Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Milli Məclisdəki Beynəlxalq Konfransda çıxış edib.

araz.az-ın xəbərinə görə, o bildirib ki, Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən parlament 106 il bundan əvvəl çox çətin və mürəkkəb bir tarixi dövrdə yaradıldığı kimi, bu müddətdə həm də kifayət qədər mürəkkəb və keşməkeşli bir yol keçib.

“Amma bütün dövrlərdə öz tarixi missiyasını yerinə yetirməyə çalışıb, qanunvericilik bazasının möhkəmləndirilməsi və qanunvericilik hakimiyyətinin formalaşması üçün mümkün olan hər şeyi edib. Xüsusilə, 1991-ci ildə dövlət müstəqilliyimizi bərpa etdikdən və 1993-cü ildə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonrakı 30 ildən artıq bir müddət ərzində Azərbaycan parlamenti dövlətin və millətin maraqlarını həmişə ön planda saxlayıb.

Cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, hərbi sərkərdəlik bacarığı, diplomatik qətiyyəti sayəsində Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərdən sonra Azərbaycan parlamenti bu Zəfərin nəticələrinin beynəlxalq müstəvidə qəbul edilməsi və möhkəmləndirilməsi istiqamətində kifayət qədər səmərəli fəaliyyət göstərib, dövlətlərarası münasibətlərin tənzimlənməsi üçün parlament diplomatiyasının bütün imkanlarından istifadə edib.

Cənab Prezident İlham Əliyevin 2022-ci il dekabrın 24-də Qərbi Azərbaycan İcmasına gələrək buradakı tarixi çıxışında Qarabağ müharibəsindən sonrakı dövr üçün Azərbaycan dövlətinin və Azərbaycan millətinin strateji hədəfi olaraq elan etdiyi Qərbi Azərbaycana Qayıdış ideyasının və bu ideyanın bütün detallarını ehtiva və hüquqi-siyasi əsaslarını təşkil edən Qayıdış Konsepsiyasının icrasına verdiyi hərtərəfli dəstək baxımından da Azərbaycan parlamentinin fəaliyyəti diqqətçəkəndir və parlament tariximizdə xüsusi yeri var.

Heç təsadüfi deyil ki, Milli Məclisin sədri, hörmətli Sahibə xanım Qafarovanın birbaşa diqqət və qayğısı sayəsində bir il ərzində parlamentin müxtəlif komitələri tərəfindən müxtəlif mövzularda 5 dəfə geniş ictimai dinləmə keçirilib, bu dinləmələrdə Milli Məclisin deputatları ilə yanaşı, siyasi partiyaların rəhbərlərinin, vətəndaş cəmiyyəti nümayəndələrinin, alimlərin, ziyalıların, ekspertlərin iştirakı təmin edilib”, — Əziz Ələkbərli qeyd edib.

O, daha sonra iştirakçıların diqqətini Qərbi Azərbaycan mövzusuna çəkib:

“Rəhbərlik etdiyim Qərbi Azərbaycan İcması tarixi Azərbaycan torpaqları olan indiki Ermənistan ərazisində son 200 ildə baş verən hadisələr barədə həqiqətlərin beynəlxalq müstəviyə çıxarılması və qaçqın soydaşlarımızın qayıdış hüququnun beynəlxalq miqyasda tanınması və təmin olunması istiqamətində fəaliyyətini daha da genişləndirmək məqsədilə bu yaxınlarda Milli Məclisin rəhbərliyinə müraciət edib, Milli Məclisdə Qərbi Azərbaycana qayıdış məsələsi üzrə qurumun yaradılması təklifini irəli sürüb.

Mən Milli Məclisinin sədri, çox hörmətli Sahibə xanım Qafarovaya bir daha təşəkkür edirəm ki, məsələnin tarixi, siyasi və insan haqları baxımından əhəmiyyətini nəzərə alaraq, Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın doğma torpaqlarına qayıtmaq hüququnun gerçəkləşməsinə dəstək məqsədilə bu yaxınlarda parlamentdə Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupu yaradılması barədə sərəncam imzalayıb.

Bir neçə gün bundan əvvəl Milli Məclisdə həmin Təşəbbüs Qrupunun “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda ilk, ümumiyyətlə isə 6-cı ictimai dinləməsi keçirildi.

Hörmətli konfrans iştirakçıları, son iki gün ərzində Qərbi Azərbaycan İcması Qərbi Azərbaycandan zorla çıxarılmış soydaşlarımızın qayıdış hüququ ilə bağlı II Beynəlxalq Konfrans keçirdi. Cənab Prezident İlham Əliyevin konfrans iştirakçılarına Müraciətində tarixi torpaqlarımıza dinc yolla və ləyaqətli şəkildə qayıdışımızın mahiyyəti bir daha konfrans iştirakçılarının və dünya ictimaiyyətinin diqqətinə çatdırıldı. Konfransda dünyanın 52 dövlətinin 100-dən artıq nümayəndəsi, o cümlədən qardaş Türkiyə Böyük Millət Məclisinin önəmli isimləri iştirak etdi. Mən Qərbi Azərbaycan İcması adından onların hər birinə bir daha öz dərin təşəkkürümü bildirirəm”.

araz.az xəbər portalı.