Dekabrın 6-da Azərbaycan Milli Xalça Muzeyində “Dualı Sultan köynəkləri” sərgisi açılıb. Bu barədə Muzeyin mətbuat xidmətindən araz.az-a daxil olan məlumatda deyilir ki, tədbir Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Bakı Yunus Əmrə İnstitutunun və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutub.
Məlumata görə, bu sərgidə Osmanlı sultanlarının geyindikləri dualı köynəklər əsasında hazırlanan əsərlər nümayiş olunur. Burada xəttat, elmlər doktoru Mehmet Vanlıoğlu, işıq üzrə rəssam Ayşe Vanlıoğlu və onların birgə çalışdığı 16 nəfərdən ibarət komanda tərəfindən yaradılan, Osmanlı dövrünün tarixi koloritini əks etdirən 23 nümunə yer alır.
Osmanlı sultanları dualı köynəkləri müharibələrdə qələbə qazanmaq, bədnəzərdən qorunmaq, şəfa tapmaq və mənəvi güc almaq üçün geyinirdilər. Həmin köynəklər süls, kufi, celi, ruqə xətləri ilə işlənmiş ayə və dualarla, həmçinin “Qədəm-i Şərif”, “Süleyman möhürü”, “Zülfüqar qılıncı” kimi xüsusi məna daşıyan motivlərlə bəzədilirdi. Onlar təkcə sultanlar, şahzadələr üçün deyil, həm də uşaqlar və digər şəxslər üçün nəzərdə tutulur, sahibinin ilahi tərəfindən qorunduğuna zəmanət kimi qəbul edilirdi.
Məlumatda o da qeyd olunur ki, üzərində Məhəmməd Peyğəmbərə ithaf edilmiş qəsidələrin, “Ayətül-kürsi” və “Müavvizəteyn” kimi müqəddəs mətnlərin yer aldığı köynəklər Osmanlı imperiyası dövründən bu günə qədər gəlib çatıb. Hazırda bu köynəklər mədəni irsin bir hissəsi olmaqla yanaşı, mühüm arxiv sənədləri, həmçinin yeni yaradılmış kolleksiyanın istinad mənbəyidir.
Kuratorları Ayşe Vanlıoğlu və Dr. Mehmet Vanlıoğlunun olan sərgi dekabrın 20-dək davam edəcək.
Nadir HƏSƏNLİ,
araz.az xəbər portalı.