Dekabrın 11-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” adlı unikal xalçanın Azərbaycan Milli Xalça Muzeyində növbəti təqdimatı keçirilib.
Muzeydən araz.az-a daxil olan məlumata görə, bu xalça İqtisadiyyat Nazirliyi ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin ortaq layihəsi olsa da, ideyasına görə görkəmli sənət əsəridir. Belə iri həcmli, böyük istedad, fantaziya və zəhmət bahasına ərsəyə gələn gözəl əsər tam layiq olduğu məkanda təqdim edilib.
Təqdimatdan öncə toplaşanlara Ulu Öndər Heydər Əliyevin Xalça Muzeyinə ziyarətlərindən, onun milli xalça sənətinə diqqət və qayğısından bəhs edən videoçarx nümayiş olunub.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova qonaqları salamlayaraq belə gözəl və unikal sənət əsərinin muzeydə sərgilənməsini təqdirəlayiq hal kimi qiymətləndirib.
Mədəniyyət naziri Adil Kərimli çıxış edərək Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” triptix-xalçanı qədim xalça sənətinin ən yaxşı ənənələrinin davamı kimi dəyərləndirib: “Bu triptix-xalça, əslində, Ulu Öndərin həyatının, amalının xalça dilində kodlaşdırılmış hekayəsidir. Bu əsər yeni olsa da, qədim milli mədəni irsin daşıyıcısıdır”.
Sonra “Azərxalça” ASC İdarə Heyətinin sədri, ensiklopedik xatirə xalça kompozisiyasının müəllifləri – Əməkdar incəsənət xadimi Emin Məmmədov və Əməkdar rəssam Rəşad Ələkbərov xalça üzərində necə çalışdıqları barədə geniş məlumat veriblər. Xalq rəssamı, akademik Ömər Eldarov isə, xalça sənətinin əcdadlarımızın çadır, alaçıq, yurta məskənləri ilə yaşıd olduğu barədə maraqlı fikirlər söyləyib.
Çıxşlar başa çatdıqdan sonra, Əməkdar artist Ramil Qasımov pianoçu Zülfiyyə Sadıqovanın müşayiəti ilə Ulu Öndərin çox sevdiyi nəğmələrdən ikisini – Cahangir Cahangirovun “Alagöz” mahnısını və “Küçələrə su səpmişəm” xalq mahnısını ifa edib.
Sonra qonaqlar “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” xalçası ilə tanış olublar.
araz.az xəbər portalı.