Bu yazı qəhrəmanının həyat yolunun, xalq və millət sevgili hərtərəfli fəaliyyətinin doğma Vətənimiz Azərbaycanla sıx bağlı olduğunu yaxşı bildiyimə görə, əməkdaşı olduğum “Araz” Media Qrupunun tərkibindəki araz.az xəbər portalında onun haqlı müdafiəsinə köklənən neçə-neçə yazı vermişəm. Yazdıqlarıma görə, məhkəməyə də verilmişik. Uzun müddətdir davam edən məhkəmə prosesində “başımıza gətirilən oyunların” sayı-hesabı da olmayıb.

Bu mövzu ilə bağlı, inandığımız məlumatlı və etibarlı mənbələr, eləcə də, şikayətçilər tərəfindən redaksiyamıza günü bu günədək
adamı dəhşətə gətirən sensasion xarakterli saysız-hesabsız fakt və məlumatlar ötürülüb. Lakin deyilənlər barədə yazdıqlarımıza görə məhkəməyə verildiyimizdən, əldə etdiyimiz yeni faktlar və məlumatlar əsasında hazırladığımız məqalələrimizi hələlik dərc edə bilmirik — bu mövzuda mübahisə predmeti ola biləcək yazıları dərc etməyi məhkəmə bizə müvəqqəti olaraq yasaqladığına görə. Buna baxmayaraq, mübahisə predmetindən uzaq yazılar hazırlayıb, vaxtaşırı dərc edirik.

Məhkəmə qadağası səbəbindən, müdafiə xarakterli bu yazımı isə, Ramin İsayevin şəxsiyyətinə və şəxsi portret cizgilərinə, onun çağdaş dünyamızın müasirlik tələbli əmək fəaliyyətinin açıq-aydın müşahidə olunan göstəricilərinə uyğun hazırlamaq qərarına gəlmişəm. Bu yazımın, məhkəməsi bu gün də olacaq yüksək intellektual səviyyəli belə bir insanın müdafiəsi üçün başladığımız savab işin davamı olduğunu da bəyan edirəm.

Bu yerdə dəyərli oxucuları­mızın diqqətinə onu da çatdırıram ki, əldə etdiyimiz sensasion fakt və məlumatlar əsasında ətraflı hazırladığımız və vacib bildiyimiz yazıları yaxın müddətdə araz.az-da dərc etməyi planlaşdırırıq. Həmin yazıların mövzusundakı ana xətti də, Ramin İsayevin həbsində əli olan və milyonlar mənimsəyən vəzifə sahiblərinin qanunsuz əməlləriylə bağlı ortaya çıxarılan ağlagəlməzliklər təşkil edir. Bu yazıları oxuyacaq hər kəsə bir daha məlum olacaq ki, sifarişli həbsinin təşkili üçün əvvəlcədən düşünülən əsassız iddialar Ramin İsayevin xarakter çalarlarına uyğun gəlməyən rəzalət xarakterli yalan, uydurma, böhtan və şantajlar nümunəsidir.

Yazının bu epizodunu burada nöqtələyib, onu demək istəyirəm ki, öz müstəqilliyinə qovuşan Azərbaycanımızın müasir tarixinə qızıl hərflərlə uğurlar, nailiyyətlər və zəfərlər yazdırmaq imkanını Ulu Tanrı özünün belə övladlarına nəsib edib. Onlardan biri olan Ramin İsayevi qorumaq əvəzinə, onun doğma Vətəni və sevimli xalqı naminə etmək istədikləri qarşısında süni maneələr yaradıb, başına oyun açanların etdikləri isə, allahsızlıqdan və vicdansızlıqdan başqa bir şey deyil.

Bir vaxtlar həm ölkəmizdə, həm də dünya miqyasında həyata keçirdiyi yüksək səviyyəli işlərinə görə yaxşı yöndən tanıtdırdığı “SOCAR – AQŞ”-nin qurucusu kimi ad-san çıxarmasına baxmayaraq, Ramin İsayev artıq iki ilə yaxındır ki, türmə həyatı yaşamağa məcbur edilib. Baxmayaraq ki, beynəlxalq aləmdə neft-qaz sənayesi sahəsinin bacarıqlı və istedadlı mütəxəssisi kimi izini qoyan bu soydaşımız, qurub-yaratdığı gündən keçən 12 il 6 ay müddətdə səhmdarlara aid bu MMC-nin Baş direktoru vəzifəsində vicdanla çalışıb, onun adını dünya səviyyəli müəssisələr sırasına qaldıra bilib. Bunun təsdiqi kimi, yalnız onu demək kifayətdir ki, fəaliyyəti neft və qaz sənayesi ilə bağlı olan bu müəssisə onun rəhbərliyi altında dünya miqyasında qəbul edilən çoxsaylı ilklərə imza atıb. Bu işlərinə görədir ki, rəhbəri Ramin İsayev olarkən, “SOCAR – AQŞ”-nin külli miqdarda xalis gəliri olub. Hal-hazırda isə, əvvəllər olduğu qədər xalis gəliri olmaması səbəbindən, bu müəssisədə çalışanlar neçə aydır maaş həsrəti çəkirlər.

Nə olsun, alqışlar qazanan bu deyilənlərin heç biri nəzərə alınmayıb və heç kimin gözləmədiyi halda, tutduğu Baş direktor vəzifəsindən öz xahişi ilə gedəndən 3 il sonra, Ramin İsayev gözlənilmədən həbs olunaraq, “dəmir barmaqlıqlar” arxasına atılıb. Onun bu tərzdə həbsinin sifarişli olduğu, eləcə də, başına gətirilənlər artıq ictimaiyyətə yaxşı məlumdur.

Bu yazıma, indiyədək bu barədə qələmə aldıqlarımdan fərqli bir mövzu da əlavə edirəm. Demək istəyirəm ki, Ramin İsayevə qarşı qaldırılan jurnalist həmkarlarımın onun barəsində yazdıqları mənim üçün utanc gətirəndir. Dəhşətdir, vallah! İbtidai istintaqın və məhkəmənin gedişi zamanı, söz sahibi yüksək vəzifə sahiblərinə və oliqarx iş adamlarına bağlılıqları deyilən ölkənin “tanınan və nüfuzlu” mətbuat vasitələrində çalışan həmkarlarımın, Ramin İsayevin özü barədə, eləcə də, başına gətirilən müsibətlərə “qanundan don geydirməklə” qələmə aldıqları böhtan və yalanlar dolu yazılarına görə, onların əvəzinə xəcalət çəkirəm. Ona görə ki, Ramin İsayevin həbsinin sifarişli olduğunu dərin jurnalist araşdırmalarımla, çoxsaylı sensasion faktlarla üzə çıxara bilmişəm. Çox təəssüf ki, məhkumun müdafiəsinə
köklənən belə yazılar araz.az-la bərabər, bir-ikicə media vasitəsində görünüb. Konkret desəm, bu barədə həqiqətlər daha çox mənim qələmimdən çıxıb. Lakin imkanlı dediyim həmin mətbu orqanların əməkdaşlarına isə, bu barədə əsl həqiqəti yazmaq yuxarıdan qadağan olunub.

Onu da qeyd edim ki, Bakı Ağır Cinayətlər Məhkəməsində proses başlayan gündən onları bir daha yamanca qızışdırıblar. Sanki dövlətə və millətə qarşı xəyanət edən və qatı cinayət yolu tutan birisi haqqında yazdırırlar. Dünya veclərinə deyil, ağıllarına gələni mətbuat səhifələrində işıqlandıra, qələmə aldıqlarımızın təkzibi kimi, “gözə soxa” bilirlər.

Sifariş əsasında yazmaq məcburiyyəti qarşısında qalan bu naəlaclar nə yazdıqlarını yaxşı bilirlər. Daha doğrusu, yaxşı bilirlər ki, onların adıyla yalanlar dərc olunur. Bu yazılardakı “maraqlı təfərrüatlar” apardıqları hansısa araşdırmaları zamanı onlara məlum olmayıb, göstərilən “ilginc faktları” onlar üzə çıxarmayıblar. Bir də ki, bir sıra qurumlarda müxtəlif vəzifələrdə çalışmış Ramin İsayevlə bağlı, aparılan heç bir araşdırma belə yalanları üzə çıxara bilməz. Çünki məhkumluğa məcbur edilən bu istedad sahibinin “cinayət dosyesi” adı altında gedən belə yazılarda göstərilən yalançı faktlar, sadəcə baxılarkən absurd görünür.

Bəli, tutduğu bütün vəzifələrdə çalışarkən, Ramin İsayev hansısa səhvlərə yol verməyib. Nə də ki, bu vəzifələrdə ona həvalə edilən tapşırıqları yerinə yetirə bilməməsi səbəbindən, ona xəbərdarlıq da edilməyib. Bir sözlə, həyata keçirdiyi bütün işləri uğurlu alınıb. Məhkəməyə inansaq, Ramin İsayevin günahsız olduğu, deyilən məbləğdə pul mənimsəmədiyi məhkəmə yekunlaşdıqda və ədalətli hökm çıxarıldıqda mütləq məlum olmalıdır. Çünki bu adam haqqında bu qədər yalan uydurmaq vicdan çərçivəsinə sığmır. Sözün bitdiyi anında, daha nəsə deyə bilməkdə çətinlik çəkirəm. Yalnız üzümü həmkarlarıma tutub, bunu deyə bilirəm: “Ayıbdır, yazmayın belə yalanları! Axı, saf olan jurnalistikamızın özümüzə qaytarılmasının vaxtı çoxdan çatıb! Etdikləriniz, bunun uğrunda aparılan mübarizəmizə sarsıdıcı bir zərbədir, vallah!”.

Dəhşət ondadır ki, “SOCAR-AQŞ” MMC-nin keçmiş Baş direktoru Ramin İsayevin həbsini təşkil edənlər yenidən meydana atılıblar. Məhkəmədə də, qurama hazırlatdıqları “cinayət dosyesi” təsdiqini tapmır deyə, onlar hər cür iyrənc vasitəyə əl atırlar. Yenə də, özlərinə yaxın hesab etdikləri yerli mətbuat vasitələrinin “əlinə silah veriblər”. Onların da: “Ramin İsayevin işində yenilik, sıfırdan başlayacaq” — deyə, yazdırdıqlarının sayı getdikcə çoxalır. Amma nə qədər çalışsalar da, “SOCAR-AQŞ” MMC-nin 54 milyonluq mənimsəmədə “ittiham etdirdikləri” sabiq Baş direktoru Ramin İsayevin işini araşdıran hakimin dəyişməsi barədə xəbərə başqa “don geydirə bilmirlər”. Demək istəmirlər ki, uydurduqları yalan və böhtanlar, nəhayətdə, qaldırılmış bu cinayət işi üzrə bir-neçə aydır Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən məhkəmə istintaqı işinə sədrlik edən, əlinin altındakı cinayət işinin təsdiqi üçün ortaya nəsə çıxara bilməyən hakim Faiq Qəniyevi də bezdirib. Bu səbəbdən də, hakim bu məhkəmə işinə sədrlik etməkdən “canını qurtarıb”. Bir sözlə, bu hakimin yuxarı instansiyaya təyinat alması adıyla, məhkəmə tərkibi də dəyişdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində gedən bu məhkəmə işində hakim dəyişikliyinə görə, irihəcmli bu “cinayət işinə” baxış yarımçıq saxlanılıb. Ramin İsayevin məhkəməsinə artıq hakim Vüqar Quliyev sədrlik edir. Onunla eyni tərkibdə Şəlalə Həsənova və Elmin Rüstəmov da yer alır. İstintaq yenilənməklə, məhkəmə prosesi sıfırdan başlayacaq.

Xatırladaq ki, Ramin İsayev ötən
2023-cü ilin iyul ayında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib. İbtidai istintaqın gedişi zamanı, bu qondarma cinayət işi üzrə dəymiş ziyan öncə 16 milyon kredit mənimsəməsi olsa da, sonda bu rəqəm müxtəlif adlar altındakı qarayaxmalarla şişirdilərək, 54 milyon manata çatdırılıb. Hələ bu nədir ki, “SOCAR-AQŞ”-yə aid olan 500 milyon manat pulun, son aylar ərzində aradan qanunsuz çıxarılan 204 milyonunu da, günahkarlar az qalirlar Ramin İsayevin üstünə atsınlar. Bu da, adlamı dəhşətə gətirən daha bir aqressivlik nümunəsidir.

Amma Ramin İsayevin qurama ittihamlarla həbsinə aid araşdırma zamanı, ortaya ittihamları təsdiq edən heç bir inanılası fakt çıxarmaq mümkün olmayıb. Məhkumun vəkili və yaxınları da, bu məlumatı  təsdiqləyirlər. Vəkilin sözlərinə görə, onun müvəkkili də, verilmiş ittihamlara münasibətdə özünü qətiyyən təqsirli bilmir. Axı, özünü necə də təqsirli bilsin ki, nüfuz sahibi SOCAR-ın birgə müəssisəsi olan “SOCAR-AQŞ”-dəki 12 il yarımlıq rəhbər fəaliyyəti zamanı, o, çağdaş dünyamızın tələblərinə uyğun neçə-neçə beynəlxalq ilklərə imza atıb. Bütün bunlar isə, müdafiəsinə qalxdığımız bu insanın şəxsi portret cizgilərinin xüsusiyyətlərinə aid göstəricilər olduğunu bizə çatdırır. Bu isə, bir daha bizə onu deyir ki, çalışdığı bütün sahələrdəki əmək fəaliyyətini doğma Vətəninin və sevimli xalqının xoş gələcəyi naminə qurmağı bacaran bu şəxsin əzmkarlığı, təşəbbüskarlığı, ən əsası isə, başladığı işi məntiqi sonluğa çatdırmaq iradəsi bunları tamamlayandır. Bunlar, həm də, müasirliyin əsası olan yeni texnologiyalar, internet və rəqabətli inkişafın digər əsas təməl prinsipləri üzərindən girişdiyi bütün işlərdə, onun cəsarət və iti zəka keyfiyyətləri ortaya qoyması barədə izah verməyimə əsas verə biləcək bariz göstəricilərdir.

Elə, bunlara görədir ki, Ramin İsayev hər yerdə hər zaman ortaya çıxan bütün çətinliklərin öhdəsindən gəlməyi bacaran, sözünün üstündə duran, həyata real baxan, əliaçıq, səxavətli, pulun dəyərini bilən, onu harada və necə xərcləməyi bacaran, ətrafındakı insanları səmimiliyə çağıran, qarşısındakı istedad sahibi soydaşlarımızla ciddi mözularda söhbətlər edən, onların gözəl yaddaşına və iti ağlına baxıb, zövq alan, öz işinin fanatı və böyük səbirə malik bir insan kimi də özünü tanıda bilib.

Sizcə, belə işgüzar soydaşımızla işləmək bir fərəh deyilmi?! Axı, belə birisinin ölkəmiz üçün həssas keçən bu dönəmdə yalandan “dəmir barmaqlıqlar” arxasına atılmasına nə ad vermək olar?!

Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri.

araz.az xəbər portalı.