“ELƏ, BİRİNCİ QRUP QARABAĞ ƏLİLİNİ İŞLƏDİB, HAQQINI VERMƏYƏNİN ÖZÜ ƏN QATI CİNAYƏTKARDIR!” — BU, BƏYANATIN QISA MƏZMUNUDUR
Binəqədi Rayon Prokurorluğunda I qrup Qarabağ əlili Faiq Quliyevi daş karxanasında vəhşicəsinə döyüb, qabırğalarını qıranlara deyil, onun özünə cinayət işi açılmasının cəmiyyətdə böyük rezonans və hiddət doğurduğu barədə, araz.az xəbər portalı da yazılar dərc edib. Artıq, vicdan çərçivəsinə sığmayan bu cinayət işinin qurama və sifarişli olduğu barədə, ictimai fikirdə yetkin bir rəy formalaşıb. Bu saxta cinayət işinə görə, haqlı olaraq, rayon prokuroru və işin istintaqını aparan Binəqədi Payon Polis İdarəsinin istintaqçıları qınanırlar. Ən maraqlısı odur ki, Rusiyadakı fəal diaspor qurumlarımız belə, bu haqsızlığa biganə qalmayıblar. Federasiyanın bütün regionlarındakı fəal diaspor qurumlarımızı öz ətrafında birləşdirən Azərbaycanlıların Hüquqları və Qanuni Maraqları üzrə “Yedinstvo” (“Birlik”) Regionlararası Konqreslər Assosiasiyası isə, bununla bağlı, rəsmi Bəyanat da verib. Assosiasiyasının prezidenti, Azərbaycan və Rusiya Yazıçılar birliklərinin üzvü, tanınmış ictimai xadim, fəal diasporçu Mirkazım Seyidovun araz.az-ın redaksiyasına ünvanladığı həmin rəsmi sənəddə, öncə qeyd olunur ki, qonşu ölkədə məskunlaşan soydaşlarımızı bir araya gətirmək məqsədi ilə yaradılan bu Assosiasiya, harada yaşamasından asılı olmayaraq, daim haqqı tapdanan, qurama cinayət işləri əsasında həbsə atılan həmyerlilərimizin müdafiəsinə qalxmağı özünün vicdan borcu bilir: “Ölkə mətbuatında bu kriminal olay barədə oxuduqlarımız, eləcə də sosial şəbəkələrdə bu hadisə haqqında paylaşılan məlumatlar bizi olduqca narahat edir. Nüfuzlu bir diaspor təşkilatı olaraq, Faiq Quliyevin də üzləşdiyi haqsızlıq və qanunsuzluqlarla heç cür barışa bilmədiyimizi bəyan edirik. Vətən torpaqları uğrunda gedən savaşlarda qan töküb, sağlamlığını itirən həmyerlimizə qarşı bu cür aqressivlik nümayiş etdirən heç kəsi, — kimliyindən asılı olmayaraq, — heç cür bağışlaya bilməyəcəyimizi də qəti şəkildə bildiririk. Qarabağ qazisini işlədib, haqqını verməyən həmin şəxslərin özlərini ən qatı cinayətkar hesab edirik. Bəyəm, indi, onların anlaması eləmi çətin olub ki, həmin Vətən oğullarımız, azadlığımız naminə sinələrini düşmən gülləsinə sipər ediblər?! Axı, onların hər cür sayğıya, hörmət-izzətə layiq olduqlarını onlar da bilməli, bu sözləri hər zaman qulaqlarında sırğaya çevirməliydilər.
Ümumiyyətlə, həm faciəli övlad itkisi ilə üzləşən, həm də azyaşlı uşaq atası olan Qarabağ qazisi barədə polisə şikayət edənləri, biz, günahları bağışlanmaz vicdansızlar kimi qəbul edirik; Ar olsun, belə əqidə sahiblərinə! Onlar hər cür nifrət və lənətə layiqdirlər!
Qarabağ qazisi barəsində, yalan bir şikayətə görə, “ağına-bozuna baxmadan” cinayət işi başlayan hüquq-mühafizə orqanlarının əməlləri də, bizim tərəfimizdən qəti şəkildə pislənir.”.
Bəyanatda daha sonra qeyd olunur ki, bu cinayət işində bir çox ziddiyyətli məqamların olduğu barədə mətbuatda yazılanlar, bu diaspor qurumunun ətrafında birləşən soydaşlarımızın haqlı narazılıqlarına səbəb olub. Faiq Quliyevin günahını sübut edəcək fakt və dəlillər ortaya qoyulmadığından, şahid ifadələri alınmadığından, baş verən hadisə zamanı video-çəkilişlər götürülmədiyindən, o cümlədən barmaq izləri belə cinayət işində olmadığından bu qurama cinayət işi onlar üçün çox təəssüfləndiricidir: “Bu 3 şəxs törətdikləri cinayəti ört-basdır etmək üçün, havadarlarının məsləhəti ilə, polisin 102 xidmətinə zəng vuraraq, guya, Faiq Quliyevin onları döydüyü barədə əsassız məlumat veriblər. Qarabağ əlili də, sikayət ərizəsi ilə, Binəqədi rayon 43-cü polis bölməsinə müraciət edərək, döyülməsi ilə bağlı müraciət edib. Lakin təhqiqatçı və rayon prokuroru haqlı olaraq pulunu tələb edən, nəticədə isə, vəhşicəsinə döyülən Qarabağ əlilinin deyil, onu döyənlərin tərəfində durublar. Polis işi qərəzli şəkildə və birtərəfli qaydada aparıb və zərərçəkmişin özü barəsində cinayət işi başlanılıb. Tədqiqatçının Faiq Quliyevin izahatını almaması, onu məhkəmə tibbi-ekspertizasına göndərməməsi, materialı 3 gün müddətində rayon prokuroruna göndərməsi, prokurorun da əsassız və yarımçıq “material” əsasında cinayət işi başlatması və hadisənin baş verməsinin 4-cü günü cinayət işinə başlaması sübut edir ki, bu qərəzli və sifarişli bir işdir”.
Müəlliflər öz Bəyanatlarının sonunda xüsusi olaraq onu da vurğulayırlar ki, Assosiasiyanın, bu rəsmi sənədlə, cinayət işinin istintaqını aparan orqanlara təsir etmək, təzyiq göstərmək niyyəti yoxdur. Lakin təşkilat üzvləri öz soydaşlarının hüquqlarını sonadək müdafiə edib, Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində müdafiəsinə imkan verən istənilən hüquqi mexanizmi işə salacaqlarını öhdələrinə götürüblər: “Bundan başqa, günahsız Qarabağ əlilinə qarşı qaldırılmış müəmmalı cinayət işinin əsl qiymətini almasına sonadək nəzarət edib, məhkəmə prosesləri zamanı onun hüquq və mənafelərini də tam qoruyacağıq. Çünki görünən əsl həqiqət odur ki, rayonun prokurorluq və polis orqanları, Azərbaycan Respublikasının Avropa İnsan Hüquqları Konvensiyasına tərəfdar çıxmağına, Prezident İlham Əliyev cənablarının və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın yürütdükləri humanizm siyasətinə və cəzaların humanistləşdirilməsi ilə bağlı ölkə başçısının imzaladığı sərəncamlara nəinki adekvat işləmir, əksinə bütün bu sadaladığımız faktlara və dəyərlərə qarşı çıxırlar. Əsl cinayətkarlara cinayət işi açmaq əvəzinə, Faiq Quliyev kimi qeyrətli Azərbaycan oğluna, I qrup Qarabağ əlilinə qanunsuz və əsassız cinayət işi açılması, onun cinayətkar hesab edilməsi yolverilməzdir!”.
Bir daha xatırladaq ki, ehtiyac ucbatından Binəqədi ərazisindəki daş karxanasında günəmuzd işləyən, lakin əmək haqqını tələb etdiyi zaman həmin karxananın İbrahim, Ayaz və Eyvaz adlı 3 nəfər qoluzorlu işçisi tərəfindən vəhşicəsinə döyülərək, şil-küt edilən, bu azmış kimi, saatlarla içəri salınaraq, zirzəmidə qapısı bağlı saxlanan, üstəlik polisə verilən I qrup Qarabağ əlilinin başına gətirilənlər barəsində, əməkdaşlarımız, jurnalist araşdırmalarının nəticəsi olan bir neçə yazı hazırlayaraq, saytımızda dərc ediblər. Bu kriminal olayın geniş şərhi verilən həmin məqalələrdə bildirilir ki, ciddi bədən xəsarətləri alan əlil vətəndaş indiyədək yataq xəstəsidir. Məhkəmə tibbi-ekspertizasının verdiyi rəydə göstərildiyi kimi, sol döş qəfəsindəki yeddinci qabırğası sındırılan Faiq Quliyevin vəziyyəti indiyədək yaxşı deyil.
Müəmma dolu bu cinayət işi barədə ətraflı məlumat almaları üçün, dəyərli oxucularımıza linkini aşağıda verdiyimiz araşdırma yazılarımızı oxumalarını məsləhət görürük:
http://araz.az/index.php/dizh-r/saenin-statusun/8-guend-m/6347-m-k-hagg-n-t-l-b-etdi-v-hsidz-sin-doeyueldue-polis-verildi;
http://araz.az/index.php/dizh-r/saenin-statusun/8-guend-m/6349-dz-khard-zh-khuesusi-zh-rarla-hakim-d-prokurorun-zhuenahkar-olduzhunu-t-sdizhl-yir-fakt
Məhi ELSEVƏR,
araz.az xəbər portalı.
araz.az xəbər portalı.