“Azərbaycan Əczaçılıq və Farmakoterapiya” jurnalının Baş redaktoru, professorTahir Süleymanov mia.az -a bildirib ki, Küveytdə yerləşdiyi güman olunan dələduizlar jurnalın “com” domeni üzərində oğurluq variantını “işlədir”.
Baş redaktor, Professor Tahir Süleymanov mia.az-a cavab məktubuna bu barədə onlarla sənədi (Rektor Gəray Gəraybəylinin əlaqədar qurumlara, eləcə də özünün və digər elm adamlarının jurnalın oğurluq variantının qarşısının alınmasından bəhs edən rəsmi məktubları və sair) dəlil kimi əlavə edib.
O, təəssüflə qeyd edib ki, hələ də com varinatı ilə jurnalın oğurluq variantlını dayandıra bilməyiblər:
“Azərbaycan Tibb Universitetinin təssisçisi olduğu və Beynəlxalq “Scopus” bazasına daxil olan “Azərbaycan Əczaçılıq və Farmakoterapiya jurnalı”nın oğurluq – saxta variantı dərc edilir.
Sizi məlum edirəm ki, Azərbaycan Tibb Universitetinin təsisçiliyi ilə 2001-ci ildən Azərbaycan Əczaçılıq Jurnalı (2007-ci ildən “Azərbaycan Əczaçılıq və Farmakoterapiya jurnal”ı adı ilə) ( http://www.azpharmjournal.org ) dərc olunur. Jurnal dərc edildiyi gündən müəlliflərə qarşı tələbkarlığı ilə seçilmiş, dərc olunan materialların beynəlxalq standartlara uyğun olması istiqamətində çalışmışdır.
Jurnal əvvəlcə Azərbaycan Rеspublikası Prеzidеnti yanında Ali Attеstasiya Kоmissiyasının tövsiyə еtdiyi nəşrlərin siyahısına daхil edilmiş, eləcə də jurnalda dərc olunan işlər haqqında məlumatlar Beynəlxalq bazalarda Chеmical Abstracts və Еlsеvıеr bibliоgraphic Database-də (ЕMBASЕ) vеrilir.
Jurnal 2007-ci ildən İSSN-İnternational Centre tərəfindən qeydiyyata alınmışdır (İSSN 1994-1951). Yekunda 2016-cı ildə inkişaf etmiş ölkələr arasında “Scopus” tərəfindən keçirilən mükafatlandırılma tədbirində Azərbaycan Əczaçılıq jurnalı mükafatlandırılmış,Scopus bazasına daxil edilmiş və qısa müddət ərzində jurnalın impakt faktoru da yüksəlməyə başlamışdır.
Belə ki, 2023-cü ilin yekunlarına görə jurnal Q3 kvartilinə daxil edilmiş və impakt faktoru 0.4 olmuşdur. Təsdiqedici sənədlər – Jurnalın rəsmi nizamnaməsi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyat şəhadətnaməsi; 2007-ci ildə İSSN 1994-1951 kodunun təsdiqlənməsi sənədi “Scopus” məlumatları məktuba əlavə olunur.
Keçən müddət ərzində jurnal populyarlıq qazanmış və dünyanın bir sıra ölkələrindən, o cümlədən ABŞ, Fransa, Slovakiya, Polşa, Portuqaliya, Türkiyə Cumhuriyyəti, İran İslam Respublikası və s., həmçinin də MDB ölkələrindən müəlliflərin məqalələri dərc edilmişdir.
Çox təəssüf ki, hal-hazırda dünyada bu cür hallar mövcuddur ki, qısa müddət ərzində tez qazanc götürmək üçün Beynəlxalq bazalara daxil olan jurnalların feyk variantları yaradılır və üstü açılana qədər fəaliyyət göstərirlər. Biz bu hal ilə2022 ci ildən üzləşmişik. Bizim jurnalın oğurluq-feyk variantı“Küveyt Elmi Fondu”nun adından www.azpharmjournal.com saytı vasitəsi ilə dərc olunmağa başlamışdır.
Qeyd etmək lazımdır ki, Azərbaycan Əczaçılıq və Farmakoterapiya jurnalında xarici müəlliflərin məqalələri pulsuz olaraq çap edilir, lakin saxta yaradılmış jurnalda isə məqalənin dərc edilməsi üçün 500 (beş yüz) ABŞ dolları ödəniş tələb olunur.
Jurnalın oğurluq variantının 2022-ci ildən dərc olunmasına baxmayaraq, bizim jurnalın 2001-ci ildən dərc olunan bütün nömrələri üzrə arxivdə yerləşdirilmiş məqalələr də mənimsənilərək öz adlarına göstərilir.
Beləliklə, təqribən 20 il ərzində Azərbaycan Əczaçılıq və Farmakoterapiya jurnalının qazandığı reytinq və imic saxtakarlıq edilərək mənimsənilmiş, jurnalın redaksiya heyətinə maddi və mənəvi zərər vurulmuşdur.
HəttaLatviyada yaşayan alim, professor Doroxov(http://oleksandr.dorokhov@ut.ee) hansı ki, əvvəllər bizim jurnalda məqaləsi dərc edilibdir, müraciət edərək yazıb ki,“görürəm ki, jurnalınızın oğurluq variantı çap olunur. Lazım olsa, mən də köməklik edə bilərəm”.
Lakin bir müddətdən sonra biz gördük ki, jurnalımızın fake variantında növbəti saxtakarlıq edərək professor Doroxov redaksiya heyətinin üzvü kimi göstərilir. Bizim və prof. Doroxovun özünün müraciətindən sonra onun adı da redaksiya heyətindən silindi.
Fake jurnal dərc olunandan sonra bizim jurnalda dərc olunan məqalələrin Scopus tərəfindən indeksasiya olunmaması haqqında müəlliflərdən şikayətlər daxil olmağa başladı.
Biz həmin müddətdən www.azpharmjournal.com saytı ilə deyil, www.azpharmjournal.orgilə işləməyə başlamış və bu barədə Scopusa müraciət etmişik.
Bu müddət ərzində baş redaktor olaraq tərəfimizdən müxtəlif tədbirlər görülmüş, “Scopus” bazasına, “Scimago journal rankings” təşkilatına, jurnalda feyk olaraq göstərilən “baş redaktor”lara və s. müraciətlər edilmişdir.
Jurnalın təsisçisi Azərbaycan Tibb Universiteti olduğuna görə, ATU-nun rektoru prof. Gəray Gəraybəyli tərəfindən “Scopus” rəhbərliyinə müraciət olunub (məktub əlavə olunur!). Lakin bu günə qədər problem öz həllini tapmayıbdır. Hal-hazırda da jurnalın oğurluq-fake variantının işinin dayandırılması üzrə tədbirlər davam etdirilir.
Hörmətlə,
Azərbaycan Əczaçılıq və Farmakoterapiya
jurnal”ının baş redaktoru,
Azərbaycan Tibb Universitetinin
Əczaçılıq kimyası kafedrasının müdiri,
Əczaçılıq elmləri doktoru, professor Tahir Süleymanov”.
araz.az xəbər portalı.