NATO rəhbərinin müharibə dövründə Ukraynada ölən və yaralananların sayı barədə verdiyi açıqlama doğrudan da dəhşət doğurur. araz.az bildirir ki, “Ukraynadakı münaqişə 1 milyondan çox insanın ölümünə və yaralanmasına səbəb olub” — deyən Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Baş katibi Mark Rutte bu rəqəmi dilə gətirərkən özü həyəcanlanıb. 

“Ukraynada hər həftə hər iki tərəfdən 10 mindən çox insan ölür və ya yaralanır. 2022-ci ilin fevralından indiyədək qurbanların sayı 1 milyonu ötüb”, — Rutte deyib.

Rutte həmçinin qeyd edib ki, Ukrayna münaqişəsi hər gün daha çox dağıntılara və yeni itkilərə səbəb olur. Dekabrın 3-də Ukrayna Prezidenti Volodimir Zelenski də bildirib ki, ölkə müharibə başlayandan bəri,  Rusiya ilə döyüşlərdə 80 mindən az əsgər itirib.

Sentyabrda “The Wall Street Journal” döyüşlər zamanı Ukrayna Silahlı Qüvvələrinin 400 minə yaxın hərbçisinin müxtəlif dərəcəli xəsarətlər aldığını, daha 80 min Ukrayna əsgərini xilas etmək mümkün olmadığını yazıb.

Xatırladaq ki, 2021-ci ildən başlayaraq, Rusiya Ukrayna ilə sərhədi yaxınlığında, o cümlədən qonşu Belarus daxilində böyük hərbi qüvvə yaratdı. Rusiya prezidenti Vladimir Putin NATO-nun genişlənməsini tənqid edib və Ukraynanın bu hərbi alyansa qoşulmasına qadağa qoyulmasını tələb edib. O, həmçinin ağlagəlməz fikirlər səsləndirib və Ukraynanın mövcud olmaq hüququnu şübhə altına alıb.

21 fevral 2022-ci ildə Rusiya Donetsk Xalq Respublikasını və Luqansk Xalq Respublikasını müstəqil dövlət kimi rəsmən tanıdığını bəyan edib. Üç gün sonra isə,  Putin televiziya ilə yayımlanan veriliş zamanı, Ukraynada “xüsusi hərbi əməliyyat” keçiriləcəyini elan edib. Elə, bu da, Ukrayna ərazisində genişmiqyaslı işğalın başlanğıcı olub.

Rusiyanın bu işğal siyasəti beynəlxalq səviyyədə pislənir və bu, bir çox ölkələrin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə və mövcud sanksiyaların gücləndirilməsinə gətirib çıxarır.

Onu da qeyd edək ki, Rusiya 2022-ci ilin aprelin əvvəlində şiddətli müqavimət fonunda, Kiyevi ələ keçirmək cəhdindən əl çəkib. Ukraynanın cənub və şimal-şərqdəki əks-hücumları avqust ayından bəri güclənib və əhəmiyyətli əraziləri geri alıb. Sentyabrın sonlarında Rusiyanın Cənubi və Şərqi Ukraynanı özünə birləşdirməsi baş verib və bu geniş qınaqla qarşılanıb. Davam edən genişmiqyaslı müharibə böyük bir qaçqın böhranı və on minlərlə insanın ölümü ilə nəticələnib. Nəticə isə, göz qabağındadır: Ölən və ağır dərəcəli yaralıların sayı, Ermənistanda bu gün yaşayan əhalinin yarısına bərabər olub. 

İqbal BƏHRAMOĞLU,

araz.az xəbər portalı.