Tanınmış politoloq Turan Rzayev özünün feysbuk səhifəsində müraciət xarakterli statusunu paylaşım edib. Paylaşımında: “Mən politoloq olsam da, media sahəsində çalışıram. Ona görə, bu statusu yazmağı özümə borc bildim. Daha doğrusu, bəzi gördüklərimdən sonra, bu haqda yazmalı oldum”, — deyə, Turan Rzayev narahatlıq ifadə edən fikirlərini ortaya qoyub. Biz jurnalistlərin maraq dairəmizə uyğunluğunu nəzərə alıb, paylaşımı olduğu kimi araz.az-da dərc edirik: 

“Təəssüf hissi ilə bildirmək istəyirəm ki, bir çox ekspert, siyasi şərhçi və politoloq həmkarım jurnalistlərlə və digər media nümayəndələri ilə kobud davranırlar. Bu dediklərim hamıya aid deyil.

Bəziləri qarşılarındakı insanların yaşına, cinsiyyətinə, şəxsiyyətinə, təcrübəsinə,.. baxmadan, ya onları aşağılayır, ya onlarla kobud davranır, ya da ki, daha irəli gedərək, onlara qarşı təhqir motivli davranış sərgiləyirlər.

“Ağac bar verəndə başını aşağı əyər”, — deyib, atalar. Amma, nədənsə, bəzi həmkarlarım efirlərə çıxmağı, ardıcıl açıqlama verməyi birmənalı onun uğuru olaraq, görürlər. Bir çox həmkarım unudur ki, savadına, dünya görüşünə baxmayaraq, onları bu yerə gətirən, ictimaiyyətə tanıdan, adını marka edən jurnalistlərdir. Yəni, heç bir halda sən tanınırsan deyə, bir vaxtdan sonra, jurnalisti kiçik görə, özündən aşağı hesab edə bilməzsən.

Mən bu günahı elmi titulu olan, yaşını-başını aşmış həmkarlarımda görürəm. Bu dediklərimə görə, kimsə məndən inciyə bilər, amma reallıq budur.

Hörmətli media nümayəndələri, belə hallarla üzləşdikdə, xahiş edirəm, sakit durmayın, bu şəxslərə artıq dəyər verməyin! Sizin nəzakətiniz, mədəni davranışınız bir çox hallarda bu şəxslərə mənasız cəsarət verir, onları maya kimi şişirdir.

Media rəhbərlərindən də xahişim, bu hallarla üzləşən işçilərini qoruyub, onları heç kəsin ayağına verməmələridir. Bəli, bu gün ekspertə, şərhçiyə ehtiyac var, amma, heç kəs əvəzedilməz deyil. Savad zamanla qazanılan bir şeydir, amma etik davranış, elementar tərbiyə ailədən gəlir. Müəyyən yaşa çatan bir şəxsdə bu yoxdursa, bundan sonra da, çətin ki, onda olsun!

Ümummilli Lider Heydər Əliyevin ən sevdiyim özəlliklərindən biri də, onun jurnalistlərlə rəftarı idi. O, jurnalistlərlə bir araya gəlməyi çox sevir, görüşlərdə pozitiv, mehriban şəkildə onların suallarını cavablayırdı. Məncə, bu kadrlar bir çox həmkarıma ibrət olmalı, bundan ölçü götürülməlidir! /Linki aşağıda — red./“.

Sonda onu da qeyd edək ki, müəllif, hər kəsin bu statusu oxumasını da xahiş edib.

https://www.facebook.com/100013321607361/videos/1268171677826906/?mibextid=W8uxmFoSgGpQ09yd

araz.az xəbər portalı.