Son iki gündə ölkə gündəmini zəbt edən xəbərlər sırasında, Azərbaycanda dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə, böyük struktura malik yeni nazirliyin yaradılacağı barədə xəbər də var. Həmin xəbərdə qeyd edilir ki, hazırda fəaliyyət göstərən bir sıra dövlət qurumları və müəssisələr yeni yaradılacaq bu nazirlikdə birləşdiriləcək.
Ölkənin media strukturlarının bu barədə yaydıqları məlumatlara əsasən araz.az qeyd edir ki, birləşəcək həmin qurumlar sırasında Dövlət Gömrük Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin adları öndə çəkilir. Yeni nazirliyin, eləcə də ona rəhbərlik edəcək şəxsin adlarının yaxın bir-neçə gündə açıqlanacağı gözlənilir.
Xatırladaq ki, hazırda adlarını çəkdiyimiz Dövlət Gömrük Komitəsinə general-leytenant Şahin Bağırov, Dövlət Vergi Xidmətinə Orxan Nəzərli, “AzerGold” QSC-yə isə, Zakir İbrahimov rəhbərlik edirlər. Onlar da, yaradılacaq yeni nazirlikdə vəzifə başında olacaq, bu qurumun rəhbər şəxsləri kimi fəaliyyət göstərəcəklər.
Fərhad MƏMMƏDOV,
araz.az xəbər portalı.