0223EB0F 7B41 41B4 870B F80C5B5C0B3E

Azərbaycanda vəhhabi dini təriqətinin hansı təhlükələrə yol açdığı barədə uzun zamandır müzakirələr aparılır. Düzdür, vəhhabilərin hamısını təhlükəli saymaq da yanlış olar, amma Suriyadan hər gün qara xəbərlər sözügedən təriqətin siyasi mahiyyətini ortaya qoyur. Bu hadisələrlə ənənəvi “din siyasətdən ayrıdır” tabulaşmış deyimi də özünün aktuallığını itirir. Həqiqətən də dindar öz inancını siyasətlə uzlaşdırmamalıdır və etiraf edək ki, Azərbaycanda belə dindarlar da az deyil.

Lakin Səudiyyə Ərəbistanından ixrac olunduğu iddia edilən vəhhabiliyin, sələfiliyin təsirinə düşən gənclərimizin dünyagörüşünün pozulması ciddi problemə çevrilib. Ancaq o da məlumdur ki, bir qism şəxs siyasiləşmiş dini sektaların təhlükəsini dərk edəndən sonra oradan uzaqlaşır.
Modern.az mövzu ilə bağlı etibarlı mənbələrdən maraqlı informasiya alıb. Məlumata görə, ölkədə vətəndaşlarımızın Suriyaya yollanmasından sonra vəhhabi təriqətinə mənsub bir çox şəxslər buna etiraz edərək, təmsil olunduqları cərəyandan ayrılmaq qərarı veriblər. Bu, vəhhabilər olan bütün bölgələrdə müşahidə olunur.
Diqqətçəkən məqam ondan ibarətdir ki, bu prosesin əsas ağırlıq yükü daha çox Qaradağın Müşfiqabad qəsəbəsinin üzərinə düşür. Məlumata görə, həmin qəsəbədə 12 min vəhhabinin 11 min 700-ü üzv olduqları dini təriqətdən uzaqlaşıb. Bu, son üç ayda baş verən proseslərin göstəricisidir. Mənbənin sözlərinə görə, Azərbaycanın bölgələrində də radikalizmdən uzaqlaşma meylləri müşahidə olunur.
Məlumat üçün deyək ki, Müşfiqabad qəsəbəsində fəaliyyət göstərən sələfi əqidəli şəxslərin ibadət etdiyi məscid bağlanıb. Adıçəkilən məscidin imamı Mübariz Qaçayevin gənclərin Suriyaya göndərilməsində rol oynaması ilə bağlı ittihamlar səslənirdi.
Onu da qeyd edək ki, Suriya ilə bağlı sələfi liderləri olan Qamət Süleymanov və Əlixan Musayev arasında yaranan fikir ayrılığı qalmaqal həddinə gəlib çıxmışdı. Q.Süleymanov Ə. Musayevi radikallıqda günahlandıraraq onu Suriyaya vətəndaşların yollanmasında iştirakda ittiham etmişdi.

araz.az xəbər portalı.