluğu cənginə alan qəribə mərəzlərdən biriymiş…
…Görünən odur ki, prokuror Nazim İmanov, Azərbaycan Respublikasının Avropa İnsan Hüquqları Konvensiyasına tərəfdar çıxmağına, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yürütdükləri humanizm siyasətinə və cəzaların humanistləşdirilməsi ilə bağlı ölkə başçısının imzaladığı sərəncamlara nəinki adekvat işləmir, əksinə bütün bu sadaladığımız faktlara, dəyərlərə qarşı çıxır.
Deyilənə görə, N. İmanov, əlinə düşən ilk fürsətdə istədiyi kimi, “ağına-bozuna” baxmadan, günahı oldu-olmadı, şəxsi maraqlara uyğun vətəndaşlara cinayət işi açmağa həvəslidir. Məlumatlarının dəqiqliyinə şübhə etmədiyimiz etibarlı mənbədən araz.az-a daxil olan bir xəbər də, elə, bu deyilənlər barəsindədir. Həmin xəbərdə deyilir ki, prokurorluğun belə qurbanlarından biri də, bu günlərdə barəsində məhkəmə tərəfindən bəraət hökmü çıxarılmış Mübariz Nəsrulla oğlu Cəlilovdur. Dünyanı vecinə almayan və gözünü qan örtən prokuror onun barəsində də, əsassız və qanunsuz olaraq, Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə (narkotiklərin qanunsuz dövriyyəsi) cinayət işi başlayıbmış. Lakin
Binəqədi Rayon Məhkəməsinin ədalətli hakimi Vüsal Tağıyev, həmin iş üzrə məhkəmə istintaqı aparmış və müəyyən etmişdir ki, Mübarizə Nazim İmanov və Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinin əməkdaşları əssasız və qərəzli şəkildə cinayət işi açıblar. Bu qanunsuz əməlləri aşkar edən ədalət tərəfdarı, məhz buna görə də, xüsusi bir qərar çıxarıb. Bu xüsusi qərarın mahiyyəti ondan ibarətdir ki, istintaqa prosessual rəhbərliyi həyata keçirən prokuror Nazim İmanovun barəsində araşdırma aparılmalı və o, komandasıyla birlikdə cinayət məsuliyyətinə cəlb olunmalıdır. Görünənsə odur ki, Azərbaycan Respublikası adından çıxarılan qərar Binəqədi rayonunda keçmir. Əks təqdirdə, bu komandanın əməkdaşları da cəzalandırılar və Faiq Quliyev kimi qeyrətli Azərbaycan oğluna, I qrup Qarabağ əlilinə qanunsuz və əsassız cinayət işi açmaq imkanına malik olmazdı.
araz.az xəbər portalı.
araz.az xəbər portalı.