Ali təhsil müəssisələrində tələbələrin bakalavr və magistratura üzrə buraxılış və dissertasiya işlərini müəyyən məbləğ qarşılığında başqa şəxslərə yazdırmaları halları müşahidə edilir. Belə ki, sosial şəbəkələrdə bu xidmətlərin göstərilməsi üçün tələbələrə xüsusi təkliflər olunur. Bu yolla özlərinə biznes quran şəxslərin, yaxud şirkətlərin müştərisinə çevrilən tələbələrin elmi işlərini başqasına yazdırmaları təhsilin keyfiyyətinə də təsirsiz ötüşmür.

“Report” mövzunun aktuallığını nəzərə alaraq, buraxılış işi və dissertasiya yazan şəxslərin göstərdiyi xidmətləri, “bazar” qiymətlərini araşdırıb, həmçinin ekspert və rəsmi qurumların mövqeyini öyrənib. Maraqlı yazıdakı mövzu aktuallığını nəzərə alıb, araz.az da yazını öz oxucularına təqdim edir:

Buraxılış işi və dissertasiya yazılması xidmətləri necə göstərilir?

Sosial şəbəkələrdə belə xidmətlər təklif edən bir neçə səhifə ilə maraqlandıq. Məlum oldu ki, yazılar sifariş olunan mövzu üzrə təcrübəsi və biliyi olan şəxslər tərəfindən yazılır. İşlərin ölçüsü, forması və məbləği mövzudan mövzuya, universitetdən universitetə görə dəyişir. Yəni hər bir universitetin öz qaydalarına əsasən, məqalə və ya təqdimat tələb edilə bilər, bütün bunlar tələbənin istəyinə uyğun şəkildə tam hazırlanaraq təhvil verilir. Hətta sonda yazıların plagiatlılığı da yoxlanılır, surətini çıxarma amili minimuma endirilir.

Xidmət müqabilində tələb olunan ödəniş məbləği əsasən mövzunun çətinlik dərəcəsinə görə müəyyənləşir.

Qiymətlərə gəlincə, buraxılış işləri 400-500, dissertasiya işləri isə, 600-1000 manata başa gəlir.

Bəs, universitetlər bu işlərinin tələbələr tərəfindən yazılıb-yazılmadığını necə müəyyən edir?
Bakı Dövlət Universitetindən (BDU) sorğuya cavab olaraq bildirilib ki, BDU-da bütün elmi işlər, dissertasiyalar, buraxılış işləri həm məzmun, həm də oxşarlıq meyarları üzrə yoxlanılır:

“Məzmun plagiatı mütəxəssislər tərəfindən, oxşarlıq plagiatı isə xüsusi antiplagiat proqramı vasitəsilə yoxlanılır. BDU-da həmçinin Antiplagiat Komissiyası fəaliyyət göstərir”.

Azərbaycan İqtisad Universitetinin (UNEC) Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin rəhbəri, dosent Söhrab İsayev bildirilib ki, magistrant dissertasiyanın yerinə yetirilməsi ilə bağlı ümumilikdə 4 dəfə hesabat verir:

“Həmin hesabatlarla əlaqədar ən azı 2 dəfə monitorinq keçirilir. Deyilən kateqoriyadan olan işlərin mütləq əksəriyyəti həmin monitorinq zamanı aşkarlanır və onlar qəbul edilmir”.

Azərbaycan Dövlət Pedaqoji Universitetindən (ADPU) isə məlumat verilib ki, buraxılış və dissertasiya işləri akademik plagiatlığa qarşı “StrikePlagiarism.com” antiplagiat sistemi ilə yoxlanılır:

“Sistemin tətbiq edilməsi ilə elmi işlərin orijinallığının yoxlanılması prosesi şəffaflaşdırılıb. Bununla belə, elmi işlərin orijinallığının yoxlanılması antiplagiat proqramında yoxlanışdan keçirilmə ilə yekunlaşmır. Elmi işlərin həm müdafiəsi, həm də müdafiədən əvvəlki müzakirə proseslərində tədqiqatçı elmi işin məzmunu, araşdırma və hazırlanma prosesi, istifadə olunan tədqiqat metodları barədə məlumat verir və hesabatlar təqdim edir. Tələbə bununla bağlı ixtisaslaşdırılmış Şuranın üzvləri tərəfindən ünvanlanan sualları cavablandırır. Bu prosedur təqdim edilmiş elmi işin orijinallığı və tədqiqatçının özü tərəfindən hazırlanmasını müəyyən etmək üçün yetərli əsas verir”.

Tələbə məsuliyyətsizliyi, yoxsa aidiyyəti qurumların tədbirsizliyi?
Mövzu ilə bağlı təhsil eksperti Adil Vəliyev ” bildirib ki, tələbələr vaxtlarını itirməmək üçün belə xidmətlərə müraciət edirlər:

“Sözsüz ki, bu, heç də yaxşı bir hal deyil. Hər bir tələbə təhsilin növbəti pilləsi üçün ona veriləcək işləri özü hazırlamalıdır. Bir də bu, bir təhsil xidmətidir. Bəzən tələbələr elmi işləri özləri yazmaq istəmir, çünki buna ayıracaq vaxtlarını digər səmərəli işlərə də yönəltmək istəyirlər. Çünki dissertasiya və buraxılış işləri hazırda bir forma üzə yazılır, daha sonra ona baxan olmur.

Əslində isə, mövzunu müdafiə və ya müəyyən yenilikləri təqdim edəndə həmin yeniliklər üzərində müəyyən dərəcədə araşdırmalar edilməlidir. Sadəcə, bu məsələyə çox ciddi yanaşmırlar. Ona görə diplom işi və dissertasiyaların yazılması üçün xüsusi xidmətlər ortaya çıxıb. Həmin şəxslər çox professional şəkildə müəyyən məbləğ qarşılığında yazıları plagiatdan da keçirib tələbələrə təhvil verirlər”.

Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Ceyhun Məmmədov düşünür ki, bu problem olduqca ciddidir və yalnız bu gün üçün aktual deyil.

“Dünyanın müxtəlif ölkələrində bunun yaşandığını görürük. Ciddi bir məsələdir. Bununla bağlı zaman-zaman müzakirələr aparılır. Qarşısının alınması sadə proses deyil. Müəyyən zamana ehtiyac var. Dövlət qurumları, aidiyyəti strukturlar bu istiqamətdə addımlar atmalıdırlar. Gənclər özləri gedib bu işi yazdırırlar. Bu da plagiatın bir başqa formasıdır”, — deputat qeyd etdi.

Onun sözlərinə görə, problemin həlli üçün gənclərin üzərinə də müəyyən məsuliyyət düşür:

“Gənclər bu əməllərdən qaçmalıdırlar. Bunu biznesə çevirən insanlara qarşı addımların atılmasına da ehtiyac var. Bu məsələ ciddi şəkildə diqqətdə saxlanılmalıdır”.

Qanunvericilik nə deyir?

Vəkil Səməd Vəkilov qeyd edib ki, bu problemlə mübarizə üzrə qanunvericilikdə hər hansı cinayət məsuliyyəti olmadığı üçün xüsusi cəza halı yoxdur:

“Keçmiş SSRİ dövründən pulla dissertasiya yazdırılması ənənəsi əksər respublikalarda hələ də davam etməkdədir. Cinayət məsuliyyəti məsələsinə gəldikdə, onu qeyd etməliyəm ki, nəzərdə tutulan cinayət əməli (ictimai təhlükəli əməl) Cinayət Məcəlləsində təsbit edilməlidir. Lakin belə bir norma olmadığı üçün bu işlə məşğul olan subyektləri (yazan və yazdıran) cinayət məsuliyyətinə cəlb etmək mümkün deyil.

Azərbaycanda saxta elmi iş vasitəsilə özünə karyera quran şəxslər heç də az deyil. Bu insanlar danışanda daşıdığı elmi dərəcənin ona aid olmadığını dərhal hiss edirsən. Bu, bizim sovetlər dönəmindən qalan bəlamızdır”.

Aidiyyatı dövlət qurumu: Bu, qlobal problemdir!

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən (EATDA) sorğuya cavab olaraq bildirilib ki, buraxılış və dissertasiya işlərinin başqası tərəfindən yazıldığını aşkarlamaq, onu sübut etmək kifayət qədər çətindir:

“Bu məsələ qlobal problemdir. Təəssüf ki, bütün dünyada bu cür hallar getdikcə daha geniş vüsət alır. Belə halları aşkarlamaq və sübut etmək kifayət qədər çətindir. İndiyədək Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə bu məsələ ilə bağlı müraciət və ya şikayət daxil olmayıb. Azərbaycanda bu cür hallar aşkarlanarsa, müəlliflik hüququnun, elmi dərəcənin və elmi adın ləğvi istiqamətində müxtəlif tədbirlər görmək olar. Lakin bunlar Elm və Təhsil Nazirliyinin deyil, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının və Əqli Mülkiyyət Agentliyinin səlahiyyətlərinə daxildir”.

EATDA-dan qeyd edilib ki, bununla yanaşı, elm və ali təhsil müəssisələrində də əlavə tədbirlər həyata keçirmək mümkündür:

“Məsələnin Elmi Şurada müzakirə olunması, müxtəlif cəza tədbirlərinin tətbiqi, daha ciddi hallarda hüquq-mühafizə orqanlarına müraciət edilməsi buraya aid edilə bilər. Hesab edirik ki, bu tipli məsələlərlə yalnız ayrı-ayrı təşkilatlar deyil, respublikanın bütün elmi ictimaiyyəti mübarizə aparmalıdır”.

Qeyd edilənlərdən belə nəticə çıxır ki, elmi işlərin yazdırılması yalnız bir tələbənin deyil, bütün cəmiyyətin məsələdir. Burada “sağlam yanaşma sağlam gələcəkdir” prinsipi hər bir fərd və qurum üçün prioritet olmalıdır.

 

araz.az xəbər portalı.