Barəsində bir ildən çoxdur yazdığımız “SOCAR-AQŞ”-nin qurama ittihamlarla həbsə atılan sabiq Baş direktoru Ramin İsayevin şəxsi portret cizgiləri əsasında qələmə aldığım son yazımın araz.az-da dərcindən dərhal sonra, redaksiyamıza edilən telefon zənglərinin ardı-arası kəsilməyib; Şəxsiyyətinə uyğun gəlməyən və sifarişli həbsinin təşkili üçün uydurulan böhtan və uydurmalara görə, bunları öncədən düşünən əsas günahkarlar ictimai qınaq məngənəsindədirlər. Əsassız iddialarına görə, zəng edənlər günahkarlar barəsində xoş olmayan nələr demirlər?
Bəli, zəng edənlərin əksəriyyəti bu yazı qəhrəmanının həyat yolunun, xalq və millət sevgili hərtərəfli fəaliyyətinin doğma Vətənimiz Azərbaycanla sıx bağlı olduğunu bizdən də yaxşı bilənlərdir. Zəng edərkən, onlar sanki bizimlə danışmır, hansısa istintaq orqanında ifadə verərək, Ramin İsayevin haqlı müdafiəsi üçün əllərindən gələni əsirgəmirlər.
Doğrudan da, zəng edən narahat insanların əksəriyyəti onu bizdən yaxşı tanıyır. Yaxşı bilirlər ki, Ramin İsayev sıradan bir şəxs deyil və onun həbs olunmasının heç bir hüquqi əsası yoxdur. Onlar, hətta Ramin İsayevin günahsız olduğunu faktlarla, əsaslı sübutlarla ortaya qoymağa da çalışırlar. Belə deyirlər ki, o, neft sənayesi üzrə peşəkar mütəxəssisdir və əgər bu şəxsin potensialından lazımi səviyyədə istifadə olunarsa, o halda dövlətimiz və xalqımız onun bilik-bacarığından daha çox faydalana bilər.
Zəng edənlərdən birinin bizə təqdim etdiyi materiallar isə, bu həssas məqamda daha maraqlı alındı. Düz 24 il əvvəl dövlətin iki rəsmi qəzetində — “Xalq qəzeti”ndə və “Бакинский рабочий”də Ramin İsayev barəsində dərc olunan iki yazıda da, onun sıradan bir şəxs olmadığı əsas mövzu kimi götürülüb. Surətlərini dərc etdiyimiz bu yazılarda, o vaxt 28 yaşı olan bu Vətən oğlu barəsində nələrdən söhbət açıldığını özünüzün oxumağınızı daha məqsədəuyğun hesab etdik. Oxuyun, nəticəsini özünüz çıxarın. Görün, belə birisinin heç nədən “dəmir barmaqlıqlar” arxasına atılmasına nə ad vermək olar?!
Qəzetləri bizə təqdim edərkən, Ramin İsayev təəssübkeşi olan həmin şəxsin bizimlə təəssüf hissi dolu söhbəti çox yanğılı alındı:
“Xalqını sevən, dövlətinə bağlı olan bir şəxs kimi tanıdığım Ramin İsayev 1972-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Zərkənd kəndində dünyaya gəlib. 1989-cu ildə orta məktəb şagirdləri arasında ölkəmizdə keçirilən fizika fənni üzrə olimpiadanın qalibi seçilib. Olduqca yaxşı oxuduğu üçün, bu xüsusi istedad sahibi Bakı Dövlət Universitetinin fizika fakültəsinə imtahansız qəbul olunub. Həmin fakültəni fərqlənmə diplomu ilə başa vuraraq, aspiranturada təhsil alıb.
Biz fəxr edirik ki, bu soydaşımız Amerikadakı dünyanın ən nüfuzlu Harvard Universitetində ali təhsilə yiyələnib, bu təhsil ocağını fərqlənmə diplomu ilə başa vurub. Hazırda dünyada gündəmdə olan Enerji və Yaşıl İqtisadiyyat, o cümlədən Yaşıl İqtisadi Artım sahəsində MİT-də xüsusi hazırlıq keçib. Artıq bu sahənin ən bacarıqlı mütəxəssisi kimi, adı beynəlxalq səviyyədə tanınanlarla bir sırada çəkilir.
1996 –1998-ci illərdə Praqa İqtisadi Tədqiqatlar və Doktoral Təhsil Mərkəzində çalışan Ramin İsayev, 2016 — 2018-ci illərdə Massaçusetts Texnologiya İnstitutunda (MİT) biznes və texnologiya magistri dərəcəsi əldə edərək, bizim ölkəmizdəki həm Dövlət İqtisad, həm də Xəzər universitetlərində tələbələrə gərəkli mühazirələr oxuyub. Bir-neçə dərsliyin müəllifi kimi, yüzlərlə tələbənin Azərbaycanda və xarici ölkələrdə yüksək səviyyəli mütəxəssis kimi hazırlanmasında yaxından iştirak edib. Belə bir nadir mütəxəssisin türmə həyatı yaşamasına məcbur edilməsini dövlətimizə qarşı qurulan bir xəyanət kimi qəbul etdiyimi bəyan edib, elə buradan bu kəskin etirazımı dövlətimizin rəhbərinə və digər aidiyyatı qurumların səlahiyyət sahibi olan şəxslərinə çatdırıram.
Elə, sizə təqdim etdiyim hər iki rəsmi dövlət qəzetində yazılanlar da onu deyir ki, Ramin İsayev sıradan bir şəxs deyil. Lakin buna baxmayaraq, qondarma ittihamlarla onun tutulmasına nail olanlar, həbsinin reallaşması üçün hər cür iyrənc vasitəyə əl atırlar. Bu, vicdan sahibi hər kəsi dəhşətə gətirən bir aqressivlik nümunəsi deməkdir.
Mənim kimi, onu tanıyan çoxları da yaxşı bilirlər ki, ona qarşı verilən ittihamlar yalandan başqa bir şey deyil. Ramin İsayev kimi bir şəxs qətiyyən təqsirkar ola bilməz. Özü də, məhkəməsində bunu deyir. Axı, o, özünü necə təqsirli bilsin ki, nüfuz sahibi SOCAR-ın birgə müəssisəsi olan “SOCAR-AQŞ”-dəki 12 il yarımlıq rəhbər fəaliyyəti zamanı, o, çağdaş dünyamızın tələblərinə uyğun neçə-neçə beynəlxalq ilklərə imza atıb. Bu isə, bir daha bizə onu deyir ki, o, çalışdığı bütün sahələrdəki əmək fəaliyyətini doğma Vətəninin və sevimli xalqının xoş gələcəyi naminə qurmağı bacarıb. Bu şəxsin istedadı, bacarığı, əzmkarlığı, təşəbbüskarlığı, ən əsası isə, başladığı işi məntiqi sonluğa çatdırmaq iradəsi hər kəsə nümunə olmalıdır.
O, həm də, müasirliyin əsası olan yeni texnologiyaların, internetin və rəqabətli inkişafın digər əsas təməl prinsiplərinin üzərindən girişdiyi bütün işlərdə, öz cəsarət və iti zəka keyfiyyətləri ilə çox şey əldə etməyi biləndir. Elə bunlara görədir ki, Ramin İsayev hər yerdə hər zaman ortaya çıxan bütün çətinliklərin öhdəsindən gələ bilən, sözünün üstündə duran, müasir dövrün tələbləri ilə ayaqlaşmağı bacaran, həyata real baxan, pulun dəyərini bilən, onu harada və necə xərcləməyi bacaran, öz işinin fanatı və böyük səbir sahibi bir insan kimi də özünü tanıda bilib.
Deyilən xüsusiyyətlərinə görədir ki, Ramin İsayev “SOCAR-AQŞ” kimi bir müəssisəsini sıfırdan quraraq, dünyanın hər yerindəki neft-qaz sənayesi sahəsində tanınan qurumlar sırasına çıxara bilib. Rəhbəri olduğu 12 ildən çox müddət ərzində, bu müəssisəyə milyonlar qazandırıb. İndi isə, bu milyonları aradan çıxaranlar bu müəssisənin başında durublar və Ramin İsayevin həbsdə saxlanması üçün əllərindən gələni edirlər. Bilmək istəmirlər ki, yedikləri bir gün gözlərindən gələcək. Allah böyükdür, hər şeyi görəndir və bunun tezliklə baş verəcəyinə heç kəs şübhə etməsin!”.
Bu görüşümüzün sonunda da, həmsöhbətimiz təqdim etdiyi qəzetlərdəki yazıları ictimaiyyətin diqqətinə çatdırmağı bir daha bizdən xahiş etdi.
Məhi ELSEVƏR,
araz.az xəbər portalının xüsusi müxbiri.
araz.az xəbər portalı.