Suriyada 61 illik Əsəd rejimi devrildi və İsrail ordusu 50 ildən sonra ilk dəfə ölkənin bütün hava bazalarına güclü zərbələr endirdi.

araz.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail ordusu bəyanat yayıb.

Bildirilib ki, bu, İsrail tarixindəki ən böyük hava hücumu əməliyyatı olub: “Bu gecə döyüş təyyarələrimiz Suriyanın bütün hava bazalarını, o cümlədən strateji obyektlərinin  demək olar ki, hamısını vurub. Ümumilikdə gecəboyu 250 hücum aktı həyata keçirilib. Əsəd ordusuna aid bütün hərbi bazalar, onlarla döyüş təyyarəsi, onlarla yer-hava raket sistemi, silah istehsal sahələri və anbarlar məhv edilib”.

İsrailin “Yedioth Ahronoth” qəzeti bu məlumatı belə başlıqla verib: “İsrail 50 ildən sonra ilk dəfə Suriyanın bütün hava bazalarına hücum etdi”.

Xəbərdə İsrailin Suriyadakı son mühüm silahı məhv etmək üçün heç vaxt görünməmiş fürsət əldə etdiyi vurğulanıb və qeyd olunub ki, bu imkan qaçırıla bilməz: “Hücumda yüzlərlə döyüş təyyarəsi və PUA-lar iştirak edib. Suriyanın elə bir yeri olmayıbki, vurulmasın. Ordu 250 hücum aktından söz açır, ancaq bu, 300-dən yuxarı olub…”.

Xatırladaq ki, İsrail ordusu dünən sərhəddə bufer zonanı və Suriyaya məxsus strateji hərbi hissələri də işğal edib.

Onu da bildirək ki, İsrail 1967-ci ildən Suriyanın Qolan təpələrini işğal edib. Bufer zonanın və demilitarizasiya zonasının sərhədləri 1974-cü ildə İsrail ilə Suriya arasında imzalanan Qoşunların Çıxarılması Müqaviləsi ilə müəyyən edilib. Lakin iki gün əvvəl Qolan təpələri tamamailə ələ keçirlib və netanyahu buradan əsla geri çəkilməyəcəklərini bəyan edib.

araz.az xəbər portalı.