Epiqraf : ,,İnsan nə qədər çox yazmağa çalışsa, o qədər daha yaxşı yaza bilər”.
— Uilyam Hezlitt
Müasir Azərbaycan ədəbiyyatımıza gələn yeni ədəbi nəslin ön sıralarında özünün bədii təfəkkür qabiliyyətilə saysız – hesabsız oxucuların rəğbətini qazanmış, özünün daxili aləmini əks etdirən ülviyyətdən yoğrulmuş saf duyğuların məhsulu sayılan obrazlı söz və ifadələrlə zəngin, aktuallığı ilə seçilən həyati və bəşəri əhəmiyyət daşıyan çoxcildli ,,Ömür yolu” silsiləli şeirlər kitablarının, avtobioqrafik janrda yazılmış ,,Ömür yuxusu” romanının müəllifi heyrətamiz dərəcədə istedadlı şair, yazıçı, əczaçılıq elmləri doktoru Qaraxan Əkbəroğlu – Yaqubovun yaradıcılığını maraqla izlədiyimdən aldığım xoş təəssüratlarımdan daxilən bir rahatlıq duyuram; son 2- 3 onilliklərdə ədəbiyyatımızda nəzərə çarpacaq durğunluğun qədirbilən oxucularımıza məlum yaşantıların narahatlığına son qoyan, ədəbi aləmdə parlayan gənc qələm sahiblərinin mütləq dərəcədə durğunluq buzlarının, bütün kainatı nura qərq edən günəş kimi əridəcəklərini inamla meydana qoymaq imkanına və inamına olan bir rahatlıq. Bu inamı və rahatlığı narahat görünən ədəbiyyat həvəskarlarına, müasir dünyamızın insanlarına aşılayan Qaraxan Əkbəroğlu dərin sevgiyə, alqışlara layiq əsil kamil insan, istedadlı şair, zəkalı alim olaraq, üfüqlərdən yenicə boylanan və gülümsəyən bir günəşə bənzəyir. O günəş nə kasıb bilər, nə varlı, hamıya bərabər işıq saçar, nur ələyər, kasıbın da, varlının da pəncərələrindən süzülüb işıq saçar – bərabər şəkildə. Qaraxan Əkbəroğlunun simasında əsl vətəndaşlığı əks etdirən yüksək insani keyfiyyətləri, ziyalılıq səviyyəsinin göstəricisi olan doğruluq, mərdlik, qayğıkeşlik, insanlığı hər zaman zirvədə görmək, humanistlik, özündən kiçiyə qayğı, böyüklərə ehtiram kimi əxlaqi və insani keyfiyyətləri görmək mümkündür. Əlbəttə, belə bir AZƏRBAYCANLI oğul ilə fəxr etmək, qürur hissləri duymaq xoşbəxtlikdir. İstər bugünkü, istərsə də gələcək gənc nəsillərimizə Qaraxan Əkbəroğlunun həyat yolunu nümunəvi vətəndaş kimi göstərmək mümkündür.
Hörmətli oxucular, adətən. qabiliyyətilə vətəninə, xalqına, bəşəriyyətə xidmətlərilə tanınan böyük şəxsiyyətlərin fəaliyyətlərindən nə qədər geniş məqalələr, monoqrafiyalar yazılsa da, insanların maraq dairəsində həmin şəxsin dünyaya göz açdığı ana vətəni – kəndi, şəhəri, ata yurdu dayanır. Şübhə etmirəm ki, əziz oxucularımızı Azərbaycan ədəbiyyatına öz töhfəsini vermiş və bu gün də yazıb-yaratmaqda davam edən novator şair Qaraxan Əkbəroğlunun həyat yolu ilə maraqlanmasınlar.
Mütləq həqiqətdir ki, istedad sahiblərinin parlamasında doğulub boya – başa çatdıqları ölkənin – ana vətənin, ata yurdunun, onu əhatə edən təbiətin, ictimai mühitin, ağbirçək nənələrin, dağdan ağır ağsaqqal kişilərin, cəsarətli, qeyrətli dəliqanlı oğulların, abırlı-həyalı, ismətli qız – gəlinlərin aşıladıqları gözəl insani və vətəndaşlıq keyfiyyətlərilə zəngin tərbiyənin, habelə, təhsil aldığı məktəbdə doğma müəllimlərinin, hətta doğma uşaqları kimi sevdikləri şagirdlərin rahat təhsil almaqdan ötrü həmin məktəbdə sahman – səliqə yaradan xadimələrin əhəmiyyətli dərəcədə rolu inkar edilməzdir. Yürüdülən bu fikirlərə rəğmən müasir ədəbiyyatımızın inkişafında özünün xüsusi dəst – xətti olan Qaraxan Əkbəroğlunun həyat yoluna qısa bir nəzər salmağı məsləhət bildim.
Ədəbi mühitdə Əkbəroğlu imzası ilə yazıb – yaradan istedadlı şair Qaraxan Əkbər oğlu Yaqubov 01 dekabr 1961 – ci ildə Qərbi Azərbaycanın Qarakilsə mahalı Hamamlı rayonunun Qursalı kəndində dünyaya gəlmişdir. İlk təhsilini doğma kəndində alaraq 1979 -cu ildə orta məktəbi əla qiymətlərlə bitirmiş, 1980 – 1988 – ci illərdə indiki Bakı Dövlət Universitetinin kimya fakültəsinin məzunu olmuşdur. Tələbəlik illərində Tələbə Elmi Cəmiyyətində 4 elmi ixtira etmişdir.
Özünü bütün erudiyası ilə elmə həsr edən gənc tələbənin çalışqanlığı diqqət mərkəzində olub, ona böyük etimad göstərilərək 1984 – cü ildən Bakı Kimya Əczaçılıq zavodunda laborant, mühəndis, sex rəisi kimi mühüm vəzifələrdə işləməsinə etibar edilmişdir. 1993 -cü ildə Azərbaycan Respublikası Əczaçılar İttifaqının sədri seçilmiş və Azərbaycanda ilk özəl dərman zavodu inşa etmişdir.
Parlaq zəka sahibi Qaraxan Əkbəroğlu elmin daha dərin sirlərinə nail olmaq üçün daim üzərində çalışmaqla elmi kitabları mütaliə etməyi özünə bir meyar seçir və elə bu səbəbdən də o, 2003 – cü ildə Avstriyanın Vyana Univerisitetində dokturanturaya daxil olmuşdur. Şair Əczaçılıq elmləri doktorudur.
Qaraxan Əkbəroğlunu 2004 – cü ilin dekabr ayında beyin əməliyyatı zamanı klinik ölüm keçirmiş, həkimlərin yüksək peşəkarlığından yenidən həyata qayıdır və bundan sonra bədahətən şeirlər söyləməyə və yazmağa başlamışdır.
Xalq şairi Nəriman Həsənzadənin xahişi ilə şeirlərini kitablar şəklində çap etdirmişdir. 2016 – cı ildə 2 kitab, 2017 -ci ildə isə şeirlər silsiləsindən, biri roman olmaqla 6 kitab yazıb çap etdirmişdir. ,,Ömür yolu – 8 ” isə şairin 10 -cu kitabıdır.
Bu günə qədər poeziya aləminə, nə şifahi xalq ədəbiyyatında, nə də yazılı ədəbiyyatda mövcud olmayan 71 ədəbi janr gətirən Qaraxan Əkbəroğlu novator şair mərhələsinə ucalmaqla yeni janrların müəllifi adına layiq görülmüşdür, daha dəqiq desək, ədəbiyyatda öz möhürünü vuran əsl yaradıcı qələm sahibi kimi əbədiyaşarlıq ömrü qazanmışdır. Böyük ədib ümumilikdə 145 janrda şeirlər yazmışdır, bu isə onun gərgin əməyinin, şairlik istedadının heyrətamizliyindən xəbər verməklə, həm də çox məhsuldar şairliyini təsdiqləyən inkaredilməz göstəricisidir. Onu da hörmətli oxucuların nəzərinə çatdırıram ki, şairin ,, 65 janrda” seçilmiş şeirlər kitabı Nobel Sülh Mükafatına təqdim edilmişdir.
Avropanın mərkəzində 10 fevral 2018 -ci ildə Dünya Şair və Yazıçılar İttifaqının (Beynəlxalq Təşkilatın) prezidenti seçilmişdir və hazırda Avstriyanın paytaxtı Vyana şəhərində fəaliyyət göstərən həmin Beynəlxalq Təşkilata rəhbərlik edir.
Poeziya aləmində püxtələnmiş qələmilə diqqət mərkəzində dayanan Qaraxan Əkbəroğlunun yaradıcılığı mövzu aktuallığı, hadisələrə yanaşma üsulu, şairin özünə məxsus üslubda obrazlı ifadələrlə qabarıq tərzdə oxculara təqdim etmək qabiliyyəti daha çox nəzərə çarpır. Onun poeziyasında maraqlı məqamlara çox rast gəlmək mümkündür. O aşıladığı fikir və düşüncələrin, hadisələrin ünvanına oxucunu yönləndirməyə sövq edir və bu ədəbi priyomu ilə mütləq mənada sevimli oxucularını qırıllmaz tellərlə poeziyaya, bütövlükdə ədəbiyyata bağlanmasına nail ola bilir:
Yaralarım üstü açıq qalanda
Mən özüm də günəş kimi solmuşam.
Bir küsəyən gözəl qan verdi mənə,
İndi mən də çox küsəyən olmuşam…
– deyən şair dünyanın vəfasızlığından, qəm – qüssə içində həyatın acılarının nəticəsi olaraq küskün düşdüyündən şikayətlənir.Daha sonra yazır:
Sevda sevəninmiş, qəm Qaraxanın,
Hökmü varmış hər zamanın, hər anın,
Mən şair olandan qoca dünyanın,
Hər dərdini öz içimə salmışam.
Şairin böyüklüyü onun həyata baxışlarının genişliyindədir, özünə qapılmaq ona yaddır, yalnız özünü sevmək prinsiplərindən uzaqdır, bəşəri düşüncələri yaradıcılığında əsas prinsip saymaqla dünyəvi baxışları onun bəşəriyyət naminə haqqın, ədalətin, insanlığın, kasıbların acınacaqlı həyat tərzinə səbəbkarlara qarşı üsyankar ziyalılığındadır. O, biganəliyi qəbul edə bilmir, çünki bilir ki, biganəlik insanlığa yaraşmayan ən mənfi cəhətdir:
…Nədən qənim olur insan insana,
İnsan olan qıymaz heç vaxt bir cana,
Yerin üzü yenə boyanır qana,
Nə qədər analar geyinir qara.
Bu dövranda çoxunun sərvəti var,
Kimə qalıb artıq dövlət, artıq var,
Ləyaqət azalsa, itsə abır- ar,
Haqq yanında olar hər bir üz qara…
Müəllif ağır kədərlə insanların üzləşdikləri üzüntülü müharibələrə, kütləvi qırğınlara nifrət edir, həlak olan insanların, körpələrin, qadın və qocaların, doğma vətənlərindən didərgin düşənlərin halına acıyır, onların dərdini öz dərdi bilir, kədərlərini yaşayır, qəm – qüssələrini ağır yük kimi ürəyinə salmaqla çiyinlərində daşıyır.Şair bütün insan həyatnda baş vermiş acı yaşantılarının səbəbkarını dünyanın özünü bilməklə günahlandırır və onu qınayır. ,,Dünyadı” ustadnaməsində deyir:
Yaradanın özü belə yaradıb,
Kasıba amansız olan dünyadı.
Güvənməyin dövlətinə, malına,
Verdiyini geri alan dünyadı.
Haqqın öz adıyla sizi oynadır,
Arxası qaradır, üzü aynadır,
Böyüyü də uşaq kimi aldadır,
Başından ayağa yalan dünyadı.
Mərdi namərdə möhtac eyləyir,
Qaraxan təkini vətənsiz əyər,
Hərəni bir cürə, min dərdlə döyər,
Zalımın yanında qalan dünyadı.
Şairin təbirincə, hamı insandır – yaxşı, ya pis – fərqi yoxdur, bioloji varlıq olaraq bu bir həqiqətdir, lakin hər insan, ailədə, ictimaiyyətdə, bəşəriyyətin taleyində oynaya biləcək mühüm xidmətlərin göstərilməsində insanlıq mərhələsində dayana bilmir, yəni insan olmasına baxmayaraq, insanlıq keyfiyyətlərindən məhrumdur. Belə insanlar bədbəxt insanlardır, yer üzünün əşrəfi sayılan bəşəriyyətin işıqlı yollarında bitən kol-kosa bənzər maneələrdir. Yer üzündə baş verən bəlaları da məhz bu insanlar törədirlər. Bir də işıqlı insanlar var, ailədən başlamış bütün bəşəriyyət naminə sülhün Yer kürəsində bəşəriyyətin parlaq gələcəyi naminə əzmkarlıq göstərən işıqlı insanlar. Bu insanlar üzərlərində insanlıq deyilən keyfiyyətləri daşıyanlardır. İşıqlı insanlar fiziki şəxs olararaq gözəl əməllərilə insanlıq mərhələsinə ucalırlar, sevilirlər, bəyaz gecələrdə görünən ulduzlu səmadakı ən parlaq ulduz kimi nur saçırlar, özü də təmənnasız, minnətsiz.
Şairin yaradıcılığında bu aspektdən diqqəti cəlb edən bir çox şeirlərindən birinə nəzər salmaq yerinə düşür. ,,Çəkdim” şeirində:
Hərənin özünün olduğu kimi,
Mən də şeir ilə rəsmini çəkdim.
Zalimlərə yerlərini bildirib,
Elimin – obamın dərdini çəkdim.
Gündüz günə baxdım, gecələr aya,
Vaxtımı bölmüşəm hər ilə, aya,
Gördüyüm haqsızlıq gələrmi saya,
Haqlı insanların nazını çəkdim.
– deyən şairin haqsızlığa olan nifrəti aşkar söyləməsi, haqqın yanında dayanıb haqlı insanların bütün dünyanın eşidə biləcək uca səslə nazını çəkməklə qayğısına qalması, məhz onun insanlığının inkaredilməz təzahür formasıdır, təsdiqidir. Şeirin son bəndi daha kəskindir, acı həqiqətləri reallığı ilə bədii boyalarla əks etdirən həyati faktdır:
Dərslərini ancaq göylərdən alan,
Qaraxanın ev – eşiyini alan,
Yüz oyunla milləti dərdə salan,
Xalqı satanlara mən də dağ çəkdim.
Ədibin yaradıcılığının əsas leytmotivini vətən, yurd sevgisi, ata -ana məhəbbəti, habelə düşmənlər tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsinə beynəlxalq təşkilatların göstərdikləri ögey münasibət, biganəlik təşkil edir. Vətənpərvər şair daim Vətən həsrətilə yaşayır, düşmən tapdaqları altında Azərbaycan torpaqlarının bir gün mütləq azad ediləcəyinə səmimi inanır. İnanır ki, Azərbaycanın say-seçməli igid oğulları tarixdə cəsarətli Babək, Koroğlu, Cavanşir, Cavad xan kimi qəhrəmanların övladlarıdırlar. Azərbaycanın şücaətli, ismətli Nigar, Tomris, Züleyxa, Həcər timsallı qızları heç də igid oğullarımızdan, qardaşlarından geri qalmırlar.Tarixdə kişi qeyrətli qadınlarımızın adları qızıl hərflərlə həkk edilmişdir. Şair bu mənada dərin inamla, cəsarətlə inanır ki, heç bir zaman Azərbaycan torpaqları düşmən tapdaqları altında qala bilməz və onu da bilir ki, düşmənlərin hünəri də deyil Vətənimizin ərazilərini işğal edə bilsinlər. Düşmənin arxasında qara qüvvələr olmasa, düşmən xəcalətdindən gecə ilə, dumanlı günlərin birində rüsvayçılıqla özü əkilib rədd olacaqlar. Ataların yaxşı bir məsəli var: ,,Arxalı köpək qurd basar”.
Şeirlərinin birində şair yazır:
Azərbaycan, bu gün üzün ağ olsun,
İgid oğulların daim sağ olsun,
Aprel günün düşməninə dağ olsun,
İndi azad elə tam torpaqları,
Hər dağın başına tax bayraqları
– deyə, ,,Azərbaycan” şeirində Vətənimizin torpaqlarının düşmən tərəfindən işğalına son qoyulmasının məqamı çatdığını qəti tələb edir, bir ziyalı kimi, vətəndaş kimi, yaradıcı şəxs kimi:
Hər döyüşü döyüşçülərin udur,
Zabitinin hər biri Koroğludur,
Hər əsgərin Koroğlunun oğludur,
Hər savaşda tanrı sizə yar olsun,
Qoy bütün analar bəxtiyar olsun…
Şair Qaraxan Əkbəroğlunun yaradıcılığının geniş şərh edilməsinə yüzlərlə məqalələr, monoqrafiyalar yazılmasına tələbat vardır, çünki çoxşaxəli yaradıcılığa malik istedadlı şairin fikir və düşüncələrinin məhsulu olan lirik növün 145 janrında yazdığı yüzlərlə şeirləri, özünün isə müəllifi olduğu, ədəbiyyatda mövcud olmayan 71 janrını yaratmaqla, hər bir yeni janrda yazdığı şeirlərin həm mahiyyəti, həm onun texniki, həm də yeni janrların üslubi baxımından şərhi hazırda yazdığım bu qısa məqalədə vermək mümkün deyil.Yəqin hörmətli oxucular məni üzrlü sayacaqlar.
Məhsuldar şair Qaraxan Əkbəroğlunun yaradıcılığına baxışlarımı əks etdirən bu qısa məqaləmə Uilyam Hezlittin müdrik kəlamını təsadüfən epiqraf seçmədim: ,,İnsan nə qədər çox yazmağa çalışsa, o qədər daha yaxşı yaza bilər.”
Bu bir həqiqətdir ki, Uilyam Hezlittin yürütdüyü müdrik fikirlər Qaraxan müəllimə birbaşa aidiyatı vardır, ona görə ki, o, həqiqətən çox gərgin işləyir, yazıb – yaradır və elə bu xüsusiyyətlərinə görə də parlaq yaradıcılıq sahibi kimi böyük uğurlar qazanaraq qədirbilən oxucuların ən sevilən şairlər sırasında ön cərgədə dayanmışdır. Vətənpərvər şairimiz saz-söz dünyasında dünyaya göz açdığından, saz-söz sahiblərini körpəliyindən dinləyib boya-başa çatdığından özü də aşıqlara məxsus sazı məharətlə ifa edib şeirlərini saz havaları üstündə oxuyur: ,.Baş Sarıtel”, ,,Orta Sarıtel”, ,,Ruhani” (Urfanı), ,,Yanıq Kərəmi,” Misri”, ,,Göyçə gülü”, ,,Dilqəmi” və sairə kimi saz havalarını Qaraxan müəllim məharətlə ifa etmək qabiliyyətinə malikdir. Allah onu sevərəkdən verib, istedalı şair, zəkalı alim, mahir saz ifaçısı səviyyəsində dəyərli Qaraxan müəllim insanların qəlbinə yol tapmış və bu gün də sevilməkdədir.
Məqalənin sonunda şairin Azərbaycan ədəbiyyatına müəllifi olduğu yeniliklərdən məlumat vermək istərdim. Məqalənin əvvəlində dediyim kimi 145 janrda şeirlərini yazan istedadlı qələm sahibi onun 71 janrını özü yaratmaqla novatorluq mərhələsinə daxil olmuş, Azərbaycan ədəbiyyatına yeni töhfələrini vermişdir.
Novator şair Qaraxan Əkbəroğlunun lirik ədəbi növün janrları sıralarına özünün müəllifliyini təsdiqləyən 71 janrda yazılmış şeirləri maraqla oxuyub, onun yazılışı, üslubi xüsusiyyətlərini diqqətlə nəzərdən keçirib, şairin həqiqətən daxili zənginliyinin şahidi oldum. O, bütün erudiyasını ortaya qoymuş əsl yaradıcı qələm sahibidir, yenilikçidir – novator şairdir. Ədəbiyyatımıza gətirdiyi ,,Qaytarma təcnis”, ,,Dodaqdəyməz hərfi təcnis”, ,,Beşlik cinaslı qoşma”, ,,Qaraxan qaytarma təcnisləri”, ..Qaraxan çal – çarpaz təcnisləri”, ,,Qaraxan təcnisləri”, ,,Rədifli Qaraxan təcnisləri”, ,,On ikilik təcnis”, ,,Qaraxan yeddilik təcnisləri”, ,,Qaraxan bayatı təcnisləri”, ,,Qaraxan çal – çarpaz bayatı təcnisləri”, ,,Çal – çarpaz qoşmalar”, ,,Çal – çarpaz Qaraxan qəzəlləri”, ,,Qaraxan təcnisi – qəzəlləri”, ,,Qaraxan qəzəlləri”, ,,Beşlik yeddiliklər”, ,,Çal – çarpaz cinaslı qoşmalar sitayişnamə”, ,,Çal – çarpaz cinaslı qoşmalar ustadnamələr”, ,,Qaraxan gəraylı təcnisləri” və sairə kimi yeni janrları göstərmək olar.
Nümunə üçün şairin ədəbiyyata gətirdiyi bir neçə janrda yazdığı şeirləri nəzərdən keçirək.
Məlumdur ki, qoşma və təcnis janrları yazılışları formaca eyni olsa da, üslubca bir – birindən kəskin fərqlənən janrlardır. Həm qoşmanın, həm də təcnisin ilk bəndləri 1-ci və 3-cü misraları sərbəst, 2- 4-cü misralar həmqafiyə olur. Sonrakı bəndlərin hər birinin ilk 3 misraları həmqafiyə, 4-cü misraları isə ilk bənddəki 2 – 4-cü misraları ilə həmqafiyə olur. Həm qoşmanın, həm də təcnisin son bəndi möhür bəndi adlanmaqla müəllifin adı, yaxud təxəllüsü həmin bənddə qeyd edilir. Bəs fərq nədədir? Təcnisi qoşmadan fərqləndirən qafiyələnmiş sözlərin cinaslardan ibarət olmasındadır. Cinas sözlər təcnis üçün əsas meyar sayılır və istedadlı şairlər məhz öz qabiliyyətlərini yüksək peşəkarlıqla təcnis yaratmaqla göstərə bilirlər.
Maraqlıdır ki, Qaraxan Əkbəroğlu novator şair olaraq ədəbiyyatda ilk dəfə özünün yaratdığı ,,Qaytarma Qaraxan təcnisləri” janrında şeir yazaraq onun klassik təcnisdən kəskin fərqlənməsinə nail ola bilmişdir. Şairin ,,Qalıbdı” şeiri məhz adı qeyd edilən janrda yazılmışdır. Şeir hər bəndi 5 misra olmaqla 3 bənddən ibarətdir. İlk əvvəl misraların miqdarı ilə nəzərə çarpan şeirin qafiyələnmə sistemində də yeniliklər diqqəti cəlb edir. Şeirin ilk bəndindəki misralar bir qafiyələnmiş, 4-5 -ci misralar isə bir -birilə qafiyələnmişdir.. Növbəti bəndlərin isə hər ikisndə yenə 1, 2, 3 – cü misralar əvvəlki qafiyəli sözlərdən ibarət təkrar qafiyələrdən ibarətdir, dəqiq desək, qaytarılmış qafiyələrdir, yenə sonrakı 3, 4-cü bəndlərin 4, 5-ci misraları bir qafiyələnmişdir, diqqətlə nəzərdən keçirsək, qaytarılmış qafiyələrdən ibarətdir. Möhür bəndində müəllifin adı qeyd edilmişdir. Şeiri olduğu kimi diqqətinizə çatdırmağı vacib saydım:
Dərdim çoxdur mən qürbətdə qalandan,
Dost azaldı şair darda qalandan,
Dilim susmur gözüm yaşlı qalandan,
Tək qələmim mənə həyan qalıbdı,
Doğmalarım bəs harada qalıbdı?
Atasız, anasız yetim qalandan,
Taleyimlə mən baş – başa qalandan,
Ümid varmı hər geridə qalandan,
Mənim gözüm yenə dalda qalıbdı,
Arzularım yarı yolda qalıbdı.
Yağının əlində fürsət qalandan,
Arxasında güclü dövlət qalandan,
Qaraxan vətənsiz, elsiz qalandan,
Qəlbində sağalmaz yara qalıbdı,
Ata yurdu düşmənlərə qalıbdı.
Göründüyü kimi vətənpərvərlik ruhunda yazılmış bu şeir şairin ədəbiyyata gətirdiyi qaytarma ,,Qaraxan təcnisləri” janrında yazılmışdır, lakin klassik təcnis janrından kəskin surətdə fərqlənir.
Mən şairin novator olaraq Azərbaycan ədəbiyyatına ilk dəfə gətirdiyi 71 janrda yazdığı bütün şeirləri şərh etmək fikrində deyiləm, lakin hörmətli oxucularımızın marağına səbəb ola biləcək bir neçə şeirləri nəzərdən keçirməyi lazım bildim. Buna görə də şairin nümunə üçün daha bir yeni yaratdığı janrda yazdığı şeirini həm məzmun baxımından, həm də janr baxımından şərh etmək istəyirəm.
Şairin adı ilə bağlı ,,Çal-çarpaz Qaraxan qəzəlləri” janrında yazdığı ,,Gəlmişəm” qəzəlinin klassik qəzəl janrından fərqinə diqqət edək:
İlin bir oğlan çağında, payız ötüb, qış gələndə,
Ayın birinci günündə mən bu dünyaya gəlmişəm.
Ömrümün yarı vaxtında başqa diyara gələndə,
Haqqın dərgahında olub, bir də dünyaya gəlmişəm.
Tək qalmışdım qərib eldə, dərd- sər üstümə gələndə,
Ümid yerim tanrı idi səsi göylərdən gələndə,
Xəstəlikdən gündüz vaxtı fələk yuxuma gələndə,
Əməllərimi sayanda, bildim ki, saya gəlmişəm.
Haqqın dərgahından dönüb, Qaraxan geri gələndə,
Atam dünyadan köçəndə, qohumlar haya gələndə,
Bu dünyam başıma uçdu ən qara günüm gələndə,
Öz dönüşümü anladım, bildim ki, vaya gəlmişəm.
Bildiyimiz kimi klassik qəzəl beytlərdən ibarət olub, ilk beyt həmqafiyə sözlərlə bitir, sonrakı beytlərin ilk misraları sərbəst buraxılıb, ikinci misralar əvvəlki ilk beytlərlə həmqafiyə olur. Sonuncu beytdə şairin adı, yaxud təxəllüsü yazılır. Onu da qeyd edim ki, klassik qəzəl adətən 5, 7, 9 beytlərdən, bir çox hallarda isə 11 və 13, 15 beytlərdə də yazılmışdır. Maraqlısı budur ki, qəzəllər beytlərin miqdarına görə tək rəqəmlərlə bitir və bunu biz yuxarıda göstərmişik; 5, 7, 9, 11 və sairə. Bir çox ədəbiyyatşünaslar və mütəfəkkirlər qəzəl haqqında öz mülahizələrini bildirmişlər. Məsələn, R.Reder qəzəli qısa poema adlandırmışdı. Bu onun öz subyektiv fikridir, mütləq mənada qəbul edilmir.
Qaraxan Əkbəroğlunun ədəbiyyata gətirdiyi ,,Çal-çarpaz Qaraxan qəzəlləri” janrında yazılmış nümunə göstərdiyim qəzəli həm üslubi xüsusiyyətlərllə, həm texniki tərəflərilə maraqlıdır, həm də təqdirəlayiqdir. İstedadlı şairin yazdığı qəzəl üç bənddən ibarətdir, İlk bəndin 1, 3 – cü misraları sərbəst, 2, 4-cü misralar həmqafiyədir. İkinci bəndin ilk 3 misrası sərbəst, 4-cü misrası ilk bəndin 2, 4 – cü misraları ilə həmqafiyədir. Dördüncü bəndin yenə ilk 3 misrası sərbəst buraxılmış, 4-cü misrası isə ilk bəndin 2, 4-cü misraları ilə həmqafiyədir. Yeni janrda yazılmış bu qəzəlin möhür bəndində də şairin adı qeyd edilmişdir.
,,Gəlmişəm” qəzəlinin mövzusu avtobioqrafik səciyyə daşıyır. Məlum olduğu kimi şair klinik ölüm keçirmiş, lakin o, həyata yenidən qayıtmışdır və bu ayılma onun dünyaya yenidən göz açması kimi Allahdan bəxş edilmiş əlçatmaz səadət təsiri bağışlamışdır.
Şairin müəllifi olduğu lirik janrlarından biri ,,Qaraxan çal – çarpaz bayatı təcnisləri”dir ki, bu janrda yazdığı ,,Çəkdi” şeirini nəzərdən keçirməmək mümkün deyil. Yenə klassik bayatı janrına müraciət etmək məcburiyyətindəyəm, çünki yeni janrda yazılmış bayatının klassik bayatıdan fərqinə müqayisə yolu ilə varmaq mümkündür.
Bildiyimiz kimi bayatılar şifahi xalq ədəbiyyatının lirik janrı olaraq 4 misra olmaqla bir bənddən ibarətdir. Bayatının misraları təqtilərlə 4 +3 bölgüsündə olmaqla 7 hecadan ibarətdir. İlk misraları bir qafiyələnir, 3 -cü misra sərbəst buraxılır, 4 -cü misra ilk 1, 2 -ci misralar ilə qafiyələnir. İ – ci və 2- ci misralar 3, 4 – cü misralarda yürüdüləcək əsas fikir üçün zəmin rolunu oynayır. Bayatılar müxtəlif məzmunda yazılsa da, əsas leytmotivini vətən, sevgi,məhəbbət, hicran, həsrət məzmunlu mövzular təşkil edir.
İstedadlı şair Qaraxan Əkbəroğlunun ədəbiyyata gətirdiyi ,,Qaraxan çal – çarpaz bayatı təcnisləri” janrı öz üslub və forması ilə daha çox maraq doğurur. Bunu şairin ,,Çəkdi” şeirindən görmək mümkündür. Şeir 4 bənddən ibarətdir, əslində hər bir bənd özlüyündə bir bayatıdır. Ancaq bayatılardan ibarət bəndlərin hər birinin 4 -cü misraları bir qafiyələndiyindən bütövlükdə şeirin tamlığını təmin edir. Bu çal- çarpaz bayatı təcnislərinin bir fərqi də budur ki, möhür bənd verilməklə şair öz adını həmin bənddə qeyd etmişdir. Əlavə olaraq nəzərinizə çatdırıram ki, bayatıda cinaslar işləndiyindən şeir daha ahəngdar və oynaq səslənir. ,,Açmadı”, ,,Bağladı”, ,,Bağlıdı” kimi şeirlər məhz adı qeyd edilən yeni janrda yazılmışdır.
Şair Qaraxan Əkbəroğlu ,,Üzün” adlı qəzəlini də özünün yaratdığı ,,Dördlük qəzəllər” janrında yazmışdır. Klassik qəzəlin yazılış xüsusiyyətləri və formasından yuxarıda fikirlərimi söylədiyimdən burada təkrara yol vermək istəmirəm. Şairin yeni stildə və formada yazdığı qəzəl klassik qəzəldən fərqli olaraq, beytlər şəklində deyil, bəndlərdən ibarətdir. ,,Üzüm” qəzəli hər bəndi 4 misra olmaqla 5 bənddən ibarətdir. Qafiyələnmə sisteminə nəzər salıb görərik ki, ilk bəndin 1, 3 -cü misraları sərbəst buraxılmış, 2, 4 – cü misraları bir-birilə qafiyələnmişdir. Sonrakı bəndlərin ilk 3 misraları bir qafiyələnmiş, 4 – cü misraların hər biri birinci bəndin 2, 4 – cü misraları ilə həmqafiyədir. Qəzəlin möhür bəndində şairin adı yenə öz əksini tapmışdır. Nümunə üçün qəzəldən bir parça diqqətinizə çatdırmaq istəyirəm:
Sənə könül bağışladım, sən qəlbimi yaraladın,
Mənimlə üz – üzə gəlməyə qalıbdırmı axı üzün.
Atdın öz xəstə yarını, itirdin etibarını,
Verdiyin yüz vəd içində varmı bircə dənə düzün.
Uydun hey şöhrətə, şana, göz tikdin dövlətə, vara,
Yar yanında üzün qara, ay taleyi, bəxti qara,
Mən gəldim başqa diyara, sənin günün oldu qara,
Fələk də edə bilməzdi, sən etdin özünə özün…
Şairin yeni janrda yazdığı daha bir neçə qəzəlləri də məzmun və mövzu etibarı ilə maraqlıdır: ,,Öyrən”, ,,De sözün varmı”. qəzəllərini nümunə göstərmək olar.
İnsanın daxili aləmindən süzülüb gələn bir saf inam var: bütün Kainatı Yaradana olan inam. Şübhə yoxdur ki, hər yaradılanın arxasında hansısa bir qüvvənin dayandığını heç kim inkar edə bilməz. Bəşəriyyət yarandığı zamanlardan həmişə yaradılışa meyilli olmuşdur, Kainat sahibsiz deyil, onun idarə edilməsi inkaredilməzdir. Haqlı olaraq Qaraxan Əkbəroğlu şeirlərində həmişə Uca Tanrıya müraciətlə istəklərinin həyata keçirilməsini arzulamışdır.
Müəllifi olduğu ,, Çal – çarpaz cinaslı qoşmalar sitayişnamə” lirik janrında yazdığı ,, Qoru”” şeirində şairin Allaha bağlı olduğunu və ona sığındığının şahidi oluruq. Bu şeirin mövzusu və məzmunu saflıq, səmimiyyət, özünüdərk, bəd gözlərdən qorunmaq, saflığını qoruyub saxlamaq, təmiz nəfsin sahibi kimi daimi öz insanlıq səviyyəsini qorumaq və sairə kimi insani keyfiyyətlərinin qorunmasında Uca Tanrıdan kömək istəyir. Bu istəklər məhz şairin daxili saflığından yaranmış əsl insanlığın mücəssəməsidir.
,,Qoru” şeirinin texniki tərəfini, formasından qısa məlumatı da verməyi daha məqbul sayıram. Qoşma haqqında təkrar danışmaq istəmirəm, çünki yuxarıda məlumat vermişəm. Ancaq şairin yaratdığı ,,Çal – çarpaz cinaslı qoşmalar sitayişnamə” janrında yazdığı ,,Qoru” şeirindəki klassik qoşmadan fərqi ondadır ki, şeir 3 bənddən ibarət olub, misralar çal – çarpaz cinaslardan ibarət sözlərlə qafiyələnmişdir, hansı ki.biz adətən təcnislərin cinas sözlərlə qoşmalardan fərqləndiyini bilirik. Bu janr da Tanrıya sitayiş motivi əksini tapmışdır, ona görə də Tanrıya müraciətlə şeir yazılmışdır. Şeirdə möhür bəndi verilmiş, şair adını həmin bənddə qeyd etmişdir. Nümunə üçün şeiri diqqətinizə çatdırmaq istəyirəm:
QORU
Ulu tanrım, şərəfimi qorudum,
Haqqı, ədaləti sən özün qoru.
Mən canımı çox zülümdən qorudum,
El – obanı zalımlardan sən qoru.
Həyatımı çox üzlərdən qorudum,
Ürəyimi sərt sözlərdən qorudum,
Mən özümü pis gözlərdən qorudum,
Dünyanı pislərdən sən özün qoru.
Öz ağzımı, öz dilimi qorudum,
Həm nəfsimi, həm əlimi qorudum,
Ömür boyu əməlimi qorudum,
Qaraxanı şeytanlardan sən qoru.
Yuxarıda qeyd etdiyim kimi, bir daha xatırladıram ki, qısa bir məqalədə Qaraxan Əkbəroğlunun həm geniş rəngarəng yaradıcılığını, həm də ədəbiyyatımıza gətirdiyi yenilikləri, yeni janrların bütövlükdə hamısını şərh etmək mümkün olmadığını əziz oxucularımızın özlərinin səmimi inanacaqlarına şübhə etmirəm. Ataların gözəl bir məsəli var- deyərlər: ,,Ovçuya dağı göstərərlər, ovu yox”.
Qaraxan müəllimin yaradıcılığı, ələlxüsus, Azərbaycan ədəbiyyatına gətirdiyi müəllifi olduğu 71 ədəbi janrlar barədə qısa məlumat verməklə onun çox məhsuldar, ciddi bir sənətkar olmasından xəbər verir.
Azərbaycanımıza öz dərin bilik və zəkası ilə, tükənməz istedadı ilə şöhrət qazandıran, Avropanın mərkəzində Dünya Şair və Yazıçılar İttifaqına rəhbərlik edən novator şair, istedadlı yazıçı, zəkalı alim, dünya şöhrətli azərbaycanlı Qaraxan Əkbəroğluya bütün Azərbaycan xalqının, o cümlədən də dünya azərbaycanlıları adından yeni – yeni yaradıcılıq uğurları arzulayıram.
Hacıbaba Dəmirçizadə, yazıçı – tənqidçi, filoloq,
Dünya Şair və Yazıçılar İttifaqının fəxri üzvü
Bakı şəhəri,
22 sentyabr 2019 – cu il.
araz.az xəbər portalı.