araz.az xəbər verir ki, Gürcüstanın paytaxtı Tiflis bu dəqiqələrdə gərginlik içindədir. Şəhərin mərkəzi küçələrində hökumət əleyhinə etiraz aksiyası ilə hüquq-mühafizə orqanları arasında ciddi toqquşmalar baş verir.
Xüsusi təyinatlı qüvvələr su şırnaqları və gözyaşardıcı qaz tətbiq etməyə başlayıb. Etirazçılar isə, polisin müdaxiləsinə müqavimət göstərərək, barrikadalar qurur və fişənglərdən istifadə edirlər. Toqquşmalar nəticəsində xəsarət alanlar və saxlanılanlar barədə ilkin məlumatlar yayılıb.
Məlumata görə, etirazlar Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlüklə bağlı qərarlarını təxirə salmasına qarşı təşkil olunub. İştirakçılar hökumətdən Avropa inteqrasiyasını sürətləndirməyi tələb edir.
Prezident Salome Zurabişvili etirazçılara dəstək verərək polisin sərt müdaxiləsini tənqid edib. Lakin bu çağırışlar da hazırkı gərginliyi azaltmaq üçün kifayət etmir.
Tiflisin küçələri bu dəqiqələrdə təhlükəli vəziyyətdədir. Hadisə yerindən gələn məlumatlara və yayılan videolara əsasən, qarşıdurmaların hələ uzun müddət davam edəcəyi gözlənilir. Təhlükəsizlik məqsədilə əhalinin ərazidən uzaq durması tövsiyə olunur. /musavat.com/
araz.az xəbər portalı.