“Təzadlar” qəzetinin Baş redaktoru, Avropa Mətbuat Federasiyasının üzvü, jurnalist Asif Mərzili Azərbaycan Yerüstü Nəqliyyat Agentliyini (AYNA) məhkəməyə verməyə hazırlaşır. Bu barədə jurnalist Asif Mərzili araz.az-a özü məlumat verib. 

Bəs, məhkəmə iddiasına səbəb nədir? Asif Mərzili əməkdaşımıza bunları deyib:

“Məsələ belədir: Redaksiyanın ehtiyacları üçün idarə etdiyim “Mersedes — Benz” markalı avtomobilimi hər il texniki baxışdan keçirərək, dövlət büdcəsinə 90 manat pul ödəyirəm. Üstəlik, illik icbari sığortaya görə də dövlət büdcəsinə əlavə 80 manat vergi ödəməli oluram…. (Mən hələ məcburi qayda pozuntularına görə (paytaxtdakı tıxaclardan can qurtarmaq üçün bəzən alternativ yol axtararkən məcburən tək və ya qoşa xətti kəsərək dönmə əməliyyatı edir, yaxud eyni səbəbdən məcburən avtobus yoluna keçmə səbəbindən və s.) dövlət büdcəsinə hər ay ən azı 40-80 manat cərimə formasında edilən ödəməni demirəm). Lakin uzun müddətdir ki, şəxsi avtomobilimdən paytaxtdakı tıxaclar səbəbindən istifadə edə bilmirəm. Bütün bunlara səbəb isə odur ki, AYNA paytaxtın mövcud yollarını genişləndirmədən, biz sürücülərin hüquqlarını tapdayaraq yolları süni surətdə daraldıb süni tıxaclar yaratmışdır. Məsələn, Xocalı və nəqliyyatın axınlı olduğu digər əsas yolların bir zolağını parklamaya, bir zolağını avtobusa, bu da bəs deyilmiş kimi, bir zolağını da velosipedə ayıraraq biz sürücülərin onsuz da tıxacla yüklü yolunu 3 dəfə daraltmışdır. Nəticədə Bakıda yollar görünməmiş halda tıxacla dolub- daşır, sürücü və sərnişinlər müntəzəm olaraq gün ərzində saatlarla tıxacda qalır. Bu isə normadan 3-5 dəfə artıq yanacaq sərfiyyatına gətirib çıxarır. Üstəlik, yol polisinin iş fəaliyyətini daha da gərginləşdirmiş olur… Əgər mən əvvəllər yaşadığım ərazidən iş yerim olan “Azərbaycan” nəşriyyatına 9 dəqiqəyə gedirdimsə və 10 manatlıq yanacaq təxminən 1 həftəyə bəs edirdisə, indi həmin yolu 35-40 dəqiqəyə qət etməklə, 10 manatlıq yanacaq 1,5 günə güclə çatır. Beləliklə, AYNA- nın paytaxt yollarını əsassız olaraq daraltması nəticəsində həm hər gün iş saatlarımı itirir, üstəlik, məcburən tıxaclarda külli miqdarda yanacaq yandırmaqla ay ərzində böyük miqdarda maddi ziyana düşürəm. Bu isə mənim jurnalist, vətəndaş və sürücü olaraq ildə texniki baxışına və icbari sığortasına görə dövlət büdcəsinə xeyli miqdarda vəsait ödədiyim şəxsi avtomobilimdən istifadə imkanlarımı əlimdən alır. Ona görə də artıq xeyli müddətdir həmin avtomobilimdən istifadə edə bilmirəm…”.

Asif Mərzili bildirdi ki, bununla bağlı iddia ərzisəni tezliklə məhkəməyə təqdim edəcək. Baş redaktor iddia ərizəsində məhkəmədən AYNA-nın üzərinə süni tıxaclara səbəb olan yolları daraltmaqla sürücülərin nəqliyyat vasitələrindən qanuni istifadə hüququnu məhdudlaşdıran maneələrini dərhal aradan qaldırma öhdəliyini qoymağı xahiş edib.

araz.az xəbər portalı.