“Azərlotereya” ASC birmənalı şəkildə insanları məhvə sürükləyən, onları maddi nemətlər istehsalından ayırıb, zəngin həyatdan məhrum edən mərc oyunlarına vərdiş təşviq edir.
araz.az savashmedia.az-a istinadən xatırladır ki, “Azərlotereya” ASC aşkar formada və sadə yollarla insanları fırıldaq oyunlara cəlb edir.
Küçələrdə, məhəllələrdə, metro çıxışlarında, bazarlarda, dayanacaqlarda, az qala hər tində bucaqda, o cümlədən rayonlarda “Poz, qazan” oyunlarını genişləndirir. İnsanlar da küçələrdə bu mərci gördükcə şirniklənir, həvəslənir, nəticədə hər gün uduzurlar.
“Poz, qazan” və “Misli” ölkənin bütün küçələrini zəbt edib və ölkədə açıq qumarxanaya çevrilib. Avtobus dayanacaqlarında, lotoreya satış nöqtələrində hər gün, xüsusilə kasıb təbəqənin müxtəlif adlar altında təqdim edilən lotereyaları böyük həvəslə almasının şahidi oluruq. Belə lotereyaların satılması sosial problemlərin artdığı və işsizliyin ölkədə hökm sürdüyü dövrə təsadüf etdiyi üçün daha çox insanı cəlb edir. İnsanlar bu kimi oyunlar nəticəsində var-yoxdan çıxaraq evini, maşınını, həyatını qurban verir və hətta öz ailə üzvünü belə gözə almayaraq qumarda uduzurlar, faciələr baş verir.
Azərbaycanda kazino və qumar çoxdan qadağan olunub. Qumarın ölkədə təşkili ciddi məsuliyyət yaradır. Lakin “Azərlotereya” ASC Bakı küçələrini qumarxanaya çevirib. Şəhərdə total şəkildə “Poz qazan” qumarı gedir. Paytaxtın hansı nöqtəsinə getsən, qumarla qarşılaşırsan. Küçə ticarətinin, səyyar satışın qadağan edildiyi ölkədə “Azərlotereya” rahatlıqla qumar nöqtələrini qurub. Beləcə, “Azərlotereya” kasıb əhalini qumarla soyub, talamaqla məşğuldur.
Bəziləri deyə bilər ki, “Poz qazan” və ya “Misli” leqal lotereyadır, dövlət icazə verib, heç kəs də oynamağa məcbur edilmir. Lakin bir məsələ unudulur ki, ASC şəhərin bir çox ünvanlarında bu biznesi təşkil etməklə insanları oynamağa təşviq edir, şirnikləndirir. Halbuki küçədə meyvə-tərəvəz satmağa icazə verilmir, amma “Poz qazan” qumarı oynamaq olar?!
Buna baxmayaraq, küçələrdə qumar şiddətlə gedir, əksəriyyət də bu tələyə düşür, hər gün milyonlar dövr edir və qazanan məhz “Poz qazan” təşkil edənlər olur. Ağıllı adamlar bir şey çox düşündürür, görəsən, küçələrdə kasıb təbəqəni qumara cəlb etmək kimlərə lazımdır?!
Lotereya oyunları güclü inkişaf etmiş, əhalisi varlı və zəngin yaşayan Amerikadan tumuş Avropa ölkələrinə qədər dünyanın hər yerində oynanır. Amma… Amması odur ki, lotoreya oyunlarının prinsipinə görə, qazancın 70 — 80 faizi uduşa vurulur, yığılan pulun vergisi verilir, 20 faiz qazanc götürülür. “Azərloteriya” ASC isə, qazancın 10-15 faizini uduşa buraxır, qalanını isə, özü mənimsəyir.
araz.az xəbər portalı.