Vüqar DADAŞOV,                                          siyasi ekspert.

Suriyada Bəşər Əsəd rejiminin devrilməsində Türkiyə Cümhuriyyətinin, qardaş ölkə rəhbəri Rəcəb Tayyib Ərdoğanın rolunun böyük olduğu şübhə doğurmur. Türkiyə bununla nəinki İrana və Rusiyaya, hətta eyni cəbhədə olduğu ABŞ-a belə bir daha sübut etdi ki, bu regionun söz və güc sahibi onun özüdür; Təkcə regional yox, qlobal problemlərin həllində güc sahibidir. Buna baxmayaraq, bu rejimə qarşı 13 il əvvəl başlamış vətəndaş müharibəsinin gedişi zamanı, Bəşər Əsəd hakimiyyətinin devrilməməsində isə, Rusiyanın və İranın dəstəyi vacib faktor oldu.

Artıq, Rusiyanın Ukrayna ilə, İranın isə, faktiki olaraq, İsraillə zəiflədilməsi Suriyanıın, Bəşər Əsəd rejiminin taleyinə də öz təsirini göstərib. Amma, bu proseslərin gedişi zamanı, Türkiyənin, Suriyanın suverenliyini qorumaq naminə
Bəşər Əsədin danışıqlara gedəcəyinə və rəsmi Dəməşqdən onun ərazisindən qardaş ölkənin təhlükəsizliiyinə zəmanət və təminat veriləcəyinə inana biləcəyi əsas faktor ola bilərdi. Lakin Rusiyanın və bir sıra digər qüvvələrin fitvasına gedən Bəşər Əsəd, siyasi ədəbsizlik göstərib, Türkiyə Cümhuriyyəti və onun rəhbəri cənab Ərdoğanla danışıqlardan müxtəlif bəhanələrlə yayinması ilə,  nəhayətdə, özü özünü cəzalandırmış oldu. Bu faktdır və danılması mümkünsüzdür.

Onu da qeyd edək ki, Bəşər Əsəd rejiminin devrilməsində əsas güc sahibləri Türkiyə və ABŞ olsa da, yekun nəticədən sonra, bu  müttəfiqlər arasında fikir ayrılığı olacağı qaçıl­mazdır. Suriyanın gələcək taleyi üçün vacib olacaq idarəçilik sisteminin hərtərəfli müəyyənləşdirilməsində Türkiyə və ABŞ arasında kəskin rəqabətin olacağı indidən özünü göstərir. Çoxları isə deyir ki, Donald Trampın prezidentliyi zamanı ABŞ üçün Suriya o qədər də önəm daşımayacaq. Bu inanılası olmasa da, Suriyanın gələcək taleyinin Türkiyənin iradəsinə bağlı olacağı şübhəsizdir.

Bəşər Əsədin şəxsi taleyinə gəldikdə isə, onun İrana sığınmaq ehtimalı çox azdır. İranın öz ərazisində öz liderlərinin belə təhlükəsizliyini təmin edə bilməməsi, Bəşər Əsədin İrana üz tutması qarşısında bir əngəldir. ABŞ və İsrailin mövqe və kəşfiyyatlarının güclü olduğu ərəb ölkələrində də, Bəşər Əsədin siyasi sığınacaq tapacağı mümkünsüzdür. Bəşər Əsəd üçün ən təhlükəsiz ölkə elə Rusiyanın özü görünür. Məhz bu səbəbdən ki, Rusiya İrandan fərqli olaraq, dəstəklədiyi liderlərin taleyinə biganə qalmır. Həm də, Rusiya belə davranışları ilə, siyasətinin yürüdülməsinə imkanlar açır və etibarlılıq zəmanəti nümayiş etdirir.

araz.az xəbər portalı.