“Vaxtilə Lutvi-zadə kimi bir dahinin də oxuduğu bu təhsil ocağında Aynurə Hacıyevanın törətdikləri, sözün həqiqi mənasında, uşaqların hüquqlarını kobud şəkildə pozur”
Əsası 1924-cü ildə qoyulan, 1930-cu ildən məktəb kimi fəaliyyətə başlayan 16 saylı tam orta məktəbin adı, bütün dövrlərdə, paytaxt Bakının özünəməxsus ənənələri və uğurları ilə seçilən təhsil ocaqları sırasında çəkilib. Qeyri-səlis məntiq nəzəriyyəsinin yaradıcısı Lütfi-zadənin təhsil aldığı məktəb kimi daha çox tanınan bu təhsil ocağının pedaqoji kollektivi də, həmişə, tətbiqi riyaziyyatın və informatikanın inkişafına güclü təkan verib. 2000-ci ildə bu məktəbin bazasında yaradılan 16 saylı Texniki-Humanitar Liseyin adının qabaqcıl təhsil ocaqları sırasında çəkilməsi də, qürurverici olub. Yeri gəlmişkən, qeyd etməyi lazım bilirik ki, 2011-ci ildə əsaslı təmir olunaraq, maddi-texniki bazası günün tələbləri səviyyəsində qurulan bu lisey, 2012-ci ildə də, “İlin ən yaxşı məktəbi” müsabiqəsinin qalibi olub. Respublika Təhsil Nazirliyinin keçirdiyi müsabiqə yolu ilə liseyə təyin edilən müəllimlər arasında “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qaliblərinin, tanınmış kitab və proqram müəlliflərinin, eləcə də lisey şagirdləri arasında hər il keçirilən müxtəlif müsabiqələrdə, beynəlxalq olimpiadalarda xüsusi fəallıq göstərənlərin, “Sabahın alimləri” layihəsində iştirak edib, uğurlu nəticələr qazananların, təhsilini qızıl medalla bitirib, qəbul imtahanlarındakı yüksək nəticələri ilə, ölkənin müxtəlif ali məktəblərinə girənlərin, həmin təhsil müəssisələrində də təhsillərini uğurla davam etdirənlərin, üstəlik, onların arasında Prezident təqaüdçüləri və dünyanın aparıcı universitetlərində təhsillərini uğurla davam etdirmək hüququ əldə edən lisey məzunlarının olmaları da, bu liseyin fəxr ediləsi göstəriciləridir. Göründüyü kimi, həmin məktəbin keçmişdən indiyədək ötürülən xoş təhsil ənənələri, indi bu liseyin adına qazanılan nailiyyətlərlə də, uğurla davam etdirilir. Bir sözlə, qazandığı saysız-hesabsız nailiyyətləri ilə ad çıxaran bu təhsil ocağı haqqında yaxşı yöndən nə qədər istəsən danışmaq olar. Lakin son vaxtlar liseydə yaranmış arzuolunmaz mühit onun qazandığı alqışalayiq həmin uğurlara da kölgə salır.
“Aynurə Hacıyeva Azərbaycan və rus bölmələrinin fəaliyyət göstərdiyi bizim liseyin direktoru vəzifəsinə gəldiyi andan fikri o olub ki, rus bölməsini bağlasın və bu təhsil ocağının bazasında özəl lisey yaratsın. Bu məqsədinə çatmaq üçün, o, hətta rus bölməsində oxuyan uşaqları sıxışdırmaqdan belə çəkinmir. Bu, burada dərs deyən bir çox müəllimlərlə və uşaqları burada təhsil alan valideynlərlə onun münasibətində getdikcə daha kəskin intriqaların yaranmasına səbəb olur. Bütün bunlara baxmayaraq, direktor, hətta az qalıb ki, liseydəki rus bölməsini tamamilə bağlasın. O, indinin özündə də, yalnız bu istəyini həyata keçirmək üçün çalışır. Təsəvvür edin, liseyin bu xanım rəhbəri gizli sövdələşmələrdən belə çəkinməyərək, rus bölməsindəki 9-cu sinif şagirdlərinin hamısını xeyli əvvəl 8 saylı orta ümumtəhsil məktəbinə keçirə də bilib…
…Bizim gündən-günə daha da artan etirazlarımız, ölkə başçısına çoxsaylı şikayətlərimiz, necə deyərlər, nəhayət öz bəhrəsini verdi — direktor rus bölməsini bərpa etmək məcburiyyətində qaldı! Amma bizdən bunun heyfini çıxmaq üçünsə, o, qəsdən, bir sinfə üç fəndən dərs deməyə qadir müəllimlərin gəlməsinə də imkan vermədi. Yəni, xeyli müddət liseydə əsas fənn hesab olunan fizika, kimya və informatikadan belə dərs deyən müəllim tapılmadı. Konkret desək, şagirdlərə bu dərslər keçilmədi. İndinin özündə belə, müəllim çatışmazlığı ucbatından, bizim liseydə informatika dərsi tədris olunmur. Uşaqlar ibtidai siniflərdən başlayaraq, necə deyərlər, zədəli təhsil almalarını indiyədək davam etdirirlər…
…Belə olmaz, axı! Paralel siniflərdə dərs deyən iki müəllimlə mübahisəsi yarandıqdan sonra, direktorun liseydəki rus bölməsinə belə bir aqressiv münasibət sərgiləməsi nə dərəcədə düzgün hesab edilməlidir?! Dövlət siyasətində multikultural və tolerant prinsiplərin əsas götürüldüyü bir ölkənin bir təhsil ocağının rəhbər şəxsinin rus bölməsindəki müəllimlərə və şagirdlərə belə bir münasibətinə nə ad vermək olar?! İbtidai sinifdə oxuyan uşaqların təhsil təməli, bəyəm, belə arzuolunmaz yöndən qoyulmalıdır?! Onların günahları nədir, burada şahidi olduqlarımız, həm də onlar üçün biabırçı hal deyilmi və bundan qurtulmaları tezliklə mümkün olacaqmı görəsən?! İndi, bizi, yalnız bu qəliz sualların cavabını tapmaq daha çox düşündürür.
Bu yerdə onu da deməyi vacib bilirik ki, bəzi valideynlər burada baş verənlərə dözməyib və artıq, uşaqlarını liseydən çıxarıblar. Siniflərdə isə, şagirdlərin mövcud sayı hədsiz dərəcədə azalıb. Özünüz deyin, özünəməxsus ənənələri və təhsil uğurları olan belə bir təhsil ocağına belə biabırçılıqdan doğan belə intriqalar yaraşırmı?!”, — 16 saylı Texniki-Humanitar Liseydə dərs deyən müəllimlərin və burada təhsil alan uşaqların valideynlərinin araz.az-a ünvanladıqları şikayət məktubu, buradakı hazırkı xoşagəlməz durumdan doğan və hədsiz narahatlığın ifadəsinə çevrilən bu sözlərlə başlayır.
Şikayətçilər məktublarına onu da əlavə ediblər ki, lisey direktoru Aynurə Hacıyeva uşaqların təhsil haqqını qoruyan dövlət qanunlarının tələblərinə məhəl qoymaq belə istəmir: “Bu qanunlarda əsas meyar kimi götürülən uşaq mənafelərinin üstünlüyü də, direktorun vecinə deyil. Halbuki bütün dövlət orqanlarının rəhbərləri öz fəaliyyətlərində uşaqların mənafelərini daim üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktlarının tələblərinə görə, müvafiq orqanların rəhbərlərinin qəbul etdikləri qərarlar uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Rəhbər şəxslərin uşaqların hüquq və mənafelərini məhdudlaşdıran hər hansı qərar qəbul etmələri bağışlanmaz cinayət əməlidir. Bütün dediklərimizə baxmayaraq, intriqaçı direktor Aynurə Hacıyeva nə istəyir, onu da edir. Etdiyi bu özbaşınalıqlar isə, birbaşa, uşaqların hüquqlarının kobud şəkildə pozulmasına yönəlir. Direktorun birinci sinfə hazırlığa və şagirdlərin dərsdən sonrakı əlavə məşğələlərə icazə verməməsi, müəllimələrin uşaqları digər yöndən hazırlaşdırmasına qadağalar qoyması isə, başa düşülən deyil. Üstəlik, onun, paytaxtın mərkəzi Nəsimi rayonunda yerləşən belə bir liseydə boş vakansiya yeri açmaq istəməməsi, yeni müəllimlər işə qəbul etməməsi, günahsız şagirdləri bu sarıdan da təhcizatsız qoyması heç bir məntiqə sığmır.
Şəxsi ambisiyaları ucbatından, lisey rəhbəri burada təhsil alan uşaqları və onların valideynlərini niyə incitməli, dərs deyən müəllimlərə nədən maneələr yaradıb, onların normal işləmələrinə imkan verməməlidir?!.”.
Şikayət müəllifləri məktublarının sonunda, liseydə yaranan bu xoşagəlməz problemlə bağlı Respublika Təhsil Nazirliyinə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinə etdikləri çoxsaylı şikayətlərinə indiyədək reaksiya verilmədiyindən təəssüfləndiklərini bildirirlər. Onu da qeyd edirlər ki, məcburiyyətdən, son ümid yeri olaraq, ölkə başçısına, eləcə də Birinci vitse-prezidentə kəskin şikayət xarakterli müraciət ünvanlayıb, uşaqlar və dillər arasında ayrı-seçkilik salmayacaq bir direktorla liseylərinin təmin edilməsini nəzarətə götürmələrini onlardan xahiş edəcəklər.
Rüfət RƏHMANOĞLU,
araz.az saytının xüsusi müxbiri.
araz.az xəbər portalı.